Nida Xəbər
Qərb Ukraynaya silahı çay qaşığı ilə verir – Zərdüşt Əlizadə - MÜSAHİBƏ
Politoloq Zərdüşt Əlizadə Publika.az saytına müsahibə verib.
Müsahibəni təqdim edirik.
– Zərdüşt müəllim, Türkiyə və Avropa İttifaqının birgə parlament komitəsinin sədri İsmayıl Əmrah Karayel Rusiya, ABŞ, Almaniya, Britaniya və Fransa arasında danışıqların İstanbulda keçirilməsini təklif edib. Türkiyənin regionda son vaxtlar aktiv rol oynamasını, o cümlədən taxıl sazişinin bu yay İstanbulda imzalanmasını nəzərə alaraq belə bir təklifin irəli sürülməsinə münasibətiniz necədir? Sizcə, onun həyata keçirilməsi mümkün olacaqmı?
– Təklif mahiyyət baxımından nəcib təklifdir. Yəni, Türkiyə tərəfi müharibənin şiddətlənməsi, dünya müharibəsinin başlanması, nüvə müharibəsinin başlanması təklifini irəli sürməyib. Danışmağı təklif edib. İstənilən danışıq da qarşıdurmanı səngitməyə, gərginliyi azaltmağa xidmət edir. İstənilən danışıq havasız fəzada baş vermir. Konkret ictimai-siyasi şəraitdə baş verir. Rusiya azğıncasına Ukraynaya hücum edib, Ukraynada on minlərlə insan öldürülüb, ölkəyə yüz milyardlarla dollar ziyan vurulub. İndi də raket-bomba yağdırmaqla məşğuldur. Beynəlxalq hüququn bütün ağlasığan müddəalarını, meyarlarını pozur. Onun yerində başqa dövlət olsaydı, onu artıq çoxdan ram etmişdilər. Amma Rusiyanın nüvə-raket silahı var. Heç kim də nüvə silahı olan dövlətlə müharibə aparmaq istəmir. Sadəcə ona qarşı Qərb iqtisadi cəza tədbirləri – sanksiyalar tətbiq edir. Bu sanksiyalar uzun müddətdən sonra Rusiyanı bihal edəcək. Amma ani olaraq səmərə vermir. Hər halda Qərb Ukraynaya silah verir, ancaq çay qaşığı ilə verir ki, Ukrayna həddən artıq güclənib Rusiyanı darmadağın eləməsin və Rusiya nüvə silahından istifadə etməyə məcbur qalmasın. Yəni, Qərb də özünü, öz xalqını, bəşəriyyəti düşünür. Məsuliyyət hissi var. Rus mediasının Qərb siyasi liderləri haqda "Bayden qocadır, sarsaqlayır", "Makron zəifdir", "Şolz heç kimdir" yazması boş söhbətdir. Bu adamlar dövlət, qanun, bəşəriyyət qarşısıda məsuliyyət daşıyırlar. Bunlar özlərini lotu kimi apara bilməzlər. Ona görə də onların məsuliyyətini, mədəniyyətini, xalq qarşısındakı cavabdehliyini zəiflik kimi qiymətləndirmək kökündən yanlışdır.
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət Ukraynada ən pis sülhün əldə edilməsinin müharibənin davam etdirilməsindən daha yaxşı olacağını bildirib. Bu baxımdan qan tökülməsini dayandırmaq mümkündürmü?
– Mümkündür. Yalnız Rusiyanın vəziyyəti ağırlaşsa, Rusiya daxilində hansısa kəskin siyasi böhran başlasa, Rusiya öz mənəm-mənəmlik, ağalıq iddialarından geri çəkilməyə məcbur olsa, gerçəkliyi dərk etməyə başlasa o zaman onunla oturub danışmaq lazımdır. İndi danışmağın nə mənası var? İndi Rusiya deyir ki, mən BMT üzvü olan suveren dövlətin təhlükəsizliyinə təminat verdim, onun 4 vilayətini qəsb edib özümə birləşdirdim. Bu ölkə ilə nə danışasan? Lotudur da, bıçağı Ukraynanın boğazına dirəyib, deyir ki, Ukrayna təslim olsun, yoxsa kəsəcəm. Bu cür ölkə ilə nə danışmaq olar? Ona görə də Qərb gözləyir ki, Rusiya bir az həm müharibə səhnəsində, həm də siyasi səhnədə zəifləsin. Ondan sonra əlbəttə ki, danışıqlar olacaq.
– Ancaq Rusiyanın nəhəng potensialı var: istər təbii sərvətlər, istərsə də insan resursları baxımından. Əslində demək artıqdır: siz bunu yaxşı bilirsiniz. Bu baxımdan Rusiyanın çökəcəyini gözləmək nə dərəcədə düzgündür?
– Qərb Rusiyanın tam çökəcəyini gözləmir. Amma düşünür ki, birincisi, Rusiya iqtisadiyyatında artan xətlə tənəzzül, böhran əlamətləri özünü göstərir. Rusiya təcrid olur. Belə olan şəraitdə həm də əhalinin güzəranı pisləşir, inflyasiya, bahalaşma artır. Hətta hakim zümrədən narazıdır ki, a balam, bizi nə üçün dünyadan təcrid etmisən? Bizə Ukrayna ilə müharibə lazım idi? Lazım deyildi.
– Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatında dönüş anı noyabr-fevral aylarında baş verə bilər. Onun sözlərinə görə, buna Rusiya Federasiyasında elan edilən qismən səfərbərliyin də təsiri ola bilər. “Əgər Rusiya Federasiyası keyfiyyətli səfərbərlik həyata keçirsə, qruplaşmasını texniki vasitələrlə və qabaqcıl silahlarla təmin edərsə, o zaman hərbi əməliyyatlar həlledici mərhələyə keçəcək. Bizim hesablamalarımıza görə, bu ilin noyabrı ilə gələn fevral ayları arasında dönüş nöqtəsi olacaq”, - deyə cənab Tertel bildirib. Sizin bu fikrə münasibətiniz necədir?
– Siz ona fikir verməyin. Siz daha təcrübəli, hərbi sahəni elmi əsaslarla təhlil edən mütəxəssislərin rəyinə fikir verin. Onlar hamısı deyir ki, Rusiyanın qələbə çalmaq şansı sıfıra bərabərdir.
– Krım körpüsündəki partlayışdan sonra Rusiya bütün Ukrayna vilayətlərinə raket-artilleriya zərbələri endirir, mülki infrastruktur dağıdılır. Ölkənin elektrik enerjisi və su ilə təminatında ciddi çətinliklər yaranıb. Zəruri həyat şərtlərinin çatışmazlığı şəraitində Ukrayna hökumətinin təslim olacağını gözləmək mümkündürmü?
– Yox. Əksinə, bütün bu barbar hərəkətlər Ukrayna xalqının öz dövlətini, Vətənini, torpağını qorumaq əzmini daha da gücləndirir. 1941-ci ildə Sovet İttifaqının vəziyyəti çox ağır idi. 1,5 milyon əsgər əsir düşmüş, alman faşistləri gəlib Rusiyanın paytaxtını az qala tutmuş, ikinci böyük şəhərini mühasirəyə almışdılar. Nə oldu? Xalq toparlandı, cavab verdi, rədd etdi, döyüşdü. 42-də, 43-də ağır döyüşdü, 44 və 45-də qələbə əldə etdi. Ukrayna xalqı da mən əminəm ki, qalib gələcək. Ukrayna xalqını diz çökdürmək mümkün deyil. Rusiya qalib tərəf ola bilməz. Təsəvvürə gətirin ki, dünya iqtisadiyyatında Rusiyanın payı 1,8-2 faiz, Qərbin payı 50 faizdir. 2 faiz 50 faizə qalib gələ bilərmi? Qərb bütün imkanlara malikdir. Rusiya qarmağa keçib, mən həm əminəm, həm də ümid edirəm ki, Rusiya cəzasını alacaq.
Səxavət Həmid
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...