MDB dövlətlərinin Baş prokurorlarının iclası keçirildi
Bizi izləyin

Nida Xəbər

MDB dövlətlərinin Baş prokurorlarının iclası keçirildi

Oktyabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) videokonfrans formatında 30-cu yubiley iclası keçirilib.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, MDB prokurorluq orqanlarının və Beynəlxalq Prokurorlar Assosiasiyası rəhbərlərinin iştirak etdiyi iclasda ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Əlaqələndirmə Şurasının yaradılmasının 25 illiyi münasibəti ilə tədbir iştirakçılarını, o cümlədən Rusiya, Belarus və Moldova Baş prokurorlarını vəzifəyə təyin olunmaları ilə əlaqədar təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir. Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurularaq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmışdır. İslahatlar çərçivəsində Baş Prokurorluğun İstintaq və Prokurorluqda istintaqa nəzarət idarələrinin funksiyaları, habelə ibtidai araşdırmaya prosessual nəzarətin həyata keçirilməsi sahəsində mütərəqqi yeniliklər barədə məlumat verilib.

Beynəlxalq tədbirdə iclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutub.

Baş prokuror qeyd etmişdir ki, hazırda qeyd olunan faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 26 cinayət işi başlanmış, hazırda ərazidə həyati təhlükə olmasına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Bildirilmişdir ki, 27 sentyabr tarixindən bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olmuş, 148 mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılmışdır.

Məsələyə dair Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri çərçivəsində və sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.

Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanmışdır. Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov BPƏŞ-in növbəti il üçün sədri seçilmiş, həmçinin Şuranın 31-ci iclasının 2021-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm