Prezidentin bu məsələdə sarsılmaz siyasi iradəsi var - RƏY
Bizi izləyin

Qarabağ

Prezidentin bu məsələdə sarsılmaz siyasi iradəsi var - RƏY

“Əslində cənab Prezident Vətən müharibəsindən sonra Xankəndi, Xocalı və hazırda erməni əhalinin yaşadığı Azərbaycan torpaqlarına inteqrasiya, keçmiş məcburi köçkünlərimizin həmin ərazilərə qayıtması ilə bağlı müəyyən mesajları cəmiyyətə vermişdi. Dünya ölkələrinin media təmsilçiləri qarşısında çıxış edərkən də möhtərəm Prezidentimiz vurğuladı ki, Azərbaycan Xocalıdan, Xankəndidən, zərrə qədər torpağımızdan da imtina etməyəcək. Biz öz torpaqlarımıza qayıdacağıq. Məcburi köçkünlərimiz orada yerləşdiriləcək və erməni əhali ilə birgə yaşayacaq”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkilinin sözlərinə görə, ilk növbədə məcburi köçkünlər üçün infrastruktur bərpa olunacaq:

“Qarabağdakı ermənilər azərbaycanlılarla birgə yaşamağa məcburdurlar. Onlar ya bizim qanunlarımıza tabe olub burada bayrağımızın altında yaşamalıdırlar, ya da 200 il əvvəl gəldikləri yerə geri dönməlidirlər. Başqa yolları yoxdur. Torpaqlarımız işğal altına düşəndən sonra bizim 1 milyondan artıq vətəndaşımız öz yurd-yuvasından məcburi köçkün vəziyyətinə düşdü. Erməni ekstremistləri tərəfindən öz ata-baba torpaqlarından didərgin salındı. Vətən müharibəsindəki qələbədən sonra dövlətimizin əsas vəzifəsi keçmiş məcburi köçkünlərimizi öz yurd-yuvalarına qaytarmaqdır. Ermənilərin Azərbaycan torpaqlarında özlərinə dövlət qurmasını bütün dünya bilir. Bəzən dünya buna kor olur, tarixi faktları görmək istəmir. Amma 200 il elə də uzaq bir tarix deyil. 1978-ci ildə ermənilər Azərbaycana gəlişlərinin 150 illiyini qeyd ediblər. Həmin gəlişlərini əks etdirən abidə də ucaltmışdılar. Bunun özü göstərir ki, ermənilər burada tarixən mövcud olmayıblar. Günümüzün ən məşhur ermənişünas alimləri də bunu söyləyir”.

M.İbrahimqızı söyləyib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində ordumuz dünyaya bir rəşadət nümunəsi göstərdi: “44 gün ərzində bir nəfər mülki əhaliyə, mülki obyektə zərər verilmədi. Biz düşmənə bir dərs verdik ki, mülki əhaliyə qarşı dağıntılar hərbi cinayətdir və barbar düşməndən fərqli olaraq buna getmədik. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün möhtərəm Prezidentimizin fərman və sərəncamlarına əsasən, işğaldan azad olunan ərazilərdə çox böyük, möhtəşəm işlər görülür. Layihələr həyata keçirilir. Qarabağ Dirçəliş Fondu yaradılıb və qısa müddət ərzində möhtərəm Prezidentimiz orada çox böyük layihələrin həyata keçirilməsini elan edib”.

Deputatın fikrincə, ölkə başçısının bu məsələdə sarsılmaz qəti siyasi iradəsi var:

“Bununla bağlı konkret nə lazımdırsa, icra olunur. Bunun üçün iqtisadi imkanlarımız da var. Yəni, ilk növbədə keçmiş məcburi köçkünlərimiz üçün infrastruktur qurulacaq. İlk növbədə onlar işğaldan azad olunan ərazilərimizə yerləşdiriləcəklər. Ermənilər onsuz da köçüb getməmişdilər. Bir qismi Qarabağı tərk etmişdi. Azərbaycan dövləti ermənilərin Qarabağa məcburi yerləşdirilməsinin qarşısını alacaq. Sözsüz ki, ikinci mərhələdə Qarabağdakı ermənilərin azərbaycanlılarla birgə inteqrasiya şəraitində yaşayışı başlayacaq. Bəzi anti-milli qüvvələr belə bir zəfərə kölgə salmaq istəyirlər. Xocalı, Xankəndi və digər ermənilər yaşayan torpaqlarla bağlı müəyyən çaşqınlıq yaratmaq istəyirlər. Hər kəs bilir ki, Xankəndi, Xocalı, Xocavənd, eləcə də hər bir qarış torpağımız bizim üçün əzizdir. Hətta cənab Prezident bunu müharibədən öncə də səsləndirmişdi. Məcburi köçkünlərimizi yurd-yuvalarına qaytarmamış Qarabağdakı ermənilərlə inteqrasiya məsələsi ilə məşğul olmaq qəribə məntiqdir. Heç kimin şübhəsi olmasın ki, biz Xankəndiyə də, Xocalıya da qayıdacağıq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm