Bu, bölgədə yeni müharibəyə səbəb ola bilər - Politoloq
Bizi izləyin

Qarabağ

Bu, bölgədə yeni müharibəyə səbəb ola bilər - Politoloq

“Rusiya sülhməramlıları indiyədək meşələrdə gizlənən, guya partizan müharibəsi aparırmış kimi özünü qələmə verən yaraqlıları oradan təmizləmədi. Azərbaycan tərəfinin təkidli istəklərinə baxmayaraq, onlar bunu etmədilər. Üstəlik həmin partizanlar hücum edərək bir gündə Azərbaycan Ordusunun 3 əsgərini öldürdü, 2 nəfəri yaraladı. Sonrakı gün isə 1 nəfəri öldürüb, 1-ni yaraladılar. Belə olan halda Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları həmin ərazilərdə əməliyyat keçirməli oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hərbi əməliyyat nəticəsində partizan adı altında meşələrdə gizlənən ermənilər zərərsizləşdirilərək Azərbaycan Ordusunun nəzarətinə verilib: “Döyüş prosesində yaralananlar da oldu. Rus sülhməramlıları bundan qəzəbləndilər və bildirdilər ki, bu, atəşkəsin pozulması deməkdir, atəşkəsin pozulmasına da biz nəzarət edirik. İddia etdilər ki, yeni yol xəritəsi təqdim edəcəklər. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda yol xəritəsi də daxil olmaqla bütün nüanslar dəqiq razılaşdırılıb. Amma Rusiya sülhməramlıları meşələrdə gizlənən, Azərbaycan Ordusuna arxadan zərbə vuran qüvvələr haqqında deyilənlərə reaksiya vermədi. Dövlətimiz özü bu işi görməli oldu”.

Q.Hüseynli qeyd edib ki, rus sülhməramlılarının yeni yol xəritəsi hazırlaması səlahiyyət həddini aşmaqdır: “Bu, vəziyyətə nəzarəti bütünlüklə öz əlinə almağa çalışmaq cəhdidir. Nəticə etibarilə ruslar Azərbaycan xalqının qəzəbinə düçar ola bilərlər və Azərbaycan tərəfindən Rusiya sülhməramlılarına etimad xoşagəlməz dərəcədə zəifləyə bilər. Hazırda danışıqlar prosesi gedir, vəziyyət sabitləşib. Dövlətimiz onların sonradan hazırladığı xəritəni qəbul etmir. Üçtərəfli bəyanatda Rusiya sülhməramlı qüvvələrinin səlahiyyətləri və dislokasiya olunduğu yerlər dəqiq müəyyənləşdirilib. Onlar bizim ərazilərə bu şəkildə müdaxilə edə bilməzlər”.

Politoloqun sözlərinə görə, Rusiya sülhməramlıları səlahiyyət həddini aşmağa və getdikcə daha çox dərəcədə ermənilərə xoş gələn hərəkətlər etməyə çalışırlar: “Bu isə bölgədə vəziyyəti gərginləşdirir və yeni müharibə təhlükəsinə səbəb ola bilər. Bütün bunlar çox təhlükəli gedişlərdir. Rus qüvvələri birdən-birə sülhyaratma prosesi əvəzinə Azərbaycan qüvvələrinə qarşı yeni xəritə tərtib etməkdənsə, meşələrdə gizlənib müxtəlif partizan qrupları şəklində qəflətən azərbaycanlıların üstünə hücum edən dəstələrin zərərsizləşdirməsinə diqqət etməli idilər. Buna diqqət etmirlər, amma əvəzində Azərbaycan Ordusunun təhlükəsizliyini qorumaq üçün etdiyi əməllərə qınaq tuturlar. Zənnimcə, bu hallar ciddi surətdə ölçülüb-biçiləcək, danışıqlar prosesinin mərkəzində dayanacaq. Rusiya tərəfi bölgədə həyata keçirdiyi sülhyaratma prosesinə kölgə salmamalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm