Millət vəkili - Parad hər kəsin qəlbini riqqətə gətirdi
Bizi izləyin

Qarabağ

Millət vəkili - Parad hər kəsin qəlbini riqqətə gətirdi

Azərbaycan bu günə qədər bir neçə dəfə parad keçirib, amma bugünkü tədbir artıq zəfər çalmış bir ölkənin paradı idi. Odur ki, bu Zəfər paradı 10 milyonluq Azərbaycan əhalisinin, dünyada yaşayan 40-50 milyonluq soydaşlarımızın və Türkiyədə yaşayan 80 milyonluq türk millətinin baxdığı bir tarixi hadisə idi.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, parad hər kəsin qəlbini riqqətə gətirib:

“Zəfər paradından keçən əsgərlərimizin simasını, mərd yerişini görüb daha da qürurlandıq. Qəlbimiz fəxr hissi ilə doldu. Azərbaycan xalqı əmin oldu ki, müharibə elə-belə qazanılmayıb. Bu yolda ciddi hazırlıq gedib. Gördük ki, Azərbaycanın mərd və qorxmaz oğulları istənilən hücuma qarşı həmişə hazırdır. Bu parad düşməni alçaltmaqla bərabər Azərbaycanı yüksəltdi, ordusunun böyüklüyünü və gücünü nümayiş etdirdi.

21-ci əsrdə Azərbaycan texnoloji müharibə aparıb dünyaya gücünü sübut etdi, dünyanın hərb taktikasını dəyişdi və bu paradla da bütün məsələlərin nöqtəsini qoydu. Dağlıq Qarabağın Azərbaycan olduğunu bütün dünyaya bir daha əməli şəkildə də sübut edik. Artıq Paşinyanın nöqtəsi gorbagor olub”.

Razi Nurullayev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu münasibətlə Bakıya gəlişi xüsusilə yadda qaldı:

“Paradın ikinci ən yaddaqalan məqamı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı oturaraq tədbiri birlikdə izləməsi idi. Türkiyə Mehmetciklərinin də paraddan keçməsi Azərbaycan xalqında xoş hisslər oyatdı. Bu, bir daha onun sübutu oldu ki, biz həqiqətən “iki dövlət – bir millət”ik. Türkiyənin qəmi qəmimiz, kədəri kədərimiz, sevinci sevincimizdir. Bununla Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya göstərmiş olduq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm