“Babək”in “Əbu İmran”ı – rəsmi Lozanna muzeyində saxlanan azərbaycanlı – İŞGÜZAR SÖHBƏT
Bizi izləyin

Qırmızı.az

“Babək”in “Əbu İmran”ı – rəsmi Lozanna muzeyində saxlanan azərbaycanlı – İŞGÜZAR SÖHBƏT

“Babək”in “Əbu İmran”ı – rəsmi Lozanna muzeyində saxlanan azərbaycanlı – İŞGÜZAR SÖHBƏT

- Əl saxlayın! Doğrayın məni, əgər bu ədavət, tayfa davası, tökülən qardaş qanı sizinçün bəs olmadısa, öldürün məni!

- Çəkil, igid...

Bu dialoq çəkildiyi il 35 milyon tamaşaçı auditoriyası qazanmış, 60-a yaxın ölkə tərəfindən alınmış "Babək" filmindəndir.

Epizodda filmin əsas qəhrəmanı "Babək"lə – Rasim Balayevlə yanaşı, "Cavidan"ı - Azərbaycanın əməkdar artisti Şahmar Ələkbərov və "Əbu İmran"ı görürük. Rasim Balayev və Şahmar Ələkbərovdan fərqli olaraq "Əbu İmran"ın kim olmasından çoxlarımız xəbərsizik. Amma sən demə, "Babək" filmində bu cür maraqlı döyüş səhnələrinin çəkilməsi həmin şəxsin sayəsində baş verib. Ən əsası, "Babək"ə qılıncla döyüşməyi məhz o - Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti, dəfələrlə bu idman növü üzrə çempion olmuş Yaşar Məmmədov öyrədib.

Yaşar Məmmədov Publika.az-ın "İşgüzar söhbət" rubrikasında həm filmin çəkilişi, həm də şəxsi həyatı ilə bağlı maraqlı faktlardan, idman hadisələrindən danışıb.

16 dəfə dalbadal ölkə çempionu...

Onun sözlərinə görə, uşaqlıq illərində ilk arzusu boksçu olmaq imiş: ""Spartak" İdman Cəmiyyətində məşq keçdim. İdman klublarında çıxış etməyə başladım. Orta məktəbi bitirib Xalq Təsərrüfatı İnstitutuna daxil oldum. Tələbəlik illərində həndbol oynadım, yarışlara qatıldım...

Qılıncoynatma səhnələri ilə zəngin olan "Üç muşketyor" romanını oxuyandan sonra bu idman növünə marağım artdı. Bir dəfə Maksim Qorki küçəsində elan gördüm. Qərara aldım ki, "Neftçi" və "Dinamo" idman klublarında qılıncoynatma idmanı ilə məşğul olum...

Smolenskdə keçirilən SSRİ birinciliyinə qatıldım. Rəqiblərimin hamısına qalib gəlib birinci yerı çıxdım...

Bundan sonra qələbə seriyaları başladı. Düz 16 dəfə dalbadal ölkə çempionu oldum".

"Yaramı büstqalterlə bağladılar..."

Yaşar Məmmədov deyir ki, ittifaq və beynəlxalq miqyaslı yarışlarda maraqlı anlar, yaddaqalan hadisələr çox olub: "1967-ci ildə Moskvada yarışöncəsi məşqdə qabırğam sındı. Hər 3 saatdan bir "Novokain"lə ağrını blokada edirdilər. (Gülərək) Yaramı qadın büstqalteri ilə bağlayıb sarıdılar. Bütün bunlara baxmayaraq, 96 idmançı arasında finala yüksəldim. Belə ağır vəziyyətdə qalib gəldiyim idmançılardan üçü dünya çempionu idi.

Keçmiş dünya çempionu Kaştarov dedi ki, "Məmmədov, hər ikimiz qafqazlıyıq, bəlkə mənə uduzasan". Cavab verdim ki, "bu gün doğum günümdür. Özüm özümə hədiyyə etmək istəyirəm".

O, mənə qalib gələ bilməyəcəyini görüb, qaydaları pozdu. Məni arxadan vurdu. Buna görə də az hesab fərqi ilə uduzub ikinci yerdə çıxdım".

"Hakimin cibinə 50 manat qoydum..."

Həmsöhbətim deyir ki, ermənilərin Azərbaycan xalqına qarşı çirkin niyyətləri hələ Sovet dövründəki qılıncoynatma yarışlarında da özünü büruzə verirdi: "Fikir verirdim, ermənilərin oyunlarını həmişə ukraynalı hakimlər idarə edirdilər. Başa düşdüm ki, burda nəsə kələk var. Ermənilər hər dəfə hakimləri müxtəlif vasitələrlə ələ alırdılar ki, qalib olsunlar.

1976-cı ildə Lvovda məktəblilər arasında Spartakiada keçirildi. Bu dəfə hakimin cibinə 50 manat qoydum. Soruşdu ki, bu nədir? Cavab verdim ki, yarışı ədalətlə idarə etsən, bunun davamı olacaq.

Yarış başladı. İdmançılarımız erməniləri üstələdilər. Qılıncoynadanlarımız hər raundda qalib gələndə Qriqoryan məşqçi Amikdən soruşdu ki, "Amik, bu nədir?" Bizim komandanın üzvləri arasında da iki erməni vardı. Qriqoryanın suallarından bezən Amik axırda üzünü ona tutub dedi ki, "Bakıdan gələnlərin də arasında erməni var. Yəqin, hakim bizimkiləri onlarla dəyişik salıb".

Hakim daha ermənilərin xeyrinə tərəfkeşlik etmədi. Onları elə sındırdıq ki..."

"Babək"dəki döyüş səhnələrini mən qurdum"

Y.Məmmədov bildirir ki, o, "Babək" filminin çəkilişlərinə tələbələri ilə birlikdə qatılıb. Məqsəd həm aktyorlara qılıncla döyüşməyi öyrətmək, həm də döyüşçü kimi çəkilmək idi: "Rejissor Eldar Quliyev xahiş etdi ki, aktyorlara döyüş səhnələrini öyrədək. Tələbələrimlə filmdə çəkilənlərə qılınc oynatmağı, döyüşməyi öyrədirdik. Filmdə döyüşçü kimi çəkilmiş qılıncoynadanlar arasında rus və digər millətlərdən olan idmançılar da vardı. "Babək"dəki səhnələri mən qurdum. Sonradan mənə dedilər ki, "Yaşar müəllim, sınaq çəkilişlərinə baxanda "Babək"in -Rasim Balayevin döyüş səhnələrində gözünü qırpdığını görürük. Bəziləri buna çox sevinirdi...

Rasimi kənara çəkib dedim ki, "sənin çəkilməyinin əleyhinə çıxanlar var. Deyirlər ki, "Nəsimi"dən "Babək" olmaz. Sənə maskasız, dəbilqəsiz dərs keçəcəm. Gərək maskasız döyüşməyi öyrənəsən".

Amma bu, təhlükəli idi. Qılınclar ağır idi, lakin kütləşmişdilər. Hətta kinostudiyadan, Mədəniyyət Nazirliyindən məşqləri izləyənlər belə, qorxurdular ki, birdən qılınclar bunlara dəyər. Taxtadan düzəldilənlər isə sındığından, işə yaramadı.

Rasim Balayevə 8-9 gün məşq keçdim. Qısa müddətdə hər şeyi öyrəndi.

Ümumiyyətlə, tələbələrimlə birlikdə filmin çəkiliş qrupunun üzvlərinə 2 ay qılıncla davranmağı, döyüşməyi öyrətdim. Məşqlər başa çatdıqdan sonra Naxçıvana getdik. Qılıncoynadanlarımız əyinlərinə döyüşçü paltarları geydilər. Filmdə təxminən 30 tələbəm çəkildi.

Çəkilişlərə Sovet ordusunun 2000-ə yaxın əsgəri cəlb olundu. Naxçıvana göndərilən əsgərlər arasında ruslar da vardı. Dağın üstündə taxtadan dekorasiya edib, "qala" düzəltdilər...

Operator əsas planda tələbələrimi çəkir, əsas döyüş səhnələrində qılıncoynadanlar iştirak edirdilər. Qabaqda kimlər döyüşürdüsə, onlara 7 manat, arxada çəkilənlərə isə 3 manat pul ayrılmışdı. (Gülərək) Ancaq bəzən heç o 7 manatı da vermək istəmirdilər...

Çəkiliş başlayanda dedilər ki, Yaşar müəllim, filmdə Əbu İmran epizodu var. Cəmi iki söz deyir. Bəlkə, həmin epizoda sizi çəkək". Mən də razılaşdım. Məşq etdirdiyim tələbələrin bir qismi "Cavidan"ın – Şahmar Ələkbərovun, bir qismi də mənim – "Əbu İmran"ın döyüşçüləri kimi çəkilirdi. "Cavidan"la mənim döyüş səhnəmin məşqləri başladı. Ssenariyə görə, "Babək" bizim aramıza girib ayırmalı idi. Mən isə "Çəkil, igid" deməliydim. Məşq zamanı "Babək" aramıza girib, "Əl saxlayın, doğrayın məni, əgər bu ədavət bəs olmadısa, öldürün məni" deyə, bizi ayırmaq istəyəndə özümdən yaşca balaca olan Rasim Balayevə ərkyana və zarafatla "get hoppan..." dedim. Hamı uğundu. Xeyli güldülər...

Beləcə, çəkiliş başladı. Mən "Cavidan"a qılıncla zərbə endirdim. Onun bədənində əvvəldən yerləşdirilən "qan" axmağa başladı. Dönüb getmək istədikdə isə Şahmar Ələkbərov guya qılıncıyla arxadan məni ölümcül yaraladı.

Saçlarımın arasında saxta qan yerləşdirmişdilər. "Cavidan" başıma qılınc zərbəsi endirmək istəyəndə öz qılıncımla zərbənin qarşısını kəsdim. Çəkiliş zamanı isə əlimi başıma tutdum. Guya qılınc başıma dəydi. Saçlarımı sıxdım və "qan" başımdan, üzümdən, saqqalımdan axdı. Epizod o qədər uğurlu alındı ki, rəhmətlik anam bu səhnəni görəndə "Allah evini yıxmasın, yazıqsan. Bu nədir?" dedi".

Hər dəfə atdan yıxılmağa görə 25 manat...

Müsahibim deyir ki, "Bir qalanın sirri" və "26 Bakı komissarı" filmlərində də epizodik rollara dəvət alıb: ""26 Bakı komissarı" filmində Mikoyanın roluna çəkmək istəyirdilər. Lakin alınmadı.

Sonrakı illər filmlərə çəkilmədim. Çünki elə edirdilər ki, çəkilmək istəmirdin. Qaydalara əsasən, filmdə hər dəfə atdan yıxılmağa görə 25 manat verilməliydi. Bir baş leytenant vardı, yazığı bir gündə 6 dəfə atdan yıxdılar, amma cəmi 25 manat verdilər. 5 dəfə yıxılmanın pulu isə ciblərə gedirdi...".

"Heydər Əliyev məni "Şöhrət" ordeni ilə təltif etdi"

80 yaşlı idman veteranı, bir neçə dəfə dünya çempionu olmuş Yaşar Məmmədova Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələrdən dəvətlər gəlsə də, o, Vətəndə qalmağa üstünlük verib: "1992-ci ildən 1997-ci ilə qədər Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifəsində çalışmışam. 1972-ci ildə isə qılıncoynatma üzrə Azərbaycan yığmasının baş məşqçısı təyin olundum. O vaxt hamı 70-80 manat maaş alanda, mənə 217,5 manat maaş təyin etdilər. Bu vəzifədə 40 ilə yaxın çalışdım. 18 il federasiyanın prezidenti vəzifəsini icra etdim. İndi tələbələrimdən biri bu vəzifəni tutur.

Milli Olimpiya Komitəsinin 10 illiyi ilə əlaqədar Heydər Əliyev məni "Şöhrət" ordeni ilə təltif etdi. 2005-ci ildə isə ölkə başçısı İlham Əliyev mənə mənzil bağışladı. 2007-ci ildə prezident təqaüdü ayırdı. Hər ay 1000 manat təqaüd alıram.

14 dəfə Amerikada olmuşam. Cənubi Afrika Respublikasında, Venesuelada, Meksikada, 10-12 dəfə İtaliyada, Almaniyada, İngiltərədə, Fransada, Rumıniyada, Türkiyədə və digər Avropa ölkələrində, İranda dəfələrlə olmuşam.

Cənubi Koreyaya, Çinə və digər Asiya ölkələrinə səfərlər etmişəm. Amma Çinə və Koreyaya getməyəcəyimə tövbə etdim. Çünki ilan yeyirlər".

"Şəklimi Lozanna muzeyinə vurublar..."

Yaşar Məmmədovun sözlərinə görə, qılıncoynatmanın inkişafına verdiyi töhfə beynəlxalq səviyyədə də qiymətləndirilib: "Bu idman növü üzrə dəfələrlə Olimpiya və dünya çempionu olduğumdan, habelə idmanın bu növünə dəstək verdiyimdən, Dünya Qılıncoynatma Federasiyasının Lozanna şəhərində keçirilmiş beynəlxalq konqresində fərqlənmə diplomu ilə təltif edildim. Şəklimi Lozanna muzeyinə vurublar. Altından qızılı hərflərlə qılıncoynatma idman növünün inkişafına verdiyim töhfələr barəsində qeydlər yazılıb.

Bir maraqlı fakta da toxunum: 1993-cü ildə ABŞ-da keçirilən beynəlxalq qılıncoynatma yarışında Azərbaycanı Məmmədov soyadlı 4 nəfər təmsil edirdi: mən və 3 oğlum. Bir ailədən 4 nəfər. Oğlanlarımın üçünü də boks məşqlərinə göndərirdim. Amma onlar da sonradan qılıncoynatma ilə məşğul olmağa başladılar.

Oğlum İlqar qılıncoynatma üzrə ikiqat dünya çempionu olmuş yeganə azərbaycanlıdır. 1988-ci ildə Seulda keçirilən yarışda dünya çempionu olmuş ilk azərbaycanlıdır. 1996-cı ildə isə Rusiya komandasının üzvü kimi ikinci dəfə dünya çempionu oldu. Gənclər və idman naziri tərəfindən "Əsrin ən yaxşı idmançısı" fəxri adı ilə təltif edildi. Artıq bir neçə ildir Rusiyanın Qılıncoynatma idman növü üzrə yığma komandasının baş məşqçisidir. Həyat yoldaşı -gəlinim Yelena Jimayeva da ikiqat dünya çempionudur. O, bir dəfə qılıncoynatma üzrə dünya çempionatında üçüncü, bir dəfə də ikinci olub. Prezidentimiz ona mənzil bağışlayıb. Ölkəmizin başçısı Rusiya prezidenti ilə görüşündə dedi ki, "azərbaycanlı idmançı dünya birinciliyində Rusiyanın, rus isə Azərbaycanın bayrağını qaldırıb. Bu, xalqlarımızın dostluğuna ən bariz nümunələrdəndir".

Nəvələrim arasında da yolumu davam etdirən var. İlqarın qızları qılıncoynatma ilə məşğul olurlar.

Yeri gəlmişkən, 2002-ci ildə ozamankı gənclər, idman və turizm naziri Əbülfəs Qarayev tərəfindən mən qılıncoynatma idman növü üzrə "Əsrin ən yaxşı məşqçisi" şəhadətnaməsi ilə təltif edilmişəm".

Anar Tağıyev

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm