Onlar Şahbaz və Dilqəm uğrunda da vuruşaraq şəhid olublar - VİDEO
Bizi izləyin

Qırmızı.az

Onlar Şahbaz və Dilqəm uğrunda da vuruşaraq şəhid olublar - VİDEO

Elçibəyin özünün rüşvətdə, korrupsiyada, ölkəni dağıtmaqda ittiham etdiyi bir qrupun özündə İlham Əliyevi təhdid etməyə cəsarət tapması həm də bizim, təcrübəli media nümayəndələrinin təqsiridir.

Biz onların əslində kim olduqlarını təcrübəsiz və məlumatsız insanlara göstərmirik. Onların aldadılmasında bizim də günahımız var. Ona görə də elə srağagün əfv edilmiş kəslərin yenidən qurbanlıq edilməsi üçün tədarükə indidən başlayırlar. Əfv edilənlər arasında dövlətə minnətdarlığını bildirənlər, həyata yenidən qayıtdıqlarını, əvəzini öz namuslu xidməti ilə çıxacağını vəd edən, hələ ki dürüst düşünmək iqtidarında olan, sonradan korlanmasalar, əlbəttə, var. Amma əmin deyiləm ki, özünə Yutub kanalı açaraq, əldə etdiyi populyarlıqdan eqoistcəsinə istifadə edən, layk işarəsi uğrunda mübarizə aparan, bu zaman onun efirində kimin nə dediyinə fikir verməyən aparıcıların dəvəti efirdə düşündüklərini yox, qarşısındakının kiməsə və haralarasa ötürmək istədiklərini deməyəcək.

Baxın, bura Ermənistandır. Biz erməni sakinindən müsahibə alırıq. O, əsir deyil. Ermənistan vətəndaşıdır. Bizdən 30-50 metr aralıda Rusiya və Ermənistan sərhədçilərinin birgə keşik çəkdiyi KPP var. Bu erməninin Ermənistan haqqında danışdıqlarına inanmamaq mümkün deyil. Çünki ondan müsahibəni onun qanunlarının hökm sürüdüyü, ətrafını öz sərhədçilərinin qoruduğu məkanda, öz evində alırıq. Ermənistanın vətəndaşı əsir deyil. Bu müsahibənin mənası, erməni xalqı üçün, dövləti üçün təhlükəsi onun həmin intervünü təzyiq altında verməməsindədir, öz xoşuna danışmasındadır, sərbəst iradəsində və ifadəsindədir.

Ömrünün neçə ilini erməni əsirliyində keçirən əsir Şahbazın Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi antiazərbaycan ruhunda müsahibələr böyük ajiotaja səbəb olmurdu. Ona görə ki, əsirlikdədir də, təzyiq ediblər, canının qorxusundan deyir kimi düşüncə trafareti var. Amma həmin əsirin gəlib Azərbaycanda Yutub kanalında öz dövlətini, onun beynəlxalq nüfuzunu hədəfə alan tərzdə çıxış etməsi artıq başqa məna verir. Bu şəxsin müsahibəsini Ermənistan kanalları, geninə boluna istifadə edir və öz dilindən təqdim edirlər ki, gördünüz, adam özü etiraf edir ki, diversantdır, onu hansısa kabinetdən Kəlbəcərə xüsusi tapşırıqla yola salıblar. Həmin əsir azad şəkildə dövlət qurumları qarşısında aksiya keçirməklə hələ sonadək anlamadığı pisliyi bu dəfə dövlətə qarşı şüurlu şəkildə etdiyini dərk etmirsə, bu, artıq hüquq-mühafizə orqanlarının diqqətində olmalıdır.

Nə baş verir, qardaşlar! Ola bilsin ki, eşitdiyiniz məlumatlar sizi heyrətləndirir? Ermənistanın təzyiqi altında aqressorun maraqlarının tələb etdiyi ifadələri əsirlikdə verməyə məcbur edilmiş bir bədbəxtin gəlib həmin sözləri Azərbaycanda Yutub kanalında deməsi ciddi məsuliyyət yaradır. Axı peşəkar jurnalistika respondentin söylədiyi istənilən kəlmə qarşısında heyranlıq nümayiş etdirməklə risk siqmentinə daxil olan respondentin fikirlərini 100 faiz həqiqət kimi dərhal təqdim etməyi qəbul etmir. Bir neçə mənbədən yoxlanılması vacib olan məlumatların cəmiyyətə çatdırılması bir şeydir, Azərbaycana, dövlətçiliyimizə qarşı təhqir və təhdid müharibəsi elan etmiş fərariləri Azərbaycanda çalışan Yutub kanallarında müsahibəyə cəlb etmək, yaxud onlarla intervüyə cəlb olunmaq onların fəaliyyətini bizim media haqqında qanunun ərazisində legitimləşdirmək başqa şey.

Niyə keçmiş əsir elə indi də özünü əsir kimi aparır? Ermənilərin istədiyini deyir. Haaqa Məhkəməsində Ermənistan-Azərbaycan çəkişməsi dönəmində. Niyə Bakıda ermənilərin hərbi cinayətlərini ifşa edən məhkəmə bu qədər ajiotajla təqdim edilmirdi? Amma bir zavalı əsirin çıxışındakı antiazərbaycan müddəalar Yutub kanallarında belə səxavətlə tirajlanır? Axı bu xalq həmin əsirlərin azad edilməsi uğrunda mübarizə aparıb!

Prezident danışıqlarda bütün əsirlərin, itkin düşmüş azərbaycanlılarımızın, o cümlədən onların qeyd-şərtsiz azad edilməsi məsələsini qoyub. Axı Şuşa uğrunda döyüşənlər həm də o gün, o vaxt Şuşanın həbsxanasında olan Şahbaz və Dilqəm uğrunda da vuruşaraq şəhid olublar. Niyə süni gündəlik yaradırıq? Ortada bu boyda mövzular varkən. Azərbaycan Şuşanı qaytarıb, Zəngilanda hava limanı tikir. Füzuliyə uça-uça gedirik... Şuşa Bəyannaməsini Cıdır düzündə imzalayırıq. Bakının səmasını Türkiyə ilə bölüşürük.. Ermənistana - kapitulyasiya şərtlərini sülh müqaviləsinə salıb imzalatdırmağa hazırlaşırıq.

Ümumiyyətə, Yutub kanallarından Azərbaycana qarşı istifadə özünün ən qərəzli və ən eybəcər şəklini alıb. Proses genişlənir. Danışanda qeyrətdən, namusdan danışırıq. Dövlət başçısının şəxsiyyəti, onun ailəsi təhqir edilir, təhdid edilir. Qəti şübhəm yoxdur ki, hüquq-mühafizə orqanları yaranmış şəraitə müdaxilə edəcək. Çünki iş artıq o həddə çatıb ki, problem dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinə çıxarılır. Yutub kanallarının əksəriyyəti faktiki olaraq mütəşəkkil fəaliyyət göstərən bir dəstənin idarəsi və iradəsi altında cəmiyyəti, dövlət strukturlarını xof və xəraca vadar etmək yolu tutub.

Bu barədə çox danışmışam. 28 May - Müstəqillik Günündən az sonra bu mövzuda danışmağım yəqin ki anlaşılır. Azərbaycan vətəndaşları olaraq dərk etməliyik ki, müstəqilliyimizi qorumaq hər birimizə aid məsələdir. Baxın, Rusiyada soydaşımız Rövşən Əsgərovun həbs edilməsi haqqında qiyabi hökm çıxarılıb. Sadəcə mənə aydın deyil, bəs biz necə etməliyik. Məsələn, biz Marqarita Simonyan haqqında eyni hökmün çıxarılmasına necə nail ola bilərik. Bir yandan Rusiya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edir. Başqa tərəfdən isə Rusiyanın rəsmi kanalı separatçı rejimi təbrik etməyə getmiş bir ermənini "Dağlıq Qarabağ"ın nümayəndəsi tək təqdim edir. Hanı Yutub kanallarında bu mövzuların müzakirəsi?

Əvəzində nə müzakirə edilir? Polis ona zor tətbiq etdi, bunu soyundurmaqla hədələdi, tok verdilər, döydülər... Hətta həbsdən dünən çıxmış şəxs də ona verilmiş işgəncələrdən danışır. Əslində polis ətrafında, güc strukturları ətrafında qəsdən belə fon yaradılır ki, asayişə cavabdeh olanlar daim pressinq altında olsunlar. Əvəzində bax belə faktlar yaddan çıxsın. Məsələn, “Azəriqaz”ın əməkdaşı öz xidməti vəzifəsini yerinə yetirərkən istehlakçı onu döyüb. Əvəzində hansı mövzu qabardılır: “Azəriqaz”ın özü ətrafında guya bu qurumda araşdırmalar aparılması! Baş nazirin müavini İran İslam Respublikasına gedir. Ciddi nəticələrlə dönür. Hər iki tərəf razıdır. Zəngəzur dəhlizinin Cənub qolu ilə bağlı yüksək ovqat yaşadığımız bir vaxtda kimsə İran əleyhinə qərəzli bir təhrif yazır. Niyə? Kimin marağınadır bu? Axı gerçək prioritetlər var! Ən mühümü isə Qələbəmizdir! O barədə hər gün, hər saat danışılmalıdır.

30 il "Ermənistanın Azərbaycana təcavüzü davam edir” cümləsi altında xəbər həyatı yaşamışam. Belə çıxır ki, bundan sonra da bir 30 il hər gün “Ermənistan üzərində qələbəmizin filan tarixidi!” deyə başlayaq?!

Mirşahin Ağayev


Oxumağa davam et
Reklam
Reklam

Gündəm