Qarabağ
“Böyük qayıdış”: Qarabağa ilk gedənlər...
“Dağlıq Qarabağ” münaqişəsi artıq keçmişdə qalıb.
44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı, düşmən üzərində zəfər çaldı. Azərbaycanın qəhrəman, vətənpərvər oğulları bir yumruq olub silaha sarıldılar, Ali Baş Komandanın rəhbərliyi altında haqqımız olanı geri qaytardılar, Qarabağı əsl sahibinə qovuşdurdular. Prezident İlham Əliyev 30 ilə yaxındır ki, səbr edib gözlədiyimiz, ancaq uğrunda əzmimizi, ümidimizi, qətiyyətimizi itirmədiyimiz, dünyanın susduğu ədalətsizliyə - Qarabağın işğalına düşünülmüş siyasət və yüksək sərkərdəlik qətiyyəti ilə son qoydu.
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində Qarabağımız azadlığına qovuşdu. Artıq Qarabağın dirçəldilməsinə, yenidənqurma işlərinə başlanılıb. Ölkə başçısının şəxsən iştirakı ilə işğaldan azad olunan ərazilərimizdə yeni obyektlərin, yolların və başqa mühüm infrastruktur layihələrinin təməli qoyulur. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti mərhələli şəkildə bərpa ediləcək. Artıq “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb, Ağdam şəhərinin yeni Baş planı təsdiq olunub. Azad olunmuş torpaqların təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb edilib. Qarabağın əsl cənnət məkanına çevrilməsi, onun yenidən doğulması, yenidən canlanması, dirçəlməsi, bunların fonunda “Böyük Qayıdış”ı bu gün Prezident İlham Əliyev əsas prioritet məsələ hesab edir.
Qarabağa “Böyük qayıdış” layihəsinin prioriteti məcburi köçkünlərin əzəli torpaqlarında yaşayışını təmin etmək və Qarabağa öz yurddaşları ilə yeni həyat verməkdir. Bəs qayıdış zamanı məcburi köçkünlərin hansı haqq və hüquqları prioritet hesab edilməlidir?
Publika.az “İşğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış” mövzusu altında Milli Məclisdə qaçqın və məcburi köçkünlərin statusunun müəyyən edilməsi və hüquqlarının qorunmasına dair qanun layihələrini hazırlayan İnsan hüquqları komitəsinin üzvlərinin fikirlərini öyrənib.
Komitənin sədri Zahid Oruc bildirib ki, Qarabağa qayıdış böyük bir dövlət siyasətidir: “44 günlük tarixi zəfər “Böyük qayıdış”ı doğurdu və tarixdə belə bir analogiya mövcud deyil ki, 30 ildən sonra insanlar öz torpaqlarına geri dönmüş olsunlar. Burada yeni-yeni maneələri dəf etmək əsas məsələyə çevrildi: Qarabağ torpağının canına-qanına hopdurduqları təhlükələri aradan götürəndən sonra orada infrastruktur quruculuğu və insanların yaşaması üçün tam əlverişli şəraitin təmin edilməsi. Burada yüzlərlə parametr var ki, hər biri eyniqüvvəli və təsirlidir. Bunların hamısı nəzərə alınmalıdır.
“30 il əvvəlki evlər, şəhərlər hər zaman xəyallarımızda qalacaq”
Bütün bu məqamlardan çıxış edərək Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 24-də xüsusi qərargah yaratdı və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev həmin quruma rəhbərlik edir. Burada 17 müxtəlif istiqamətdə daimi əsaslarla qruplar çalışır. 150-dən artıq mühüm dövlət və hökumət nümayəndələri, həmçinin bir qədər fərqli mühitin təmsilçiləri buraya daxildir. Başlıca məqsəd “Böyük qayıdış”ın strateji planını və onun qarşısında duran bütün parametrləri həll etməkdir. Çünki geri qayıdırıq. Doğma evlərimizə dönürük. Bu zaman evlər hansı formada tikilsin, hansı ardıcıllıqla olsun? Kiçik kəndlər həmin vəziyyətdə saxlanılsınmı? Yoxsa müəyyən qədər birləşdirilsin? “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri reallaşdırılarkən əvvəlki dislokasiyalar bir qədər dəyişiləcəksə, bu zaman orada yaşayacaq insanların həyati normativlərinə toxunmayacaq ki? Ardınca iş yerləri, təhsil müəssisələri, torpaq islahatları, imtiyazlar, həyatını başqa yerlərdə qurmuş insanların Qarabağa daimi əsaslarla geri qayıtmaq üçün şərtlərinin hazırlanması kimi məsələlərə baxılmalıdır. Burada dünya ilə paralellər aparmaq çətindir. Çünki İkinci Dünya müharibəsindən sonrakı quruculuq prosesi 30 il çəkməmişdi, İsraillə Fələstin arasındakı münaqişədə belə kiminsə geridönüşü olmayıb. Yəni Azərbaycan tarixdə bir ilk yaşayır. Bu, dünyaya təqdim olunan nümunədir”.
Millət vəkili qeyd edib ki, burada başlıca məqsəd öz doğma torpaqlarına qayıtmağı arzu edən, 1989-cu ilin statistikasına əsasən, 1 milyondan çox qaçqın və məcburi köçkünün reallıqda neçə faizinin geridönüşü əhatə etməsini müəyyənləşdirməkdir: “Şübhəsiz ki, bu prosesi sarsıntılarsız, ağrısız qəbul etmək çox çətindir. Çünki ermənilərin bu illər ərzində apardıqları təcavüzkar siyasətin mühüm hissələrindən biri də o əraziləri darmadağın etmələridir. Dünyada işğallar, başqalarına aid əraziləri tutmaq, hegemoniya, əraziləri öz təsir dairəsinə salmaq gerçək nümunədir. Amma Qarabağdakı vandallıq erməniçiliyin simasına çevrildi. Onların “vizit kartı” oldu və “böyük xalq” nəzəriyyələrini darmadağın etdi. Zəngilandan, Qubadlıdan, Ağdamdan edilən çəkilişlər dünya mediasına təqdim olunanda hamısı “Made in Armenia” etiketi ilə verilə bilər. Çünki Qarabağ ermənilərə məxsus deyil, amma bu vəhşilikləri onlar ediblər.
Məsələnin digər tərəfi enerji və ruhu, minillərin genetik ənənələrini Qarabağa daşımaqdır. Hesab edirəm ki, millətimiz həmin canlılığı, qaynar nəfəsi, isti ocaqları bir daha bərqərar edə biləcək. 30 il əvvəlki evlər, şəhərlər hər zaman xəyallarımızda qalacaq. Bu, onlara ögey münasibət bəsləmək demək deyil. İnsanlar özləri dağılmış evlərini, bulaqları, abidələri gedib tapırlar. Adətən, biz bu cür qayıdışları bədii obrazlı əsərlərdə görürük. Bu, dünyaya çox təsir edəcək. Hətta ermənilər də bundan transformasiyaya uğrayacaqlar”.
Zahid Oruc Ali Baş Komandanın Qarabağa dair atdığı addımları, etdiyi səfərləri 44 günlük müharibənin davamı hesab edir: “Bilirsiniz ki, Şuşada əhalinin əksər qismi azərbaycanlılar olub. Xankəndidə isə vəziyyət fərqli idi. Amma biz orada da quruculuq işləri görmüşük. Vətənimizin parçası kimi yanaşmışıq. 1990-93-cü illərdə Kəlbəcərdən, Laçından, Qubadlıdan çıxarkən hansı azərbaycanlı öz evini yandırmışdı? Bu tipdə bircə belə fakt varmı? Əksinə, hamısı bir gün geri qayıtmaq ümidilə evinin açarını belə saxlamışdı. Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalarda bunlar böyük rəqəmli faizlərlə öz əksini tapıb”.
“Azərbaycanda nadir kimisə tapmaq olar ki, əzəli torpaqlarında yaşamaq istəməsin”
Hikmət Babaoğlu bildirib ki, hər şeydən əvvəl, məcburi köçkünlərin qayıtması onların ən təməl hüquqlarının bərpa olunması deməkdir: “Çünki beynəlxalq və milli hüquqlara əsasən, insanın əsas hüquqlarından biri onun doğulduğu yerdə yaşamasıdır. Azərbaycan və onun Prezidenti bunu təmin edib. 30 ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən bu hüquqdan məhrum edilmiş vətəndaşlarımız bu gün o hüququ yenidən əldə edib. Bundan sonra məcburi köçkün düşmüş soydaşlarımız doğulduqları dədə-baba torpaqlarında yaşayacaqlar.
Bu, sadəcə hüquq yox, həm də milli qürur və fəxarət hadisəsidir. “Böyük qayıdış”la bağlı məskunlaşma Azərbaycan dövlətinin siyasətidir. Bu siyasətin əsas prinsipləri artıq elan olunub: qayıdış könüllülük prinsipi əsasında öz dədə-baba torpaqlarında yaşamaq istəyənlərə şamil olunacaq. Fikrimcə, Azərbaycanda nadir kimisə tapmaq olar ki, əzəli torpaqlarında yaşamaq istəməsin. Ona görə də mühüm tarixi hadisəyə şahidlik etdiyimizi düşünürəm”.
Millət vəkili qeyd edib ki, Qarabağda infrastrukturun 30 il əvvəlkinə bənzər formada bərpası məsələsində çox diqqətli olmaq lazımdır: “Əlbəttə ki, insanların yaddaşında həkk olunan bir vətən obrazı var. Bu obraz onun qoyub gəldiyi ev, küçələr, həyətində ona doğma olan ağacdır. Amma biz bir şeyi nəzərə almalıyıq ki, erməni vandalları tərəfindən həmin yerlər dağıdılıb. Bizim üçün bu, çox acı mənzərədir. Amma bu acıdan daha böyük olan qürur var ki, biz torpaqlarımızı işğaldan azad etmişik. Qarabağ ərazisinin yenidən bərpası bütün psixoloji, mənəvi nüanslar nəzərə alınmaqla, xüsusi layihə çərçivəsində həyata keçiriləcək. Təbii ki, 30 il əvvəlki keçmişi bərpa etmək mümkün deyil. 30 il əvvəl insanların yaşadığı bölgələrin siması da çox dəyişib. Buna görə də həmin dövrü axtarmaq, bəlkə, bir həsrətdir, amma reallıq deyil. Düşünürəm ki, Azərbaycan xalqı realistdir və öz reallıqlarına əsasən çıxış edəcək”.
“Prezidentin bu məsələdə prinsipial və qətiyyətli mövqeyi var”
Elman Nəsirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında tarixi qayıdışın artıq həyata keçirildiyi bəyanını xatırladıb: “Bu istiqamətdə qarşımızda strateji vəzifələr dayanır. Həmin vəzifələr sırasında məcburi köçkünlərin Qarabağa qayıdışı da yer alıb. Prezident bu istiqamətə xüsusi önəm verdi və qeyd etdi ki, Vətən müharibəsində tarixi qələbəyə imza atdıqdan sonra yeni reallıq yaratmışıq. Yeni dövrün əsas hissəsindən biri qürurlu qayıdışı həyata keçirməkdir. Bu proses ədalətli şəkildə həyata keçirilməlidir. Bu da ondan ibarətdir ki, ölkəmizdə 300 mindən artıq məcburi köçkün mənzillərlə təmin edilib, amma 700 mindən artıq məcburi köçkün yataqxanalarda və buna bənzər yerlərdə yaşayır. Ona görə də onların yaşayış şəraiti daha aşağı səviyyədədir. Bu halda sözügedən məcburi köçkünlərin öz yurduna qaytarılması prioritet olmalıdır. Prezident qeyd etdi ki, ilk növbədə, Qarabağda yaşayıb fəaliyyət göstərəcək, yurdunu daimi yaşayış yeri seçəcək insanların qayıdışına nail olmaq lazımdır. O insanlar ki, onlara verilmiş yerləri həftəsonu istirahət məqsədilə getmək üçün istifadə etməyəcəklər. Onlar torpaq mülkiyyətçisi olacaq, əkib-becərəcək, kənd təsərrüfatı ilə məşğul olacaq, ömürlərinin qalan hissəsini torpaqlarına bağlayacaqlar. Kimlər ki şəhərdə yaşayıb, amma Qarabağda pay sahibi olmaq istəyir - onlar qəbuledilməzdir. Prezidentin bu məsələdə prinsipial və qətiyyətli mövqeyi var”.
Qarabağın 30 il əvvəlki qaydada görünüşünə qovuşdurulması məsələsinə millət vəkili belə reaksiya verib: “İnsanlar yəqin ki, Prezidentin işğaldan azad olunmuş rayonlara səfərlərini izləyirlər və görürlər ki, ermənilər orada daşı daş üstdə qoymayıblar. Sanki oradan bir vəhşi qəbilə keçib. Hər şey məhv edilib. Şuşada bəzi yaşayış binaları və erməni oliqarxların villaları qalıb. Ondan başqa hər şey dağıdılıb və minalanıb. Yəni orada hər yer yenidən bərpa olunmağa ehtiyac duyur. Qarabağda yenilənmə işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında salınır. Bu da artıq 21-ci əsrin şəhəri və ya kəndi deməkdir. Həm də dünya bunu görməlidir ki, Azərbaycan inkişafın hansı səviyyəsindədir. 30 il əvvəlkinə bənzər bərpa işlərinin aparılması yalnız ermənilərin yaşadığı ərazilərdə, məsələn, Ağdərədə, Hadrutda ola bilər. Lakin oradakı yaşayış yerləri də bərbad vəziyyətdədir. Sanki ermənilər it damında yaşayıb. Azərbaycanlılar geri döndükdən sonra o cür yaşayış yerlərində yox, daha yüksək səviyyəli, müasir standartlara cavab verən mənzillərdə yaşayacaqlar”.
“Müasir tələblərə cavab verən yeni struktur yaradacağıq”
Naqif Həmzəyev də vurğulayıb ki, hazırda Azərbaycan dövlətinin qarşısında duran ən vacib məsələ Qarabağa qayıdış proqramını uğurla və sürətli şəkildə həyata keçirməkdir: “Bu çərçivədə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər edir və baş vermiş prosesləri yaxından izləyir. Qayıdış proqramının uğurla həyata keçirilməsi üçün yerindəcə göstərişlər verir, təməlqoyma mərasimlərində özü şəxsən iştirak edir. Təəssüflər olsun ki, vandal düşmənlərimiz 30 il ərzində evlərimizi, abidələrimizi, faydalı qazıntılarımızı məhv edib. Dünya hətta İkinci Dünya müharibəsində belə bu cür terrorun şahidi olmayıb. Amma biz Ağdama səfərimiz zamanı və bölgədən çəkilmiş görüntülərdə nə qədər acınacaqlı vəziyyətin yarandığını öz gözlərimizlə gördük. Oranı yenidən bərpa etməyə illər lazımdır. Buna baxmayaraq, Prezidentin göstərişi ilə aidiyyəti qurumlar dəymiş ziyanı hesablayır, lazımi infrastruktur işlərinə start verilib. Biz düşməndən mütləq kompensasiya tələb edəcəyik”.
Millət vəkili hamının bu günləri gözlədiyini və öz əzəli torpaqlarına qayıtmaq istədiyini ifadə edib: “Amma ilk növbədə, hazırda yaşayış vəziyyəti çətin olan məcburi köçkünlərin qayıdışı prioritetdir. Düzdür, hazırda çadırda yaşayan məcburi köçkün yoxdur, amma hələ də yataqxanalarda, bağça və məktəb binalarında yaşayan ailələr mövcuddur. İlkin mərhələdə həmin ailələrin Qarabağa köçürülməsi prosesi həyata keçiriləcək. Fikrimcə, “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl texnologiya kimi innovasiyaların tətbiq edilməsi o deməkdir ki, biz artıq müasir tələblərə cavab verən yeni struktur yaradacağıq. Bununla yanaşı, maksimum dərəcədə çalışmalıyıq ki, vətəndaşlarımızın orada daha yaxşı şəraitdə yaşamasını təmin edək. Çalışaq ki, növbəti yüzilliklər üçün hər şeyi əvvəlcədən ölçüb-biçək. İstənilən halda, tələsməməliyik, prosesi izləməliyik. İdarəetmədə müəyyən dəyişikliklər aparılıb. Cənab Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Düşünürəm ki, fərqli idarəetmə altında, fərqli yanaşma nəticəsində Qarabağa uğurla qayıdışın həyata keçirilməsinin şahidi olacağıq. Hər bir azərbaycanlı bu prosesdə yaxından iştirak etməlidir. Biz də öz üzərimizə düşən işi yerinə yetirəcəyik”.
Akqabay Mıradov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
-
Sosial17:30
Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...