Nida Xəbər
Kamaləddin Qafarov: "Azərbaycanla təhdid dilində danışmaq olmaz"
“İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib və bu münasibət heç zaman İslam həmrəyliyi formatına uyğun olmayıb. Əksinə, məscidləri dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan Ermənistanla münasibətlərində İran hər zaman səmimi və həmrəy olub. İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək ən real göstəricilərdir. Lakin İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Lakin Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti, xalq-iqtidar birliyi və əlbəttə ki, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının effektiv fəaliyyəti belə cəhdlərin qarşısının dərhal və qətiyyətlə alınmasını təmin edib. Bu səbəbdən biz bu gün artıq ölkəmizə qarşı silahlı təxribatların bilavasitə İranın öz ərazisində düzənləndiyinin şahidi oluruq.”
Publika.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat səfirlik ərazisinin yerləşdiyi dövlətin ərazisi hesab olunmadığını vurğulayaraq, bu gün Tehranda baş vermiş Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu bilavasitə ölkəmizə qarşı terror aktı kimi qiymətləndirib:
"Yanvarın 27- də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum növbəti dəfə ölkəmizə qarşı həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olub. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Məlumdur ki, istənilən səfirliyin ərazisi onun təmsil etdiyi ölkənin ərazisi hesab olunur və bu ərazinin təhlükəsizliyi onun yerləşdiyi ölkə tərəfindən təmin edilir. Bu baxımdan Azərbaycan səfirliyinin də mühafizəsinin təmin olunması bilavasitə İran hökuməti tərəfindən həyata keçirilməli idi. Lakin reallıqda biz bu mühafizənin ya simvolik şəkildə təşkil olunduğunu, ya da ümumiyyətlə olmadığını gördük. Digər tərəfdən də İran hakimiyyətinin ölkəmizə qarşı yürütdüyü düşmənçilik təbliğatı anti-azərbaycan qüvvələrini bir qədər də ruhlandırır, onlara daha geniş qol-qanad açmaq üçün şərait yaradır. Böyük ehtimalla, Azərbaycan səfirliyinə silahlı hücumu təşkil edən və onu həyata keçirən qüvvələrin maraqları İran hökumətinin qarşısına qoyduğu məqsədlərlə üst-üstə düşür. Əks halda bu qanlı hadisənin izahını vermək üçün beynəlxalq ictimaiyyətə Tehran polisinin hansısa absurd açıqlamaları təqdim olunmazdı. Çox təəssüflər olsun ki, İran hökumətinin öz daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılması istiqamətində atdığı addımlar son vaxtlar bir qədər də intensivləşib. Əslində bir ölkənin səfirliyinə olunan hücum elə həmin ölkənin birbaşa ərazisinə olunan hücum kimi qiymətləndirilir. Digər tərəfdən də İran ölkəmizdə dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə və təhdid dilində danışmaq heç kimə fayda verməz".
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...