“İnsanların həyatını xilas edirik” – pilotla İŞGÜZAR SÖHBƏT
Bizi izləyin

Qırmızı.az

“İnsanların həyatını xilas edirik” – pilotla İŞGÜZAR SÖHBƏT

Onlar dünyanı sərhədsiz görürlər. Əsas missiyaları hadisə yerinə vaxtında çatmaq və insan həyatını xilas etməkdir. Söhbət Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin pilotlarından gedir.

Publika.az "İşgüzar söhbət" rubrikasında 30 ilə yaxın helikopterlə səmaları fəth edən, xilasedici missiyasını layiqincə yerinə yetirən pilot Etibar Nəzərovla müsahibəni təqdim edir.

28 il helikopter sükanı arxasında

- Pilotların heç vaxt etmədiyi hərəkətlər, pis əlamət hesab olunan inanclar var. Mən bunu təyyarə pilotları ilə bağlı oxumuşdum. Məsələn, təyyarə pilotları uçuşdan əvvəl şəkil çəkdirmir və ya qırılan düyməni tikmirlər. Maraqlıdır, sizdə də belə inanclar varmı?

- Mən 28 ildir helikopterdə uçuram. Gənclik illərində ola bilsin ki, elə hisslər olsun. Bu pilotun düşdüyü mühitdən də asılıdır. Mən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişəm. Biz müharibə vaxtı şəkil çəkdirməyi, müsahibə verməyi xoşlamırdıq. Bilirsiniz, hamımız Allaha inanırıq və düşünürük ki, hər şey Allahın əlindədir. Mən bu hissləri çoxdan yaşamışam və belə inanclara etibar etmirəm.

- İki müharibədə iştirak etmisiniz. Müharibə illərini necə xatırlayırsınız?

- Müharibə Azərbaycan xalqını elə bir zamanda haqladı ki, həm daxili, həm də xarici vəziyyət, baş verən hadisələr fonunda milli ordumuzun təməli döyüşə-döyüşə qoyuldu. Mən "Mi-8" helikopterində uçmuşam. Bizim işimiz axtarış-xilasetmə, yaralıların təxliyyə olunması, döyüş helikopterlərinin müşayiət edilməsi, hər hansı hadisə baş verərsə, onların həmin zonadan çıxarılması olub. Qırıcı təyyarələrimiz düşmənə zərbə endirərkən biz də həmin bölgədə uçuşlar yerinə yetirirdik ki, hər hansı hadisə baş verdiyi zaman pilotlarımızın bölgədən çıxarılmasına hazır olaq. Mənim əsas döyüş yolum Füzuli, Cəbrayıl, Zəngilan və Murov dağından keçib. Öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmişik.

1993-cü ildə ümummilli liderimiz Azərbaycana qayıtdıqdan sonra ordumuz tam olaraq formalaşdı. Mən bir peşəkar hərbçi kimi deyə bilərəm ki, o vaxta qədər hərc-mərclik var idi. Bölgələrdə yaradılmış batalyonların vahid komandanlığı yox idi. Əslində isə orduda bir komandir, vahid əmr olmalıdır.

- Bəs necə oldu ki, pilot oldunuz? Uşaqlıq arzunuz idi?

- Mənim doğulub böyüdüyüm Şəmkir rayonunda hərbi aerodrom var idi. Pilot olmaq fikri məndə ani yaranıb. O zaman qardaşlarım hərbi xidmətdən gəlmişdi, hamısı da həvəslə xidmət haqqında danışırdılar. Düşündüm ki, hərbçi olmalıyam və aviasiyanı seçdim. Mənə qədər ailəmdə hərbçi olmayıb. Məndən sonra bacım uşaqları bu yolu davam etdirirlər. Oğlum da pilot olacaq və hazırda Mülki Aviasiya Akademiyasında oxuyur. İnşallah, təhsilini uğurla başa vurar.

- İndiyə qədər neçə saat uçmusunuz?

- Ümumi uçuş saatım 3000 saatdır.

- Xarici ölkələrə də uçuşlar keçirmisiniz?

- Bəli. Xarici ölkələrə ezamiyyət uçuşları keçirmişəm. 2010-cu ildə Rusiya Federasiyasının Ryazan vilayətində baş verən yanğınların söndürülməsində iştirak etmişəm. Həmin ilin dekabr ayında İsrailin Hayfa şəhərindəki yanğınlarda bizim Aviasiya Dəstəsinin 2 helikopteri və 19 əməkdaşı ilə humanitar yardım aparmışıq. Əldə etdiyimiz nailiyyətlərə görə dəstəmizin şəxsi heyəti həmin ölkələrin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Aviasiya Dəstəsinin rəisi "Şücaət" ordeni ilə təltif olunub. Dəstə yarandığı 2006-cı ildən bu günə qədər istər ölkə daxilində, istərsə də xaricdə çox böyük işlər görüb. Yəmən Respublikasında, Nepalda baş verən hadisələrdə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən "B-200 ÇS" tipli təyyarəmiz həm humanitar yardım göstərilməsində, həm də vətəndaşların təxliyyəsində iştirak edib. Bu uçuşların yerinə yetirilməsində həm uçuş heyəti, həm də yerüstü xidmətlərin zəhmətləri var.

Pilot olmaq üçün...

- İlk uçuşunuzu necə xatırlayırsınız?

- Mənim ilk uçuşum 1987-ci ildə Uzaq Şərq Hərbi Dairəsində - Xabarovskda olub. Düzünü desəm, ilk uçuş mənim üçün inanılmaz idi. Bir an kimi gəlib keçdi. Paraşütdən tullanmada da həmin hissləri keçirirsən. İlk dəfə heç nə hiss eləmirsən. İkinci, üçüncüdə dərk edirsən ki, Allah eləməsin, nə baş verə bilər.

- Bu müddətdə havada olmağınızdan heç peşman olmusunuz?

- Xeyr. Ona görə ki, bizim tapşırıqlarımızın yerinə yetirilməsindən kiminsə həyatının xilas olunması asılıdır. Biz o uçuşu yerinə yetirməliyik. Çünki kiminsə həyatını xilas etməklə yaxınlarına sevinc bəxş edə bilərik. Əgər dünyasını dəyişibsə, həmin şəxsin cəsədini tapıb ailəsinə veririk. Bu nə qədər ağır olsa da, o insanların gözündə minnətdarlıq hissini görürük. Axı öz həyatımız bahasına onları xilas edirik.

- Pilot olmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır?

- Pilot olmaq üçün ilk növbədə bu işi sevmək lazımdır.

- ... Yəqin ki, ən əsası, qorxu hissi olmamalıdır...

- İstək, arzu olan yerdə, mənə elə gəlir ki, qorxu da, həyəcan da, təlaş da kölgədə qalır. Aviasiyanı seçmək, pilot olmaq üçün seçdiyin peşəyə bir sevgi olmalıdır. Sənətini sevmək və öz üzərində çalışmaq, çox oxumaq lazımdır. Aviasiyanın qanunu budur. Aviasiya dəstəmiz gənc olmasına baxmayaraq, həmişə irəliyə doğru addımlayıb. Şəxsi heyətin oxuması, uçuşları yerinə yetirməsi, istirahəti üçün hər cür şərait yaradılıb. Biz də bunlardan istifadə edərək qarşımıza qoyulan tapşırıqları keyfiyyətlə və vaxtında yerinə yetirmək üçün əlimizdən gələni edirik.

- Bəs uçuşa necə hazırlaşırsınız, necə qidalanırsınız, nə qədər yatırsınız?

- Uçuşdan qabaq pilotun 8 saat sağlam yuxusu olmalıdır. Biz təlim-məşq uçuşları zamanı "uçuşa hazırlaş" tapşırığını alanda, əvvəlcədən dincəlirik, həkim müayinəsindən keçirik. Hər bir pilotun müəyyən uçuş tapşırığı var. Bir helikopterdə 4-5 pilot dəyişir. Uçuşlarımız bu cür yerinə yetirilir.

- Qaranlıqda və ya işıqda uçmağın fərqi varmı sizin üçün? Və ya hansı daha çətindir?

- Çətinlik deyəndə, hər bir hava şəraiti üçün pilotlar müvafiq hazırlıq keçirlər. Əvvəlcə, helikopterdə uçuş ən asan çalışmadan başlayır və çətinə doğru mərhələli şəkildə dairəvi uçuşa qədər davam edir. Gündüz çalışmaları bitdikdən sonra təlimatçılar tərəfindən pilotlara gecə uçuşlarına və mürəkkəb hava şəraitində uçuşlara da icazə verilir.

- Helikopterdə pilot kimi uçmaq daha yaxşıdır, yoxsa sərnişin kimi? Hansını istəyərdiniz?

- Nə qədər ki, sağlamlığımız, rəhbərliyimiz icazə verir, şəxsən mənim üçün sərnişin kimi yox, heyət üzvü kimi uçmaq daha yaxşıdır. Qeyd edim ki, idarə etmək üçün helikopter ən çətin hava nəqliyyatı növüdür. Təyyarə avtomatik sürət qutusu olan avtomobil kimi özü gedir. Helikopterdə isə insanın, demək olar ki, bütün orqanları - əli, ayağı, başı daima işləyir.

- İşlədiyiniz müddətdə başınıza gələn, sizə təsir edən maraqlı hadisələri xatırlamanızı istərdim. Ən çətin uçuşunuz hansı olub?

- Həm çətin, həm də sonradan rahatlıq gətirən şərəfli uçuş təxliyyə elədiyin sağ insanı gətirərkən və ya meyiti ailəsinə verərkən olan uçuşlardır. Bu zaman insan mənəvi rahatlıq tapır.

2008-ci ildə Qobustanda sel daşqınları zamanı iki qardaş bir çayın ortasında ağac kötüyünə ilişib qalmışdı. Biz təlim-məşq uçuşları keçirirdik, bu zaman göstəriş gəldi və ora yollandıq. İki balaca uşaq bir-birinə sarılmışdı, qorxudan titrəyirdilər. Xilasedici qurğu ilə onları çətinliklə helikopterə mindirdik. Təsəvvür edin ki, onları xilasedici səbətə qoyan kimi həmin yeri su yuyub apardı. Heç nə hiss eləmirdilər, şokdaydılar. Həkimlər iynə vurub sakitləşdirdilər. Onları analarına təhvil verdik. Analarının əllərini göyə qaldırıb bizə dua etməsini görəndə istər-istəməz gözlərim yaşardı. Bu, sevinc göz yaşları idi. Bizim orada operativ işləməyimiz, vaxtında yetişməyimiz, işlərin vaxtında görülməsi... Ən yaddaqalan uçuşlardan biri də bu olub.

- Pilotun ən böyük arzusu nə ola bilər, mənim üçün çox maraqlıdır...

- Mənim Azərbaycan vətəndaşı kimi ən böyük arzum Qarabağ səmasında uçuşlar yerinə yetirməkdir. İtirdiyimiz torpaqlarda ayaqyalın gəzmək, həmin bulaqlardan su içmək, o dağların əzəmətini, böyüklüyünü bir də görməkdir.

Pilot kimi isə bütün Azərbaycan aviasiyasının şəxsi heyətinə uğurlar arzu edirəm.

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm