Qırmızı.az
Bu, kasıb tələbələr üçündür, yoxsa kimlərsə dövlətdən istifadə edir? – ETİRAZ
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın tələbləri çox sərtdir və bu arzuda olan tələbələrin qarşısında maneədir. Xaricə tələbə göndərmək istəyiriksə, bu qədər ağır şərtlərə - dil sertifikatına sahib olmaq, Azərbaycanda qəbul imtahanında yüksək bal toplamaq kimi tələblərə ehtiyac yoxdur.
Bunu Publika.az-a təhsil eksperti Elçin Əfəndi “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclər üçün müəyyənləşdirilən tələblərdən danışarkən deyib.
Ekspert bildirib ki, tələbələr xarici universitetdən qəbul məktubu alaraq bu proqrama müraciət edirlər, ona görə də bu cür ağır tələblərin irəli sürülməsi absurddur.
E.Əfəndi proqram çərçivəsində namizədə qoyulan “xarici dili ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının olması” tələbini doğru hesab etmədiyini deyib:
“Hansısa abituriyent aylarla xarici dil hazırlığına getməli, C1 səviyyə dil sertifikatına sahib olmalı, üstəlik, hazırlıqlar üçün pul xərcləyib qəbul imtahanında iştirak etməlidir. Bu isə böyük xərcdir. Dil imtahanlarının qiyməti 400 manata yaxındır. Nəzərə alsaq ki, təqdim edilən universitetlərin əksər ixtisaslarına B2 (6.5) IELTS sertifikatı ilə qəbul olmaq mümkündür və tələbə də mövcud dil göstəricisini təqdim edərək qəbul məktubu alır. Ancaq o, proqramın tələbində göstərilən C1 sertifikatı üçün yenidən imtahana hazırlaşmalı və əlavə pul ödəyərək imtahana girməlidir. Bu cür tələbləri qoymaqla bir şəxsin xaricdə təhsil almaq arzusunun üstündən xətt çəkirlər”.
Dil sertifikatı ilə yanaşı, tələb olunan digər tələblərdən biri də namizədlərdən Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanın nəticəsinin tələb olunmasıdır. Nəzərə alaq ki, xaricdə təhsil almağı qarşısına hədəf qoyan gənclərin böyük əksəriyyəti beynəlxalq imtahanlara (IELTS, TOEFL, GRE, GMAT və s.) hazırlaşır və onların nəticəsi ilə universitetə müraciət edirlər. Çünki DİM-in keçirdiyi qəbul imtahanı xarici ali təhsil müəssisələri üçün keçərli deyil, eyni zamanda beynəlxalq universitetlər də daxili qəbul imtahanlarının nəticəsini tələb etmirlər. Belə olan halda namizədin əlavə olaraq qəbul imtahanında iştirak edib təqdim olunan bal meyarını (400-550 baldan yuxarı) qarşılamasına nə gərək var?
Elçin Əfəndi xaricdə təhsil üçün ehtiyac olmayan bir tələbin - bakalavr ixtisasları üzrə qəbul imtahanlarında bal kriteriyasının əsas şərtlərdən biri kimi irəli sürülməsini də düzgün hesab etmir:
“DİM-in keçirdiyi qəbul imtahanı beynəlxalq səviyyəli deyil, yalnız daxili universitetlər üçün nəzərdə tutulub. Ona görə də bu imtahanın nəticəsini əsas götürmək, oradan topladığı balı perspektiv amili və namizədin gələcəyinin təminatı kimi nəzərə almaq düzgün deyil. Bu, absurd yanaşmadır. Əgər bu il 400 nəfər xaricdə təhsil üçün göndəriləcəksə, bu ağır tələblər, xüsusilə, C1 dil sertifikatı və DİM-dən 400-550 bal tələbi bu maksimum saya çatmağın qarşısını alacaq”.
Ekspert bu cür ağır tələblər fonunda proqram çərçivəsində keçiriləcək müsahibə mərhələsinin şəffaf aparılacağına şübhə ilə yanaşır:
“Burada müəyyən şəxslərin öz övladlarının xaricdə dövlət hesabına təhsil almasına şərait yaratması ehtimalı var. Onlar da bunu ancaq korrupsiya yolu ilə edə bilərlər. Çünki nəzərə almaq lazımdır ki, proqram təkcə bu tələblərlə yekunlaşmır, həmçinin müsahibə mərhələsi olur. Çünki tələblərə cavab verən, dövlətin müəyyənləşdirdiyi ali təhsil müəssisələrində prioritet ixtisaslara qəbul olan və müsahibədən keçən namizədlər xaricdə təhsil almağa göndəriləcək”.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu açıq elan edilib və iyunun 26-na qədər davam edəcək. Proqramın hədəf göstəricisi 4 il ərzində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.
Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması, təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (IELTS 7.0, TOEFL 95), magistratura pilləsi üçün 81 GPA göstəriciyə sahib olması və s. kimi tələblər qoyulub.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO