Qazi ağır döyüşlərdən danışdı: "Ayaqüstə dura bilmirdik, amma..." - FOTO
Bizi izləyin

Qarabağ

Qazi ağır döyüşlərdən danışdı: "Ayaqüstə dura bilmirdik, amma..." - FOTO

44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş qəhrəman qazilərimizdən biri də 24 yaşlı Zamin Babayevdir. O, Lerik rayonun ucqar kəndlərindən biri olan Rəzqovda dünyaya gəlib.

Publika.az-ın əməkdaşı Zaminin evində olub, onunla söhbətləşib.

Zamin əməliyyatların başladığı ilk istiqamətdə, ən şiddətli döyüşlərin getdiyi Füzulidə yaralanıb. Manqa komandiri olan Zamin və döyüş yoldaşlarının olduğu hərbi texnika vurulub. Silahdaşları onun şəhid olduğunu düşünüb. Huşsuz vəziyyətdə saatlarla şəhidlərimizlə eyni səngərdə qalıb. Zamin deyir ki, gözlərini açan zaman əsir düşmədiyini görüb sevinib.

Qazinin sözlərinə görə əsir düşməkdənsə, ölmək yaxşıdır.

Birinci döyüş Lələtəpədən başlamışdır. Sentyabr ayının 27-si səhər tezdən hücuma keçib ancaq irəli gedirdik. 28-i günorta saatlarında ermənilər bizə məxsus BMP-ni vurdular. O zaman yaralandım. Birinci texnikanı vuranda çox pis sikələndi. İkinci dəfə vurandan sonra isə, özümdə deyildim. Gözümü açanda hər yer qaranlıq idi. Üzüm şiş, bir gözüm isə görmürdü. Biraz əllərim işləyirdi. Orada şəhid olanlar da var idi. Həmin an düşündüm əsir düşmüşəm. Sonra bizimkilərin səsləri gəldi və sevindim. Döyüş davam edirdi.

Məni şəhidlərin arasından çıxarıb sığınacağa apardılar. Orada da yaralılar var idi. Gecə bizi xəstəxanaya gətirdilər. Füzuli azad olunanda hospitalda idik. Biz ayaqüstə dura bilmirdik, amma sevincimizdən göz yaşlarımız da aram vermirdi. Düşünürdüm ki, kaş yaralanmayıb orada - Füzulidə olardım.

Hazırda müalicə almıram. Belimdə ağrılar var. Əvvəllər iki ayağımı hiss etmirdim. İndi isə yalnız sol ayağımda problem var.

Zamin 9 nəfərlik ailə üzvü ilə birlikdə Rəzvoq kəndində şəraitsiz evdə yaşayır. O işləyə bilmir. Atası nitq qüsurludur. Qardaşları isə qışlaqda mal-qaraya baxırlar. Öz təsərrüfatları olmadıqları üçün yaşayışları da bir xeyli çətindir. Çünki ailənin tək gəlir mənbəyi təsərrüfatdandır.

Orxan Əzim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm