Bu, Sarkisyan-Koçaryan cütlüyünə böyük zərbədir - Deputat
Bizi izləyin

Qarabağ

Bu, Sarkisyan-Koçaryan cütlüyünə böyük zərbədir - Deputat

"Cənab Prezident Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi. İlham Əliyev Ali Baş Komandan olaraq bu tədbirə qatıldı və hərbçilər qarşısında çıxış etdi. Tədbirin çox böyük siyasi əhəmiyyəti var. Ən böyük siyasi əhəmiyyəti ondadır ki, bütün dünya Azərbaycanın qalib ölkə olduğunu gördü. Azərbaycan işğalçı ölkə üzərində tarixi zəfərə imza atıb və həmin zəfərin əməli tətbiqi kimi söhbət onların qənimət formasında ələ keçirilmiş hərbi texnikası və silah-sursatından gedir ki, onların da dəyəri 5 milyard dollara bərabərdir".

Bu fikirləri Publika.az-a danışan millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, bu Park şanlı Azərbaycan Ordusunun düşmənə ağır zərbələr endirməsinin göstəricisidir ki, bunu da bütün dünya gördü: "44 günlük Vətən müharibəsində Ermənistana elə ağır, elə sarsıdıcı zərbələr endirdik ki, bu görüntüləri bütün dünya gördü və bundan sonra Azərbaycanın paytaxtına gələn hər bir xarici turist həmin Parka gedib həm öz gözləri ilə erməni vəhşiliyini görəcək, həm də Ermənistanın işğalçı hərəkətlərinin nəticəsinə şahidlik edəcək. Eyni zamanda, Azərbaycanın heç bir zaman topaqlarının işğal altında saxlanması faktı ilə barışmadığına da şahidlik edəcəklər və görəcəklər ki, ölkəmiz düşmən üzərində tarixi zəfərini necə qazanıb. Bu tədbirdə cənab Prezident onu da vurğuladı ki, Azərbaycan Ordusu ilk növbədə Koçaryan-Sarkisyan ordusunun üzərində zəfər çalıb. Çünki Paşinyan son iki ilin məhsuludur. Bu fikrin çox böyük əhəmiyyəti var. Robert Koçaryan və Serj Sarkisyan yenidən hakimiyyətə qayıtmaq iddiasına düşüb, onlar revanşist qüvvələrin önündə gedirlər və hakimiyyət iddiası ilə yaşayırlar. İyunun 20-də keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində iştirak edib hakimiyyətə gəlmək arzusundadırlar. Belə olan halda hərbi qənimətlərin nümayiş etdirilməsi Ermənistan seçicisi, ictimaiyyəti üçün də böyük əhəmiyyətə malikdir, qoy öz gözləri ilə görsünlər ki, orduları nə qədər miskin vəziyyətdə olub. Bilsinlər ki, Koçaryanın yenilməz dediyi ordu nə qədər bərbad vəziyyətdə olub, Azərbaycan onları diz çökdürüb, necə hərbi qənimətlər ələ keçirilib".

E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə hərbi qənimət kimi ələ keçirilən bütün texnikaların nömrələri nümayiş etdirildi ki, bunun da böyük əhəmiyyəti var: "Vaxtilə ermənilər torpaqlarımızı işğal edərkən mülki şəxslərin avtomobillərini ələ keçirib onların nömrələrini göstərirdilər ki, biz onları buradan qovmuşuq. Ancaq indi kütləvi şəkildə Ermənistana məxsus hərbi texnikaların nömrələrinin nümayiş etdirilməsi bir daha göstərir ki, Ermənistanın ordusu Azərbaycan Ordusu qarşısında nə qədər aciz vəziyyətdə olub. Bu baxımdan çox əhəmiyyətlidir. Orada ələ keçirilən hərbi qənimətlərin sadəcə bir hissəsi göstərilirdi".

Millət vəkili bildirib ki, Hərbi Qənimətlər Parkının açılışı həm də revanşistlərin - Sarkisyan və Koçaryanın hakimiyyətə gəlmək iddiasına böyük zərbədir: "Məsələyə həm də bu prizmadan yanaşmaq lazımdır. Ordu quruculuğu məsələləri bundan sonra da inkişaf etdiriləcək, cənab Prezident ordu quruculuğuna böyük diqqət ayırır. İlham Əliyev hakimiyyətə gələrkən Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar təşkil edirdisə, bu gün 2021-ci ilin hərbi büdcəsi 2,7 milyard dollardır. Bu da böyük fərqdir. Qarşıdakı illərdə hərbi potensialımız daha da güclənəcək və Ermənistan tərəfi bundan dərs almalıdır. Biz bundan sonra Ermənistanla əməkdaşlıq istəyirik, nəqliyyat, iqtisadi əlaqələrin bərpasının tərəfdarıyıq, lakin onlar bundan düzgün nəticə çıxarmasalar və yenə də avantürist təşəbbüslərlə çıxış etsələr, revanşist əməllərindən əl çəkməsələr, dəmir yumruq əməliyyatı təkrarlana bilər. Onlar bunu unutmasınlar".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm