Ermənilər anamı yandırdılar, sonra... - Qohumları əsir düşən Milli Qəhrəmanın qızından DƏHŞƏTLİ ETİRAFLAR
Bizi izləyin

Qarabağ

Ermənilər anamı yandırdılar, sonra... - Qohumları əsir düşən Milli Qəhrəmanın qızından DƏHŞƏTLİ ETİRAFLAR

30 avqust Beynəlxalq itkinlər günüdür. Azərbaycanın birinci Qarabağ müharibəsində 3890 nəfər vətəndaşının taleyindən bu günə qədər hələ də xəbər yoxdur. Onlar indi də itkin sayılırlar. Onların arasında uşaqlar, qocalar, qadınlar, azyaşlılar da üstünlük təşkil edir. Ən çox girov və əsirlər isə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən götürülüb. Qadınlara qarşı təcavüz, uşaqlara qarşı işgəncələr törədilib.

Həmin soyqırımının şahidi, Xocalı soyqırımında hər iki valideynini itirən, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseyonovun qızı Yeganə Həsənovadır. Yeganə xanımın doğmaları, qohumları, qonşuları girov götürülüb. Anasının ermənilər tərəfindən öldürüldüyünü bir rus jurnalsitin fotosunda görüb. Amma Yeganə xanımın anası da itkinlər siyahısındadır. Ermənilərin azərbaycanlıların başına gətirdiyi dəhşətlərdən ürək ağırısı ilə danışıb Yeganə xanım...

Xocalı soyqırımının 12 yaşlı şahidi, anası itkin düşmüş Yeganə Həsənovanın Publika.az-a müsahibəsini təqdim edirik:

- Yeganə xanım, siz XX əsrin ən qanlı soyqırımının – Xocalı genosidinin canlı şahidisiniz. 26 fevral 1992-ci ildə hər iki valideyninizi itirmisiniz. Özünüz əsir düşməsəniz də onlarla qohumunuz erməni əsirliyində, girovluğunda qalıb. Soruşmaq istərdim ki, əsirlikdə onlara hansı işgəncələri veriblər?

- Vallah, mən həmin gecə əsir düşməmişəm. Düzünü demək lazımdır. Amma Xocalıdan onlarla insan tanıyıram ki, ermənilər onları girov götürüb. Qonşularımızdan, qohumlarımızdan əsir düşənlər çox olub. Onlar əsirlikdən qayıdanda danışdıqları hələ də yadımdadır. Biz uşaq olsaq da, onların anlatdıqları dəhşətlər yadımızda qalırdı. Ermənilərin bizimkilərə qarşı elədikləri amansızlıqlar, dəhşət və vəhşətlər heç zaman yaddaşdan silinəsi bir şey deyil. Onlar elə işgəncələrdir ki, mən onları bu gün deməyə utanıram. Çox böyük işgəncələr veriblər. Tək bir cümlə ilə bunu ifadə etmək olmur... (kövrəlir). Ermənilər insan deyillər. Onlara insan adı vermək olmaz. Əsirlərimizin başlarını kəsiblər. Gözlərini çıxarıblar. Dərilərini soyublar. Bir insanın digərinə bu cür vəhşiliklər nə ağla, nə də dünyaya sığası bir şeydir.

- Detallarla ifadə edə bilərsinizmi həmin vəhşilik və işgəncə növlərini?

- Qadınların, kişilərin ağızlarındakı qızıl dişlərini çıxarırlarmış. Əsirlikdən qayıdanlar danışırdı ki, hamilə qadınların diri-diri qarınlarını yarır, körpələrini çıxarır, yerinə pişik balası qoyurlarmış... Qollarını kəsirlərmiş, kəlbətinlə dişlərini çıxarırlarmış... Günlərlə yemək-su belə vermirlərmiş. Mən 11 yaşında həmin gecə hər iki valideynimi itirdim. Milli Qəhrəman Tofiq Hüseynov mənim atamdır. Həmin gecə anamı da öldürdülər. Bu günə qədər anımın məzarı belə yoxdur. Xocalı soyqırmından qısa müddət sonra ermənilər azərbaycanlı girovlara, Xocalıdan əsir götürdükləri mülki şəxslərə quyular qazdırıblar. Meşədə, yolda, orada-burada öldürdükləri günahsız qocaların südəmər uşaqların, qadınların, qızların meyitlərini quyulara doldurublar. Meyitlərin üzərinə benzin töküb cəsədlərini yandırıblar. Sonra da torpaqla üstünü örtüblər. Həmin quyulara doldurulub dəfn edilənlər arasında mənim anam da olub. Bunu sonradan əsirlikdən qayıdanlar deyib.

- Bəs indi Xocalıya qayıdanda doğmalarınızın işgəncə gördüyü, hər iki valideyninizi itirdiyiniz o yerlərə geri dönmək sizi ağrıtmayacaq ki..?

- Xeyr, mən bu gün hamıdan çox Xocalıya qayıtmaq istəyirəm. Ona görə bu dəqiqə Xocalıya qayıtmaq istəyirəm ki, anamın şəhid olduğu yerə gedəm, cəsədinin atıldığı, sonra üstünə benzin töküb yandırıldığı quyudan heç olmasa sümüklərini yığmaq istəyirəm. Bu gün mənim anam da itkinlər siyahısındadır. Cəsədindən də xəbər yoxdur. Xocalıda Quba soyqırımı memorialı kimi bir abidə yaradılsın ki, mənim anamın da məzarı olsun. Babam, nənəm, bütün əzizlərim həmin gecə şəhid düşüblər. Yoxdular, onların məzarı belə yoxdur (kövrəlir). Mənim anamı evimizin yanındakı çəkil ağacının altında vurublar. Bir rus jurnalistinin çəkib gətirdiyi şəkildə anamın cəsədinin fotosu vardı. Mən soyqırımından 16 il sonra bildim ki, anam şəhid olub, mən elə bilirdim ki, itkindir və ya əsirlikdədir. Həmin rus jurnalist söylədi ki, həmin şəkillərin çəkilməsinə ermənilər bir şərtlə icazə verdilər.

- Hansı şərtlə?

- Ermənilər rus jurnalistlərə deyiblər ki, şəkilləri çəkin, amma deyin ki, ermənilər soyqırımına məruz qalıb. Güya azərbaycanlılar bu soyqırımını ermənilərə qarşı törədiblər. Bu qədər alçaqlıq, şərəfsizlik, vicdansızlıq olarmı?! Mənim əzizlərimin meyitlərinin şəkillərini ermənilər öz soyqırımları kimi dünyaya çatdırmaq istəyirlər. Görün nə qədər bic, murdar millətdirlər. İndi danışdıqca mən daha da pis oluram. Əlimdə əlac ola onları boğaram, iki valideyn itirmək elə bilirsiniz asansdır, 10-12 yaşında atasız, anasız qoydular bizi...

- Ermənilər əsir götürdükləri mülki qadınlarımıza qarşı hansı işgəncələr ediblər?

- Qızlarımızı, qadınlarımızı, yeniyetmələri əsir götürüblər. Üzr istəyirəm ifadəmə görə, 18-19 yaşında qızlarımızın başına oyun açıblar. Neçə-neçə işgəncələrə məruz qoyublar. Mən özüm də qadınam, bu gün özüm də anayam. Mən bilirəm ki, onlar hansı işgəncələrə məruz qalıblar. İllər keçdikcə ermənilərin bizə qarşı etdikləri bizə daha çox təsir edəcək. Kişilərin əsir götürülüb işgəncə verilməsi nə qədər dəhşətlidirsə, günahsız qadınların, uşaqların bu işgəncələrə məruz qalması ikiqat, üçqat dəhşətlidir. Onların heç bir suçu olmayıb. Nə idi onların günahı?! Axı, mənim anamın heç bir günahı yox idi. Qızlarımızın, körpə uşaqlarımızın nə idi günahı?!

- Deyəsən, xalanız da əsir düşüb həmin gecə... Əsirlikdəki işgəncələrlə bağlı nələr danışıb?

- Bəli, bəli... Mənim xalamı da ermənilər həmin gecə girov götürüblər. Xalam indi ailəlidir. Amma xalam əsirlikdən qayıdandan sonra bir şeyi dedi ki, (nə bilim, necə deyim e - söyləyərək içdən ah çəkir)... Xalam dedi ki, bizə elə bir vəhşilik elədilər ki, mən öləndə o mənimlə qəbirə gedəcək... Görün, bu qadın bu sözü deyir. Görün, ermənilər nə ediblərsə, xalam utanır, onların nə etdiklərini deyə bilmir. Xəcalət çəkir. Ermənilər bizə qarşı bax belə bir vəhşilik elədilər. Qadınlarımıza, qızlarımıza təcüvüz ediblər, alçaldıblar. Kaş bütün girovlara bir güllə dəyəydi, öləydilər, amma işgəncələrə məruz qalmayaydılar. Mən anamın şəhid olduğunu eşidəndə hansı hissləri keçirdiyimi bilmədim. Bilmədim ki, sevinim, yoxsa ağlayım.

- Niyə, hissləriniz niyə qarışdı ki?

- Ona görə ki, xalamın, qohumlarımın, doğmalarımın, qonşularımın girovluqda başına gətirilənləri o görmədi. Mən buna şükür elədim. Bir tərəfdən pis oldum ki, kaş qayıdanlar arasında mənim anam da olaydı. Onunla bağlı arzularım puç oldu. Onu necə qucaqlayacağımı, sarılacağımı düşünürdüm. Əsirlikdəki dəhşətləri eşidəndən sonra fikirləşdim ki, yaxşı ki, mənim anam ölüb, dəhşətləri görməyib. Amma necə, hansı şəraitdə ölməyini də bilmirəm. Çünki görməmişəm. Onun meyitinin şəkli var, görün əl-ayağı hansı vəziyyətdədir. Amma mən onun əl-ayağını da düzəldə bilmədim. Mən onu kəfənləyə bilmədim (kövrəlir). İnanın ki, hər dəfə o şəkilə baxanda hansı hisslər keçirdiyimi təsəvüvr edə bilməzsiniz. İnşallah, birinci evimizə yox, anamın şəhid olduğu yerə gedəcəm (ağlaya-ağlaya, qırıq-qırıq danışır). Sonra da atamın ən çox sevdiyi bulağa gedəcəm və o sudan gətirib atamın qəbrinin üstünə tökəcəm. Atamın qəbri Şəhidlər Xiyabanındadır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm