Vəzifəsindən asılı olmayaraq qanunu pozan istənilən məmur... - Professor
Bizi izləyin

Nida Xəbər

Vəzifəsindən asılı olmayaraq qanunu pozan istənilən məmur... - Professor

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev bildirib ki, E.Səlimovun polisi döyməsi Azərbaycan qanunlarını kobud pozması deməkdir.

Publika.az-a müsahibə verən ekspert vəzifəsindən asılı olmayaraq, qanunu pozan istənilən şəxsin qanun qarşısında cavab verəcəyini deyib.

- İsaxan bəy, polis əməkdaşını döyməkdə ittiham olunan millət vəkili Eldəniz Səlimovun toxunulmaz hüququ əlindən alına bilərmi?

- Milli Məclisin komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib. Lakin deputatın toxunulmazlığının konkret cinayət əməlinə görə ləğv edilməsi onun təqsirkar olması demək deyil. Hazırda Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb və istintaq davam edir. Əgər istintaqın gedişində deputatın konkret cinayət əməli törətməsi sübut olunarsa, istintaq materialları məhkəməyə göndəriləcək.

- Bir millət vəkilinin polis əməkdaşını döyməsi haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, heç kimin polis əməkdaşlarına əl qaldırmasını və ya təhqir etməsini dəstəkləmək olmaz. Çünki Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında polis əməkdaşlarının rolu müstəsnadır. Bu xidmətə görə Azərbaycan vətəndaşı öz polisini dəstəkləməlidir. Lakin polis ədalətsizliyə yol verirsə, öz vəzifə borcunu yerinə yetirərkən vəzifədən sui-istifadə hallarına yol verirsə, etik qaydaları pozursa, belə polislərə bəraət qazandırmıram. Bütün hallarda gözləməliyik, prokurorluq tərəfindən qaldırılmış cinayət işi istintaq edilməli, öz məntiqi nəticəsini tapmalıdır. Toxunulmaz hüququn aradan qaldırılması o demək deyil ki, Eldəniz Səlimov deputat deyil, sadəcə prokurorluq həmin şəxsi cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həll edilməsi hüququ əldə edir. Hələ Milli Məclisdə də bu məsələ müzakirə olunmalıdır. Baxılandan sonra həmin şəxsin nə dərəcədə günahkar olduğuna aydınlıq gələcək, buna siyasi qiymət veriləcək. Hüquqi qiymət isə prokurorluun apardığı cinayət işinin gedişində müəyyənləşdiriləcək.

- Necə düşünürsünüz, bu hadisə zaman-zaman qanunu pozması, korrupsiya və rüşvətxorluq əməlləri ilə gündəmə gələn məmurlara dərs olacaq?

- Məmur özbaşlığını istənilən cəmiyyətlərdə var. Tarixən mövcud olan ən demokratik dövlətlərdə də məmur özbaşlığı müşahidə edilməkdədir. Məmurlar elə düşünür ki, onun yol verdiyi qanun pozuntularını heç kim görə bilməz və ya məsuliyyətə cəlb olunmazlar. Bu gün Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan cəmiyyəti saflaşmağa doğru gedir. Onun çıxışlarından sonra məmurlar haqqında səsləndirdiyi sitatlar xüsusi diqqət çəkir. Məmurlar Azərbaycan xalqına ləyaqətlə xidmət etməlidir. Bütün hallarda Azərbaycan xalqı məmurların gördüyü işlərdən razı qalmalıdır. Korrupsiya ilə ölkəmizdə ciddi mübarizə aparılır, bununla əlaqədar olaraq vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Korrupsiya ilə mübarizə artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət qulluqçularının böyük əksəriyyəti bu mübarizədə öz məsuliyyətini dərk edir. Başa düşürlər ki, bu vəzifə onlara korrupsiya ilə məşğul olmaq üçün verilməyib. Həmçinin həmişə prezidentin çıxışında eşitdiyimiz vətəndaş məmnunluğu özünün ən yüksək səviyyəsinə çatsın. Bu gün əsas məsələ vətəndaş məmnunluğunu qazanmaqdır. Vətəndaş məmnunluğunu qazanmaq isə hər şeydən əvvəl dövlət məmurlarının öz vəzifələrinə necə yanaşmaları ilə düz mütənasibdir.

- Buradan o nəticəyə gəlirik ki, vəzifəsindən asılı olmayaraq, qanunu pozan istənilən şəxs qanun qarşısında cavab verməli olacaq?

- Buna inanıram və əminəm. Bu gün biz Eldəniz Səlimovun timsalında bunu görürük. Baş Prokurorluğun bu yaxınlarda kollegiyası keçirildi. Görürəm ki, kimliyindən asılı olmayaraq hüquq-mühafizə orqanları qanunu pozmuş şəxslərə etdiyi əmələ mütənasib olaraq qanunun ən sərt üzünü tətbiq etməkdədir. Prezidetimizin bu siyasəti bu gün hüquq-mühafizə orqanları tərəfindən uğurla həyata keçirilir. Kimliyindən və vəzifəsindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və etdiyi əmələ görə layiqli cəzasını alacaq.

Biz artıq başqa bir cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə azğınlığa yer yoxdur, qayda-qanuna əməl etmək insan qiymətinin göstəricisi kimi çıxış edir. Hamı başa düşür ki, bura bizim torpağımızdır, yetişməkdə olan nəslə nümunə olmalıyıq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm