Bu, ermənilərə və sülhməramlılara verilən ciddi mesajdır – Deputat
Bizi izləyin

Qarabağ

Bu, ermənilərə və sülhməramlılara verilən ciddi mesajdır – Deputat

Ölkə başçısı jurnalistlər üçün təşkil olunan brifinqdə uzun müddət idi ki, cəmiyyət arasında formalaşan bir narahatlığa son qoydu. Cəmiyyətdə belə bir fikir var idi ki, hazırda rusiyalı sülhməramlıların nəzarətində olan Xankəndi, Xocalı, Xocavəndə azərbaycanlı məcburi köçkünlərin geri dönüşü uzun çəkə bilər.

Xankəndi, Xocalı və bu kimi hazırda erməni əhalinin yaşadığı ərazilərin yaxın gələcəkdəki taleyi ilə bağlı bütün məsələlərə ölkənin birinci şəxsi tərəfindən aydınlıq gətirildi.

Prezident anons etdi ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiyası labüd və qaçılmaz prosesdir.

Millət vəkili Əziz Ələkbərli Publika.az-a açıqlamasında deyib ki, insanlarımızın bu gün sülhməramlıların nəzarəti altında olan Xankəndi, Xocalı kimi Azərbaycan yaşayış məntəqələri ilə bağlı narahatlığı var.

Bu da təbiidir: “Çünki, necə deyərlər, ilan vuran ala çatıdan qorxar, qarşımızdakının erməni kimi soysuz, yalançı, riyakar bir düşmən olduğunu yaxşı bilirik. Onlara zaman-zaman havadarlıq edənləri də yaxşı tanıyırıq. Lakin bu gün reallıq başqadır. Bu gün Azərbaycan öz taleyini özü həll edəcək qədər güclü bir dövlətdir. Bu güc təkcə onun geostrateji mövqeyində, iqtisadi potensialında, hərbi-texniki imkanlarında deyil, bunlardan daha güclü xalq-ordu-hakimiyyət birliyindədir. Bu gün Azərbaycanın 44 günlük müharibədə, demək olar ki, bütün dünyanı qarşısına alan, bu müharibəni tam qələbə ilə başa vuran, əyilməz, yenilməz, müzəffər Ali Baş Komandanı var. Məhz bu amilə görə şəxsən mən nəinki Xankəndi, Xocalı və başqa yaşayış məntəqələrimizin, Qarabağdakı hər daşın da gələcək taleyindən həmişə tamamilə arxayın olmuşam. Kim qabağa durub deyə bilər ki, torpaqlarımızın 30 illik işğalına son qoymaq naminə bütün riskləri göz önünə alan Ali Baş Komandan İlham Əliyevin nədəsə erməniyə güzəştə gedə biləcəyinə zərrə qədər ehtimal verir? Bu, mümkün deyil!”

Millət vəkili söyləyib ki, cənab Prezident bu gün hələlik sülhməramlıların nəzarəti altında olan torpaqlarımızla bağlı dəfələrlə öz mövqeyini bildirib. Onun sözlərinə görə, fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələyə bir daha aydınlıq gətirdi və bütün şübhələrə nöqtə qoydu:

“Əvvəla, bir daha xatırlatdı ki, istər əvvəlki danışıqlar prosesində, istərsə də bütün digər vaxtlarda “Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. İkincisi, həmin ərazilər əvvəllər ermənilərin işğalı altında, indi də sülməramlıların nəzarətində olsa da, ən müxtəlif vasitələrlə biz o yerlərdə nələr baş verdiyini həmişə nəzarətdə saxlamışıq, müharibədən əvvəl də, müharibə dövründə də, elə indi də. Bəli, cənab Prezident açıq şəkildə bildirdi ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiyası labüd və qaçılmaz prosesdir: “Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır. Yeri gəlmişkən, mən bu barədə müharibədən əvvəl demişəm. Yəni, əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi... Onlar yaxşı başa düşməlidirlər ki, hansısa “artsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. Bu, Ermənistan və ümumiyyətlə, ermənilərə də, onların havadarlarına da, fəaliyyətlərində bəzi neqativ hallara yol verən sülhməramlılara da ciddi mesajdır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm