Nida Xəbər
Mühacirət tariximizdə yeni kitab: Türkiyənin inkişafında rolu olan azərbaycanlılar
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, layihə rəhbəri Qəzənfər Bayramov tədbiri giriş sözü ilə açıb.
Bildirib ki, müasir Türkiyədə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasında və bərqərar olmasında rol oynamış azərbaycanəsilli şəxslərin, o cümlədən Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Əziz Alpout, İbarahim Cahangirzadə, Əli Əkbər Tufan və başqalarının fəaliyyətinin öyrənilib təbliğ edilməsinə ehtiyac var.
Onun sözlərinə görə, “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin hazırladığı “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabı bu istiqamətdə ilk sistemli işlərdən biri olmaqla mühüm bir tədqiqat istiqamətinin inkişafına, siyasi tariximizin mühüm dövrü və istiqaməti haqqında mövcud ağ ləkələrin aradan qaldırılmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə verə bilər: “Layihə çərçivəsində Azərbaycan və Türkiyə arxivlərində aparılmış araşdırmalar, XX əsrin əvvəllərində yaşamış azərbaycanəsilli türk siyasi xadimlərinin varisləri ilə müsahibələr, ailə arxivləri əsasında hazırlanan məqalələr maraq doğurur. Xüsusən İqdır Milli Cümhuriyyətinin, Cənub Qərbi Qafqaz Cümhuriyyətinin qurucuları olan azərbaycanəsilli siyasətçilərin fəaliyyəti haqqında Azərbaycanda məlumat qıtlığının aradan qaldırılmasında kitabın əhəmiyyətli olacağını, həmin materialların gələcəkdə bu istiqamətdə aparılacaq daha geniş tədqiqatlar üçün ciddi mənbə rolu oynayacağını düşünürük. Kitabda Türkiyənin şərq vilayətlərinə digər dövlətlərin iddialarının, eləcə də həmin vilayətlərin əhalisinə qarşı kütləvi qətliamların qarşının alınmasında azərbaycansəilli siyasətçilərinin müstəsna rol oynaması haqda qənaətlərin daha geniş əsaslandırılmasına ehtiyac var”.
Təqdimata internet üzərindən qatılan İqdır Cümhuriyyətinin qurucusu Hacı Ələkbər Ramazanoğlunun nəvəsi Ələkbər Tufan yeni kitabın çap edilməsində əməyi olan hər kəsə minnətdarlığını çatdırıb.
Bildirib ki, zaman-zaman bölgədə soyqırımı cinayətlərinin törədilməsi şəraitində bir çox ziyalıların iştirakı ilə milli mübarizə aparılıb. Onun sözlərinə görə, təqdimatı keçirilən kitabda həmin mübarizədə rol alan, İrəvan xanlığının Türk dünyasına xatirəsi sayılan, xalqının gələcəyi naminə əsl fədakarlıq nümunəsi göstərən ziyalılar, onların fəaliyyəti haqqında dəyərli məlumatlar yer alıb. Yeni nəşr İqdır və Cənub Qərbi Qafqaz Cümhuriyyətlərinin yaranmasına, onların qurucu liderləri Hacı Əliəkbər və və fəaliyyətinə, həmçinin Difai və Təşkilati Məxsusənin Şərqi Anadoludakı fəaliyyətinə işıq salıb, yeni nəsillər üçün nümunə ortaya qoyub.
Kitabın ideya müəllifi Cəmaləddin Quliyev yazdığı ön sözdə qeyd edib ki, azərbaycanəsilli ziyalılar Türkiyənin ictimai-siyasi həyatının sadəcə iştirakçıları deyildilər, onlar həm Osmanlı, həm də yeni Türkiyənin ictimai-siyasi fikrinə, milli siyasi konsepsiya və ideologiyasının formalaşmasına, institusionallaşmasına təsir edən, türk siyasətinə yeniliklər, fərqli mövzular gətirən yeni ideoloji axınlar yaratmağa qadir ideoloqlar olmuşlar:
“Keçmiş İrəvan (İrəvan və Naxçıvan xanlıqları) və Qars quberniyalarının sakinləri olan azərbaycanlılar Türkiyədə siyasi partiya quruculuğuna töhfə vermiş, daha doğrusu, Difai və Müsavatın yerli filialları buralarda siyasi fəaliyyətin ilk işartıları olmuşdu. Eyni şəxslər sonralar CHP-nin, daha sonralar qurulacaq yeni partiyaların həmin bölgələrdə ilk üzvləri və yerli təşkilat sədrləri olmuş, beləliklə, hazırda Türkiyənin şərq bölgələrində siyasi iştirakçılıq mədəniyyəti gətirmişlər. Məhz azərbaycanlılar həmin bölgələrdə ilk vətəndaş cəmiyyəti, insan haqları, qadın haqları təşkilatları qurmuşlar. Onların xidməti yalnız bununla da bitmir. Türkiyənin şərq vilayətləri - indiki Qars, İqdır, Ağrı, Ərdəhan, müəyyən qədər Ərzurum və Çorum vilayətləri uğrunda Ermənistan, Rusiya, Gürcüstan illər uzunu Osmanlı, sonra Türkiyə Respublikasına qarşı amansız müharibələr aparmış, davamlı təxribatlar törətmişdilər. Osmanlının I dünya savaşından məğlub kimi çıxması səbəbindən ordunun lazımi gücü olmadığından yerli əhalinin mübarizəsinin, siyasi baxımdan təşkilatlanmasının, özünümüdafiə dəstələri təşkil etməsinin, ən əsası, gələcəkdə tərkibində olmaq istədikləri dövlətlə bağlı tərəddüdsüz seçimlərinin həmin ərazilərin taleyində müstəsna rolu vardı”.
Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, qardaş xalqlarımızın ortaq siyasi tarixinin öyrənilməsi obyektiv yanaşmalara, bu zaman siyasi korrektliyin gözlənməsinə də ehtiyac var.
Kitabın həmmüəllifi Asif Nərimanlı bildirib ki, bu kitab mühacirət tariximizə yeni yanaşmanın gəlməsi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni Türkiyədə davam etdirən azərbaycanəsilli siyasətçilərin həm də qardaş ölkənin siyasi-ideoloji quruculuğunda mühüm rol oynadığı tarixinə işıq tutmaq baxımından əhəmiyyətli mənbədir.
Tarixçi Rasim Mirzəyev, layihənin Türkiyə koordinatoru Ramiyə Məmmədova, tarixçi alim Məshəti Əliyeva, politoloq, DİA dosenti Zaur Məmmədov, Diaspora TV rəhbəri və kitabın redaktoru Niyaz Niftiyev, Vizion TV baş redaktoru Şöhrət Əliyev və başqa iştirakçılar öz çıxışlarında kitabın ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, kitab tərcümə edilərək digər dillərdə təqdim edilməli, XX əsrin əvvəllərində Azərbaycanın və Türkiyənin, bütövlükdə Şərqin siyasi tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərimiz daha çox tanıdılmalı, bu təqdqiqatlar daha geniş dövrü və coğrafiyanı əhatə etməlidir.
-
Yaxın Şərq22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin122:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin121:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto