Daş yağır...
Bizi izləyin

Digər

Daş yağır...

Zöhrab Əmirxanlı yazır

Daş biz Moskvada azərbaycanlılar üçün "Üçüncü Azərbaycan" adlı qəzet buraxanda yağmağa başladı.


Söhbət Rusiya paytaxtında məskunlaşan yüz minlərlə eloğlumuzun cəmi 2500 tirajla çıxan qəzetin heç olmasa, yarısını almaq istəməməsindən getmir.

Söhbət həmin qəzeti dəqiq hesablama aparmadan, ciddi götür - qoy eləmədən yalnız şəxsi vəsait hesabına buraxmaqdan da getmir.

Billah, söhbət heç ermənilərin buraxdığı 13 adda qəzet-jurnala həsədlə, həsrətlə baxmaqdan, baxıb da köks ötürməkdən, sənin hazırladığın qəzetə isə umduğun adamların dəvə nalbəndə baxan kimi baxmasından da getmir.
Söhbət tamam ayrı nəsnədən gedir...

Moskva bizimkilər üçün əslində, elə Moskvanın özü boyda bir QIZ meydanıdı. Moskva qızğın, ehtiraslı azərbaycanlıdan ötrü həm də veraları, olyaları, nadyaları, svetaları... ilə cəlbedicidi. Azərbaycanlı Moskvaya yetişən kimi iki məsələ üzərində baş sındırmağa başlayır: hansı yolla olursa-olsun dərhal pul gətirən iş qurmaq və qəşəng bir rus qızıyla tanış olub macəra yaşamaq. Həftələr, aylar ötür - işi uğurlu alınan da olur, alınmayan da. Umduğu qədər pul qazanan da olur, qazanmayan da. Soydaşlarımızın əksəriyyəti onda qızır, o yerdə Allahına bəndəlik eləmir ki, cibinə pul gözlədiyindən çox girir. Pah!.. Ondan sonra adamın "əyləci" xarab olmurmu? Gözləri buz üstə çıxmış dana gözlərinə dönmürmü? Tank kimi qabağına çıxanı basıb keçməyə hazır dayanmırmı?

... Əsas tragikomediya orda başlayır ki, nataşalardan biri axşam "azik”in görüşmək, birgə dincəlmək təklifini qəbul eləyib yanına qoşulur. Əvvəlcə boğazlar yaxınlıqdakı kafelərin birində yaşlanır. "Ağ atı" minən "cayıl" sonra "gözəlçə"sini restorana çəkir - necə səxavətli olduğunu göstərməyin məqamı yetişib axı...

Mədə ləbələb dolandan, baş dumanlanandan sonrakı olaylar da məlum - yataq, yataqdakı boşboğazlıq, özünü öymələr və rus qızının göbəyinə qoyulan 100 dollar...

... Ertəsi gün bazarın müzakirə mövzusu da bəlli: əksəriyyət "azik"in gecə yaşadığı macəradan, 250-300 dolları necə səxavətlə səpməsindən danışır.

... Allah xatirinə düz başa düşün: mən yad eldə tənha yaşayan cavanın güdükçüsü, yataq otağının kameraquraşdıranı deyiləm. Və onun qazandığı pulu necə xərcləməsi də məndən ötrü əhəmiyyətsizdi. Məni məsələnin başqa tərəfi narahat eləyir. Bu gün Azərbaycanın rayonları, kənd və qəsəbələri suyu sovulmuş dəyirmana bənzəyir.

Ayağı yol tutan, gücü, enerjisi, ağlı, şüuru üstündə olanların böyük əksəriyyəti imkan tapan kimi sərhədi adlamağa, səadəti yad ellərdə, özgə qapılarında axtarmağa üstünlük verir. Arxada qalanlar isə qocalar, qadınlar, uşaqlar olur. Evinin dayağı, ocağının çörəkgətirəni əlindən çıxmış o binəsiblərin taleyini təsəvvür eləyə bilirsizmi?
Ata yataqda ölümlə çarpışır, oğul isə gəlib son nəfəsinə də çata bilmir...

Cərrah skalpeli itiləyib ananı doğramağa hazırlaşır, bala təyyarə bileti almağa pul tapmır...
Ağırayaq gəlin yükündən azad olmaq istəyir, ər üçün isə dərhal bəhanə tapılır: "anamla bacım ordadı, mənə ehtiyac yoxdu"...

Mən hələ qızlar bulağından yenicə su içmiş qönçələrimizi, un çuvalına tay olan, qız qarıyan talesizlərimizi demirəm. Haməlum "ağ atlı oğlan"ı gözləməkdən gözlərinin kökü saralan o ərgən qızların yanar canlarına, təşnə dodaqlarına sərin suyu kim çiləməlidi?

... Bir vaxtlar Yaponiya hökuməti millətin genefondunu sağlamlaşdırmaq üçün Pakistandan 20 min kişini "icarəyə"götürmüşdü.

... Bu gün ölümün doğumu üstələdiyi Rusiya isə belə "boş" şeylərə pul xərcləməyi heç ağlına da gətirmir. Çünki azərbaycanlı ƏRLƏR bu funksiyanı könüllü və daha keyfiyyətli şəkildə yerinə yetirirlər. Elə rus qızları da bizimkilərin "sokunu"çəkməkdə pis usta deyillər.

... O vaxt Moskvaya yağan daş bu gün öz başımıza tökülür – genefondumuzun üstünə yağır.

... Başınızı tutmayın!..

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm