Kanadalı alimin Bakıda başına gələn ilginc olaylar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kanadalı alimin Bakıda başına gələn ilginc olaylar - FOTOLAR

Hər ölkənin sürətli inkişafı onun təhsilinin tərəqqisindən keçir. Bu prosesdə yerli mütəxəssislərlə yanaşı, yüksək təcrübəyə malik əcnəbi ekspertlərin də yer alması olduqca vacibdir. Son illər respublikamıza xarici təhsil mütəxəssislərinin, alimlərinin gəlişi nəzərəçarpacaq dərəcədə çoxalıb. Hazırda Qafqaz Universitetində çalışan kanadalı elmlər doktoru Feis Ratçvord da öz təcrübəsini azərbaycanlı müəllim və tələbələrlə bölüşür.

Əcnəbi dilçi Publika.az-ın "Biz onların gözündə" rubrikasının qonağı olub. Onunla söhbətdə təhsil sistemi, Azərbaycan haqda təəssüratları, habelə qarşılaşdığı digər məqamlara toxunduq:

"Azərbaycanlı tələbələr..."

1959-cu ildə Kanadanın mərkəzi əyalətlərindən birində yerləşən Kaledoniya adlı kənddə doğulan Feis Ratçvord deyir ki, indi gözəl məkana çevrilmiş bu gözəl yurdunda o vaxt cəmi 3 min sakin yaşayırdı: "Ailənin böyük övladı olmuşam. Atam müxtəlif ölkələrə səfər etdiyindən ayrı-ayrı vaxtlarda bir-birindən fərqli dövlətlərdə yaşamışıq. Orta təhsilimi başa vurduqdan sonra ali təhsil aldım. Sevdiyim sahə üzrə ixtisasa yiyələndim. Hazırda Kanadadakı universitetlərdən birində çalışıram. Ailəliyəm, övladım yoxdur".

İyunun ilk həftəsinə qədər Azərbaycanda olacağını deyən kanadalı mütəxəssis bildirir ki, bu, onun respublikamıza ikinci gəlişidir: "Azərbaycana ilk dəfə ötən ilin noyabrında gəlmişəm. İkinci gəlişim xüsusi layihə ilə bağlı idi. Hazırda Qafqaz Universitetinin Dillər Məktəbində tələbələrlə ingilis dili dərslərində iştirak edirəm".

Feis Ratçvordun sözlərinə görə, tələbələr, ümumiyyətlə, gənclərimiz bir sıra müsbət cəhətləri ilə digər ölkələrin gənclərindən seçilirlər: "Azərbaycanlı tələbələr özləri öyrənməyə, bilik dairələrini genişləndirməyə meyllidirlər. Bu səbəbdən universitetin daxilində gəzməyə ehtiyac yoxdur. Tələbələr özləri gəlib məni tapır, bilmədiklərini soruşur, fikir mübadiləsi aparırlar".

Əvvəllər Azərbaycan haqqında geniş məlumatı olmayan kanadalı mütəxəssis hazırda respublikamız barəsində dolğun məlumatlara malikdir: "İndi sizin mədəniyyətinizlə, məişətinizlə yaxından tanış olur, adət-ənənələrinizi izləyirəm. Azərbaycanda məni ən çox təsirləndirən müxtəlif dinlərin, mədəniyyətlərin bu cür mehriban, rifah içində yaşaması, bir-birlərinə uyğunlaşmasıdır. Ayrı-ayrı xalqların nümayəndələri ölkənizdə səmimi, mehriban münasibətlər çərçivəsində yaşayırlar.

Azərbaycan mətbəxi ilə yaxından maraqlanıram. Ən yaxşı şey burada təzə meyvələrin, göyərtilərin satıldığı mağazaların çoxluğudur. Ölkənizin bir sıra dilbər guşələrində - Şəkidə, İsmayıllıda, Oğuzda, Lənkəranda, Lerikdə, Qobustanda gördüyüm mənzərələr məni heyran edib. Çox gözəl, füsunkar ölkəniz var. Həm də bir sıra maraqlı, nadir xüsusiyyətlərə, təbii sərvətlərə malik... Məsələn, Kanadada palçıq vulkanları yoxdur. Bu səbəbdən Qobustanın palçıq vulkanları diqqətimi xüsusi olaraq cəlb etdi. Suraxanı atəşgahı Azərbaycanın hələ qədim zamanlardan yaşayış məskəni olduğunu göstərir".

"Satıcı çörəyi verib, üzümdən..."

Masazır qəsəbəsində yaşayan Feis Ratçvord qarşılaşdığı maraqlı hadisələrdən də söz açdı: "Qəsəbədə özümdən savayı başqa əcnəbi ilə rastlaşmamışam. Amma bəzi maraqlı hadisələrlə qarşılaşmışam. Bir dəfə çörək almağa getmişdim. Balaca pəncərəsi olan mağazadan satıcını səslədim. Lakin azərbaycanca bilmədiyimdən satıcını çətinliklə başa sala bildim. Ona əlimlə işarə etdim ki, çörək istəyirəm. Satıcı çörəyi əlinə alıb mənə yaxınlaşdı. Çörəyi mənə mehribanlıqla, səmimi təqdim edib qucaqladı, üzümdən öpdü.

Bir dəfə də işdən evə qayıdanda gözləmədiyim halla qarşılaşdım. Gül mağazasının qarşısından keçəndə satıcı mənə bir buket gül hədiyyə etdi. O, məni tanımırdı, inanmıram ki, buna layiq nəsə etmişdim".

Feis Ratçvord deyir ki, azərbaycanlıların bu cür ehtiramından, qonaqpərvərliyindən sonra ölkəmizdə özünü çox yaxşı hiss etməyə başlayıb: "Bir dəfə saçlarımı kəsdirmək istədim. Küçədəki gözəllik salonlardan birinin üzərindəki fotolardan buranın qadın gözəllik salonu olduğunu başa düşdüm. Lakin salona daxil olanda sifarişimi heç kimə başa sala bilmədim. Buna görə internetə girməyə məcbur oldum. "Google translate"ə daxil oldum, əvvəlcə mən ingiliscə izah etmək istədiyim sözləri, sonra salonun işçiləri nə demək istədiklərini "google translate"də yazdılar. Proses düz 25 dəqiqə davam etdi. Düz 25 dəqiqədən sonra başa düşdülər ki, sadəcə saçlarımı yumaq və bir qədər qısaltmaq lazımdır".

"İstərdim ki, Azərbaycan..."

Müsahibim deyir ki, Azərbaycanın bölgələrini gəzdikcə insanların nəzakətli olmasına məftunluğunu gizlədə bilmir: "Burada hər kəs səni mehribanlıqla qarşılayır. Hamı istəyir ki, sənə nə cür olursa olsun, kömək etsin, yardım göstərsin. Artıq Azərbaycan dilində də bəzi sözləri öyrənə bilmişəm: – "təşəkkür edirəm", "salam", "inşallah", "çörək", "necəsiniz?".

Xüsusən Azərbaycan xalçaları onun çox xoşuna gəlir. Feis Ratçvordun sözlərinə görə, Azərbaycan xalqının qonaqpərvərliyi onun milli sərvətidir: "Omanda, Qətərdə, Bəhreyndə, Küveytdə, Hindistanda, Avstraliyada, Yeni Zelandiyada, İspaniyada, Şimali Afrika və Şimali Amerika ölkələrinin bir çoxunda, Orta Şərq dövlətlərində olmuşam. Amma heç bir ölkədə Azərbaycandakı kimi qonaqpərvərliklə qarşılaşmamışam".

O, Azərbaycana, o cümlədən Qafqaz Universitetinə gəlişinin əsas məqsədlərini də açıqladı: "Müəllimlərə xüsusi proqramla seminar keçirəm. Eyni zamanda tələbələrə ingilis dilindən dərs deyirəm. Özüm də sizin dilinizlə maraqlanıram. Çox istərdim Azərbaycan dilini elə öyrənim ki, gələcəkdə sizinlə növbəti müsahibədə tam azərbaycanca, tərcüməçinin köməyi olmadan danışım".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm