Nida Xəbər
Xəyanətin ifşası
Xəyanət anlayışı bir kəsin etibarına, güvəninə, verdiyi sözə və ya münasibətinə sadiq qalmamaq, onu aldatmaq, arxadan vurmaq, yəni xainlik etmək deməkdir. Dövlətə və milli maraqlara xəyanətin isə hər bir cəmiyyətə zərəri kifayət qədər yükdür. O cümlədən, ölkə başçısına xəyanət bütövlükdə xalqa, millətə və cəmiyyətə xəyanətdir. Çünki lider bir dövlətin rəmzidir.
İlk növbədə, dövlətə xəyanət milli təhlükəsizliyin zəifləməsi ilə nəticələnir. Çünki xəyanətkarlar dövlət sirrlərini, hərbi planları və ya strategiyaları düşmənə götürəndə sərhədlər təhlükəyə düşür, ordunun mövqeyi ifşa edilir, ölkə hücuma daha açıq olur və s. Bu da müharibələr dövründə xəyanətə uğrayan ölkənin məğlub olması ilə nəticələnir.
Dövlətə qarşı xəyanət, həm də ölkə rəhbərinin və ya hökumətin devrilməsinə də səbəb olur. Bu da çox vaxt ölkəni uzun illər qeyri-sabit vəziyyətdə saxlayır.
Xəyanət, eyni zamanda, bir dövlətin parçalanması, cəmiyyətin bölünməsi, iqtisadiyyatın çöküşü, xalqda hakimiyyətə etimadın sarsılması, xarici dövlətlərin müdaxiləsi, dövlət aparatının korrupsiyaya yol açması üçün ciddi əsaslar yaradır. Bir sözlə, dövlətə xəyanət həmin dövlətin inkişafının uzunmüddətli dayanması ilə nəticələnir. Çünki xəyanət nəticəsində islahatlar dayanır, inkişaf proqramları pozulur, təhsil, ordu, iqtisadiyyat ciddi zərər görür. Yəni, xəyanətlər ölkənin on illərlə geriləməsinə səbəb ola bilər.
Nəticə etibarilə dövlətə xəyanət həmin dövlət üçün təkcə cinayət deyil — strateji təhlükədir.Onun təsiri bəzən müharibədən, iqtisadi böhrandan, xarici təhdiddən daha dağıdıcı olur.
Tarixən dövlətlərin və onun liderlərinin xəyanət qurbanı olması barədə kifayət qədər faktlar var. Məsələn, Roma imperiyasında Yuli Sezarın yaxın ətrafı, o cümlədən dostu hesab etdiyi Brut tərəfindən xəyanətə uğrayaraq öldürülməsi, bəzi Osmanlı sultanlarının devrilməsi və qətlə yetirilməsi buna sübutdur. Məsələn, sultan II Abdülhəmidin taxtdan endirilməsindən bir neçə il sonra Osmanlı süqut etdi.
Tarixən mövcud olmuş Azərbaycan dövlətlərində də xəyanət hadisələri kifayət qədər baş verib. Qafqaz Albaniyasının hökmdarı Cavanşirin öz yaxın ətrafı tərəfindən öldürülməsi buna sübutdur. Yaxud, Səfəvi şahı I Təhmasibə qarşı sui-qəsd cəhdləri və digər xəyanətlər dövlətin ciddi zəifləməsinə səbəb oldu. Azərbaycan torpaqlarını birləşdirən Nadir şahın öz sərkərdələri tərəfindən xəyanətə uğrayaraq öldürülməsi isə Əfşarlar dövlətinin sonu oldu. Əlbəttə, belə faktların sayını kifayət qədər artırmaq olar. Bütün bunlar xəyanətin hansı nəticələr verdiyini göstərir.
Təəssüf ki, müasir dövrdə də dövlətə qarşı xəyanət faktları ilə rastlaşırıq. Həm də, bu xəyanət dövlətdə yüksək vəzifələr tutan şəxslər tərəfindən törədildikdə acınacaqlıdır. Buna nümunə olaraq Ramiz Mehdiyevin fəaliyyətini göstərmək olar. Son zamanlar açıqlanan faktlar Ramiz Mehdiyevin əməllərinin xəyanətin anatomiyası olduğunu göstərir. Onun dövlətə qarşı xəyanət, hakimiyyəti güc yolu ilə devirmək cəhdləri, xarici ölkələrlə gizli əməkdaşlığı bir çox mətləblərdən də xəbər verir.
İş burasındadır ki, o, öz əməllərinə radikal müxalifəti-AXCP sədri Əli Kərimlini, "Milli Şura" nın üzvü Gültəkin Hacıbəylini və digərlərini də cəlb edib. Artıq Dövlət Təhlükəsizlik Xidməti cinayət işi açaraq məsələni araşdırır. Şübhəli qismində həm Ramiz Mehdiyev, həm də onun radikal müxalifətdəki tərəfdaşları məsuliyyətə cəlb olunublar. Yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıb. Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Məlumatlara görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər. Bildirilir ki, proses Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb.
Əlbəttə, Əli Kərimlinin Ramiz Mehdiyevlə bağlılığını bir sıra faktlar da təsdiqləyə bilər. Məsələn, 2013-cü ildə Milli Şuranın Rusiya Prezidentinə göndərdiyi məktuba imza atan və necə lazımdır öhdəlik götürməyə hazır olduqlarını bəyan edən əsas şəxslərdən biri Əli Kərimli olmuşdu. Həmin ünvana Ramiz Mehdiyev də eyni niyyətlə məktub göndərmişdi. Deməli, vizual olaraq müxtəlif qütblərdə olan bu iki şəxsi eyni niyyət birləşdiribmiş. Proseslərin ardıcıllığına diqqət etdikdə bir detal da diqqət çəkir. Əli Kərimli axırıncı dəfə nə vaxt mitinq edib? 2019-cu ilin 19 yanvarında və həmin tarixə qədər Əli Kərimli mütəmadi hər həftə sonu mitinq, icazəsiz aksiya keçirirdi.
Sonradan nə baş verdi ki, meydan, küçə həvəskarı olan Əli Kərimli bircə dəfə də mitin keçirmədi və ya keçirə bilmədi? Həmin ilin oktyabr ayında Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Niyyətləri təbii ki, dəyişməsə də çox şey dəyişdi. Əli Kərimli çıxışlarında özünü Rusiyaya qarşı biri kimi göstərirdi. Bu da seçilmiş taktika idi, daha doğrusu maskalanmaq idi. Lakin adamların ümidi Rusiyaya idi. Bunlar altdan-altdan yazıb-pozurmuşlar ki, niyyətlərinə nail olsunlar. Əli Kərimli hakimiyyətə gələ bilmək üçün Kreml qulu olmağa iki əlli razı imiş. Əli Kərimli elə bir xislətin sahibidir ki, hakimiyyətə gələ bilmək üçün istənilən varianta gedər.
Lakin dövlətimiz və onun müvafiq strukturları ayıq-sayıqdır. Dövlətə qarşı xəyanət edənlərin əməlləri qısa zamanda ifşa olundu.
Mehdiyev - Kərimli tandeminin xəyanəti təkcə cənab Prezident İlham Əliyevə deyil, Vətənimizin, ölkəmizin uğurlarına sevinən hər bir vətəndaşa, azərbaycanlıya qarşı xəyanət kimi qiymətləndirilməlidir. Çünki bu uğurlar xalq - Prezident birliyinin sarsılmazlığı nəticəsində əldə olunub.
Hazırda istintaq davam edir və məlum şəxslərə qarşı konkret maddələr üzrə ittiham irəli sürülüb. Azərbaycan qanunvericiliyində “Dövlətə xəyanət” Cinayət Məcəlləsində məsuliyyət müəyyən edir.
Belə ki, Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən aşağıdakılar dövlətə xəyanət hesab olunur:
✔ Dövlətin suverenliyinə, müstəqilliyinə və təhlükəsizliyinə qarşı fəaliyyət
✔ Dövlət sirrinin xarici dövlətlərə verilməsi
✔ Dövlətə qarşı düşmən tərəfə keçmək
✔ Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq
✔ Casusluq
Bu fəaliyyətlərin hər biri bilərəkdən, yəni qəsdən edilərsə, xəyanət sayılır.
Azərbaycan qanunvericiliyinə əsasən dövlətə xəyanət ən ağır cinayət kateqoriyalarına daxildir.
Şübhəsiz ki, xəyanətkarlar layiq olduqları cəzanı alacaqlar. Öz torpaqlarını müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etmiş dövlətimiz və xalqımız yeni - yeni zəfərlər astanasındadır. Nəinki regionun, artıq dünyanın nüfuzlu dövlətinə çevrilmiş Azərbaycanın nailiyyətlərini bəzi xarici qüvvələr həzm edə bilmir. Ona görə də, onlar daxildəki əlaltıları vasitəsilə ölkəmizdə pozuculuq işləri aparmağa çalışsalar da, bu cəhdləri fiaskoya məhkumdur. Azərbaycan dövləti güclüdür və hər hansı təxribatları yerindəcə durdurmaq imkanındadır. Son proseslər də bunu təsdiqləyir!
Samir Vəliyev,
Milli Məclisin deputatı
-
Pul20:22Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ
-
İdman19:20“Real”ın televiziyasından ağır ittiham: Nəticələr saxtalaşdırılır
-
Dünya18:50Yermakın ölkədən çıxışına QADAĞA qoyuldu
-
Sosial17:07Bu şəxslər erkən pensiya hüququ qazana bilər
-
Rəsmi xronika16:15Prezidentdən Mehdiyevin oğlu ilə bağlı SƏRƏNCAM
-
Sosial15:26Bu oyuncaqlar uşaqlarınıza seks və digər şeylərdən danışır - Valideynlərə XƏBƏRDARLIQ
-
Sosial14:39Əli Kərimli həbs edildi - 2 ay 15 gün
-
Dünya13:30Maduro ABŞ-a xəbər göndərdi: Bu tarixdə istefa verəcək











.jpg)
















.webp)








