• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bu badımcanları yemək olmaz! XƏSTƏLİK TƏHLÜKƏSİ - “Maddə 586”

Bu badımcanları yemək olmaz! XƏSTƏLİK TƏHLÜKƏSİ  - “Maddə 586”

Sizi bilmirəm, amma mən bu tərəvəzdən hazırlanan yeməkləri çox sevirəm. Qabığı qalın, içi ətli, çoxlu toxumları var. Nə qədər qəribə olsa da elm adamları bu kobud bitkini quş üzümü cinsinə aid edirlər. Çiy-çiy çox dadsız və bəzən acıdır. Amma tərkibində insan orqanizminə faydalı olan nələr var, nələr - karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər (3,2 %) olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları. Söhbət Azərbaycan mətbəxinin şah yeməklərindən hesab edilən "üç bacı" dolmasının əsas kontingenti sayılan badımcandan gedir. O badımcan ki, bəzən öldürücü də olur. Bəs keyfiyyətli badımcanı necə tanıyaq?

Oxucularımıza bu işdə Publika.az-ın "Maddə 586" layihəsi yardımçı olacaq.

Badımcanın növləri

Əvvəla qeyd edək ki, badımcan qidalılıq xüsusiyyətinə, yüksək dadına və kaloriliyinə görə qiymətli tərəvəz bitkisi sayılır. Onun vətəni Hindistandır. XVII-XVIII əsrlərə qədər dekorativ bitki kimi tanınıb. XVIII əsrdən artıq Qafqazda becərilməyə başlanıb. Hazırda badımcanın Universal-6, Simferopol-105, Uzun bənövşəyi- 239, Konservlik-10, Don-14, Delikates, Bolqar 0-14, Krım-714 və Şavqremani-9 kimi sortları var. Azərbaycanda isə əsasən uzun bənövşəyi-239 və Yerli Abşeron sortu becərilir. O ki qaldı badımcan ölçüsünə və formasına, buna görə belə qruplaşdırılır: Xırdameyvəli armudaoxşar badımcanların uzunluğu 8-10 sm, diametri 5-7 sm, irimeyvəli armudaoxşar badımcanda isə uyğun olaraq 10-18 və 8-13 sm, silindrformalı orta və iri ölçülü badımcanların uzunluğu 10-25 sm, diametri isə 5-8 sm-dir. Çəkisi 50 qr-dan 100 qr-a qədər (bəzən 2000 qr-a qədər) olur. Lakin çox vaxt 100-300 qr irilikdə dərilir.

Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən (120-140 günə) və gecyetişən (140 gündən çox) sortları olur. Badımcan açıq bənövşəyi və ya tünd bənövşəyi rəngdə olur. Ətli hissəsi zərif və toxum hissəsi daha cavan olanlar yüksək keyfiyyətli sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş dərirlər.

Badımcanın xeyirləri

Siz badımcanın qabığının qalınlığına, görnüşünün yöndəmsizliyinə baxmayın. Elm müəyyən edib ki, badımcanı təzə halda yedikdə, qanda xolestrinin miqdarı 1,5-2 dəfə azalır. Badımcan ateroskleroz, sarılıq və podaqra xəstəliklərinin qarşısını alır.

Zəhərli badımcan

Fizioloji normaya əsasən, insan orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir. Bu məhsulların tərkibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən çox asılıdır. Keyfiyyətli badımcanın meyvəsi tam yetişməmiş, təmiz, sağlam, forması və rəngi sortuna müvafiq olmalıdır. Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və natamam yetişmiş, toxumları az olmalıdır. Meyvəsinin uzunluğu 10 sm-dən, diametri 5 sm-dən az olmamalıdır. Badımcan bitkisinin meyvəsindən başqa hər yeri zəhərlidir. Tam yetişdikdə meyvəsi də büzüşərək zəhərə çevrilir. Bu səbəbdən elastik və açıq çəhrayı rəngdə badımcan almağınız məsləhət görülür. Bundan əlavə, badımcanı bişirməmişdən qabaq duzda saxlamaq lazımdır.

Ticarət şəbəkəsində tam yetişmiş, içərisi boşluqlu və toxumu tam yetişmiş badımcanların miqdarı 5%-dən, qabığı büzüşmüşlərin miqdarı 15%-dən, əzilmiş və çatlamışların miqdarı 8%-dən çox olmamalıdır. Badımcan bənövşəyi rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır.

Badımcanı necə saxlayaq

Badımcanın keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Saxlanma müddətinə görə badımcan orta-uzun müddətə saxlanıla bilən tərəvəzlər qrupuna daxildir. Belə ki, onun saxlama müddəti növündən, saxlama temperaturundan və şəraitindən xeyli dərəcədə asılıdır. Optimal saxlama şəraiti 85-90% nisbi rütubətdə 0-2ºC temperatur hesab olunur.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a verilən məlumata görə, badımcanın istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmanın əhəmiyyəti böyükdür. Bu məhsulu qablaşdırmaq üçün yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunmalıdır. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir.

Keyfiyyətli badımcanı necə seçək?

İstehlak zamanı badımcanın keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır. Bir sözlə keyfiyyətli badımcan təzə, təmiz, bütöv və sağlam olmalıdır.

Ticarət şəbəkələrindən badımcan alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən firioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edilməlidir.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR