“Euroreporter” portalında Aİ-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub
Bizi izləyin

Nida Xəbər

“Euroreporter” portalında Aİ-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub

“Euroreporter.co” portalında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun Şərq Tərəfdaşlığı Sammiti öncəsi Avropa İttifaqı (Aİ)-Azərbaycan münasibətlərinin dəyərləndirilməsinə dair məqaləsi dərc edilib.

Publika.az xəbər verir ki, məqalədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı barədə ümumi məlumat verilib, Azərbaycan və Aİ arasında bu proqram çərçivəsində aparılan danışıqlar və irəli sürülən təkliflərdən bəhs edilib. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rol və ərazi bütövlüyü bərpa edildikdən sonra regionda yaranmış yeni reallıqlar oxucuların diqqətinə çatdırılıb.

Məqalənin girişində qeyd edilib ki, dekabrın 15-də Brüsseldə Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin 6-cı sammiti keçiriləcək və bu sammit 2017-ci ildən bəri Avropa İttifaqı və şərqdə yerləşən ölkələr arasında keçirilən ilk rəsmi sammit olacaq. Azərbaycan üçün isə qarşıdakı sammit 44 günlük müharibə və Ermənistan üzərində qətiyyətli Qələbədən sonra ilk sammitdir. Bu, həmçinin Azərbaycanın Aİ ilə münasibətlərinin gələcəyi və ehtimal ki, tərəflərin bir neçə ildən bəri ətrafında müzakirələr apardığı yeni çərçivə sazişinin layihəsi haqqında danışmaq üçün də mühüm fürsət olacaq.

Məqalədə oxuculara Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq üçün təqdim etdiyi hüquqi baza haqqında geniş məlumat verilib. Bildirilib ki, 2010-cu ildə Aİ tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinə yeni tipli hüquqi baza, yəni Assosiasiya Sazişi təklif edildi. Azərbaycan hökuməti 2013-cü ildə bu sənədin əleyhinə çıxış edərək, Brüssel ilə münasibətlərin strateji və bərabərhüquqlu xarakterini poza biləcək istənilən sazişə qarşı olduğunu bəyan etdi. 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə Riqa Sammitində Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş yeni təklif – Strateji Tərəfdaşlıq Sazişi üzərində danışıqlar başladı. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə danışıqlarda əsas mübahisəli məqam olan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinə də aydınlıq gətirib və bildirib ki, Azərbaycanın ixracının əsasını neft və qaz təşkil etdiyinə görə, hələlik ÜTT üzvlüyünün vaxtı çatmayıb.

Müəllif qeyd edir ki, danışıqlar ləng irəliləsə də, Aİ və Azərbaycan arasında hərtərəfli iqtisadi əməkdaşlıq (xüsusilə də enerji sahəsində) tərəflərin danışıqlar prosesini müsbət yekunlaşdırması üçün stimulverici amildir. Azərbaycanın ümumi ticarətində Aİ böyük paya malikdir, Azərbaycan isə öz növbəsində Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2020-ci ilin dekabr ayında Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracına başlayıb və əgər Türkmənistanın layihədə iştirakı ilə bağlı danışıqlar uğurla başa çatarsa, bu kəmərin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti xeyli artacaq. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan qazını alan ölkələrin təminatın davamlılığı ilə bağlı problemlə üzləşmədiyini vurğulayıb: “Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir”.

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi də bu ölkənin Aİ ilə münasibətləri üçün yeni şanslar açır. Belə ki, Aİ-nin regiona münasibətdə həm Ermənistan, həm də Azərbaycan üçün məqbul yanaşma ilə çıxış etməsi çətin olub. Rəsmi Yerevan Aİ-dən Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı öz müqəddəratını təyinetmə prinsipini vurğulamağı tələb edir, Azərbaycan isə Brüsseli ərazi bütövlüyünə qonşuluqdakı digər münaqişələrə münasibətdə sərgilənən mövqe ilə eyni şəkildə davranmağa çağırırdı. Azərbaycanın ötən il ərazi bütövlüyünü bərpa etməsi və ərazilərinin işğalına son qoyması, cari ilin noyabr ayında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə danışıqların başlanması çox güman ki, Aİ-nin region ölkələri ilə əlaqələri üçün daha əlverişli siyasi mühit yarada biləcək.

Müəllif qeyd edir ki, müharibədən sonrakı vəziyyətin yaratdığı imkanlardan səmərəli istifadə etmək üçün Aİ region ölkələrinə eyni münasibət bəsləməli və regiona münasibətdə öz siyasətində onların narahatlıqlarını nəzərə almalıdır. Buna misal kimi bu ilin yayında Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yardım paketinin açıqlanmasından sonra Brüssel Azərbaycanda tənqidə tuş gəlib. Azərbaycanın tamamilə dağıdılmış Qarabağ bölgəsinin minalardan təmizlənməsi və reabilitasiyası ehtiyaclarını nəzərə almayan Aİ Azərbaycana Gürcüstan (3,9 milyard avro) və Ermənistandan (2,6 milyard avro) əhəmiyyətli dərəcədə az (200 milyon avrodan az) yardım ayırıb. Avropa İttifaqı investisiya paketinin əsl mahiyyəti və məqsədləri ilə bağlı suallara səbəb olan, Aİ-nin azərbaycanlılar arasında imicinə mənfi təsir göstərən bu uyğunsuzluğa inandırıcı izahat verə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm