“Nüşabədən ötrü o oğlan nələr elədi…“
Bizi izləyin

Digər

“Nüşabədən ötrü o oğlan nələr elədi…“

Müğənni Nüşabə Ələsgərlininn bacısı Afaq xanım onun həm böyük bacısı, həm də öz dili ilə desək, prodüseridir. Nüşabənin həyatı onun gözü önündə keçib. Publika.Az-a görün nələr danışdı...



- Oxumağa 5 yaşından başladı. Hələ səlis danışa bilmirdi, çıxırdı daşın üstünə, Zeynəb Xanlarovanın repertuarından oxuyurdu, deyirdi mən “Neyzab olacam…” Qonşularda ona pərəstiş edirdilər. Mütləq əyninə nəsə geniş paltar tapıb geyinirdi…


Uşaq yaşlarında Aşıq Şəmşirin yubileyində iştirak etmişdi. Cürə sazında çalmışdı. Ona böyük saz da hədiyyə etmişdilər. Nüşabə körpə yaşında bütöv Dağıstanı gəzmişdi. Atam dəlicəsinə istəyirdi ki, o, saz çalan olsun. Müğənni olmağına isə razı deyildi. Atamla Dağıstanın hətta insan ayağı dəyməyən məkanlarında gəzib toylarda olurdular.

“Anam işığı söndürürdü, oxuma…”

Erkən yaşlarında qərar verdi ki, saz çalan olmayacaq. Atam ona piano aldı. Piano məktəbini bitirdi, dedilər bəsdi, musiqi ilə artıq işin yoxdur, ciddi sahədə çalış. Nüşabə musiqi konservatoriyasına qəbul olunmaq istəyirdi, anam istehza ilə dedi, hə, Üzeyir Hacıbəyov da oturub gözləyir ki, sən, ora gələsən.

Düz 11 imtahan verdi. Anam işığı söndürürdü ki, oxuma, ora daxil olan deyilsən. Amma Nüşabə ən çətin fakültəyə- dirijorluğa daxil oldu.


“Nüşabədən ayrılandan sonra çox gec evləndi”

Sonra atam rəhmətə getdi, Nüşabə də nişanlandı. Oğlan onu çox sevirdi. Çox gözəl ailənin oğlu idi. Dövrünün Məcnunu idi. Nüşabədən ayrılandan sonra çox gec evləndi. Bacım oxumaq üçün ondan ayrıldı.

Baxmayaraq ki, nişanlısı onun müğənni olmasına razılıq vermişdi. Nüşabə deyirdi, bu, müvəqqətidir, o məni oxumağa qoymayacaq. Ayrılandan sonra oğlan iki dəfə maşınını əzdi, qəzaya düşdü, atası dedi oğlumu belə görə bilmirəm, bəlkə uşaqları qovuşduraq?

Nüşabə özünü zəhərləməyə də cəhd göstərdi, dedi, məni o oğlana ərə versəniz özümü öldürəcəm, axı onu sevmirəm! 18 yaşı vardı, atamın xətrinə ərə getməyə razılıq vermişdi, sonra fikrini dəyişdi.

Oğlan özünü o qədər öldürürdü ki, bir müddət sonra müvəqqəti barışdılar. Hətta qayınatası deyirdi, yekə oğlansan, adam qadından ötrü özünü öldürər?.. Nüşabə bir müddət sonra onu dilə tutub şirin dillə ayrıldı. Oğlan Rusiyaya getdi, qayıdanda artıq bacım ailə qurmuşdu. O da başqasını sevdi.


“Nüşabədən çoxları istifadə ediblər”


Mən diplom müdafiəsindən sonra “Azərbaycanfilm”ə işə gəldim. Bacim da o vaxt yavaş-yavaş məşhurlaşırdı. Elə məqamda gəldim ki, onu klip çəkilişlərinə cəlb etdim. Peşəkar heyət yığdım. Kino mühəndisi idim, rejissordan tutmuş ta fotoqrafa kimi kinostudiyadan işçilər cəlb etdim. 1994-də Nüşabə artıq klip çəkdirməyə başladı.

Nüşabənin belə şən görünməyinə baxmayın, insan talelərinə çox həssasdır. Çox yardımsevərdir, etdiklərini mətbuatdan gizlətməyə çalışır. Biz zahirən fərqiyik, məni tanımayanlar dəfələrlə yanımda danışıblar, həmişə onun haqqında yaxşı sözlər eşitmişəm.

Çox köməksizlərə əl tutub. Mənim ona ehtiyacım olub, pul istməmişəm. Lakin Nüşabədən çoxları istifadə ediblər. Seçimdə qalanda mənə yox, köməksizə yardım edib.


“Zorla ona “Folkswagen” hədiyyə etdilər”

Həmişə maraqlı fikirləri olur. Ən yadımda qalan sözü budur: “Məni həyatda heç nə təəccübləndirməz. Hər şey görmüşəm, ev, malikanə, şöhrət, xəyanət, pislik… Hətta təyyarə belə hədiyyə versələr, adi təsir bağışlayar. Məni yalnız gözləmədiyim qeyri-adi zəng sevindirə bilər”.

16 yaşı vardı, bir dəfə onu Rəşid Behbudov teatrının heyəti ilə birlikdə Almaniyanın bir şəhərinə qastrola yolladılar. Ona nələr hədiyyə etmişdilər… Sovet dövründə KQB sistemi idi, nə hədiyyə edirdilərsə, deyirdilər, qəbul etməyin, deyin, hər şeyimiz var.

O vaxt zorla ona kiçik “Folksvagen” hədiyyə etdilər, dedilər, müqavilə bağlayaq, burada xor dirijoru kimi qalıb işləyin. Nüşabə sovet təkidi bir yana qalsın, gözü tox olduğundan imtina etdi. Lakin özü ilə bir sıra hədiyyələr gətirmişdi. İlk dəfə videomaqnitofonu məhz o özü ilə Azərbaycana gətirmişdi.

“Nüşabənin gördüklərini çox müğənnilər hələ görməyib”

Nüşabə çox şeylərin ilkinə imza atıb. Hələ uşaq vaxtlarından beynəlxalq uşaq düşərgəsinə yollanmışdı. Dünya xalqlarının ən yaxşı oxuyanları bu düşərgədə iştirak edirdi. Beşinci sinifdə evimizə dünyanın bütün bölgələrindən məktublar gəlirdi, SSRİ ölkələrinin uşaqları ilə rus dilində özümüz yazırdıq, ingilis dilində isə yazmaq üçün müəllim tapmışdıq.

Beşinci sinifdən beynəlxalq tədbirlərdə iştirak edirdi. Nüşabə haqqında toy müğənnisi deyəndə mən çox hirslənirəm, çünki onun həyatını mən bilirəm. Nüşabənin gördüklərini çox müğənnilər hələ görməyib, olimpiadalarda bütün fənlər üzrə uğurlu nailiyyətləri olurdu.

O vaxtlar “Artek” pioner düşərgəsinə getmək neçə insansiyadan keçmək lazım idi. İndinin özündə ona coğrafiyadan riyaziyyatdan sual verin, görün necə cavab verəcək. Bacımı araşdırmaq lazımdır…

“Çox gözəl xasiyyəti var, dözülməzdir”

Nüşabənin prodüseri mən olmuşam. İşimi atıb onunla məşğul oldum. Lakin bu insanda paxıllıq deyilən hiss yoxdur ki, rəqabətə qoşulsun. O vaxt rejissor Rahim Sadıqbəyli ilə işləyirdik. Pavilyona qədər hamısını qurmuşduq. Azərbaycanda klipi ilk dəfə məhz o çəkdirib.

Düzdür, indi çoxları sinəsinə döyür, lakin araşdırın, yeniliklərin çoxu bacımın adı ilə bağlıdır. Nüşabə illər öncəsi jurnal təsisçisi olub, redaktorluq edib. İlk dəfə kosmetika firmasına sahiblik edib.

Nüşabəyə toy müğənnisi deyəndə bir şeyə görə rahatdır. Deyir, çox sağ olsun xalq ki, məni sevib toyuna dəvət edir.

“Uşaqlarına görə ailəsindən danışmaq istəmir”

Nüşabə ikinci dəfə ailə qurub, lakin uşaqlarına görə, ailəsi barədə danışmaq istəmir. Çox yaxşı övladdır, bacıdır, mənə və qalan ailə üzvlərinə kömək edir. Müğənni olsa da, uşaqlarına çox vaxt ayırır, dərsə belə özü aparıb-gətirir.

Lalə Yusifqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm