Putinlə eyni nüfuza sahiblənən, Monika Belluccini məftun edən, prezidentlərin tanıdığı azərbaycanlı...
Bizi izləyin

Qırmızı.az

Putinlə eyni nüfuza sahiblənən, Monika Belluccini məftun edən, prezidentlərin tanıdığı azərbaycanlı...

Modern.az saytının haqqında yazdığı bu şəxs sadə bir azərbaycanlı rəssamdır. Amma Azərbaycan rəssamlıq tarixində bir çox ilklərə imza atan bu adam get-gedə dünyanın sənət sevdalılarının rəğbətini qazanmaqdadır. O, yorulmaq bilmir. Daim axtarır və öz orijinal fırçası ilə kətan üzərinə fəlsəfə axıtmaqdadır.

Sakit Məmmədov... Bu rəssam Rusiyanın “Minilliyin adamı” medalına layiq görülüb. Mükafatı Vladimir Putin, patriarx II Aleksi kimi nüfuzlu simalar da alıb...

Sakit Məmmədov Rusiya Rəssamlıq Akademiyasına üzv seçilən yeganə azərbaycanlıdır. Onun əsərlərinin kompozisiyasına dünyaca məşhur aktrisa Monika Belluci çəkilib. Bundan əlavə, həmin aktrisanın şəxsi evində Azərbaycan rəssamının əsərləri var. Tək onun yox, hətta Şahzadə Diana, Ajda Pekkan kimi məşhurların portretlərini onlara canlı olaraq baxəb çəkən rəssamın əl işləri dünyanın məşhur simalarının şəxsi kolleksiyalarında saxlanılır. Bunların arasında İlham Əliyev, Vladimir Putin, Süleyman Dəmirəl, Rauf Denktaş, İslam Kərimov, Nursultan Nazarbayev, Robert Martinetti, Telman İsmayılovun adı var.


Sakit Məmmədov Azərbaycanda rəssamların ağır güzəranı sindromunu sındıran tək-tük insanlardan biridir. Müsahibələrinin birində dünyanın bu gün ona həddindən artıq yüksək qiymət verdiyini söyləyən rəssam get-gedə qalxan imicinə əsaslanaraq auksionlarda əsərlərinin qiymətini də qaldırır.

Hazırda Bakıda ev-qalareyası olan rəssamın ən ucuz əsəri 30 min dollardan başlayır. Burada pul məsələsini qabartmaqla iqtisadi məsələləri ön plana çəkməyi, kimin nə qədər qazanmasını düşünmürük. Yüksək məbləğləri ona görə hallandırırıq ki, bu gün də sənətə verilən yüksək qiymət bir daha xatırlanmış olsun. Rəssamın özü də istər mediada, istərsə də digər kütləvi yerlərdə heç zaman əsərlərinin qiymətini deməkdən utanmayıb: “Bu yaxınlarda bir əsərim auksionda 250 min dollara satıldı. Həmin əsəri məndən bir neçə il qabaq 15 min dollara türkiyəli bir kolleksioner almışdı. Elə olub ki, məndən vaxtilə əsəri 15-20 min dollara alıblar, bir neçə il sonra Sinqapurda 100, 150, ən aşağısı 80 min dollara satıblar”.

Rəssam mütəmadi gedib-gəldiyi qardaş Türkiyədə də yüksək nüfuza sahibdir. Deyilənlərə görə, Türkiyə Rəssamlıq Akademiyasına məhz Sakit Məmmədovun adını vermək istəsələr də, o bunu qəbul etməyib. Türkiyədə sənətə münasibətdən o qədər də razı olmayan rəssam incəsənətin qardaş ölkədə hələ ki, Avropa və Rusiyadan az duyulduğunu da tez-tez qabardır. Bu, əslində dünya səviyyəli rəssamın ürək yanğısı ilə göndərdiyi mesajdır. Belə ki, çağdaş Türkiyə və Azərbaycan rəssamlığında bəzi sahələrdə olduğu kimi, Avropanı yamsılama baş alıb gedir. Bu isə ruh məhsulu olan sənəti təbiilikdən uzaqlaşdırır. Abstrakt rəssamların gətirdiyi “yenilik”lər normal rəssamlıq ənənəsinə köklü zərbə vurur.

Sakit Məmmədovun əsas cığırı modern rəssamlıqda ənənələri qoruyub saxladığı üçün hər zaman təbiidir. Rəsmlərdə onun öz cığırı, qopduğu məkan həmən hiss olunur. Əsərlərindəki insan öz mənşəyi etibarilə bəllidir. O insan susmağı ilə belə, kimliyini və haralılığını çox gözəl əks etdirir. O həm susur, həm susmağın içində mahiyyətini inkar etməmək şərtiylə bütün dünyaya aidliyini bildirir. O insanın susmağı dünyaya, susmağın içindəki mahiyyət isə konkret bir məkana tabedir.

Bu gün dünya Sakit Məmmədovu qəbul edir. Böyük auksionlar, sərgi salonları və muzeylər durmadan ona dəvətlər göndərir. Amma bəzən Sakit Məmmədov hətta Luvr kimi muzeyin də təklifini geri qaytarır. Kulis.az saytına verdiyi müsahibədə rəssam özünün möhtəşəm auksion təkliflərindən danışıb:

“Sinqapurda Opera Qalereyası “Rus məktəbi ” adı altında mənimlə Mark Şaqalın sərgisini təşkil etmişdi. Təsəvvür edin ki, Şaqalın əsərlərinin qiyməti 5-10 milyon dollardır. Mən də düşündüm qiyməti elə qoyum ki, gülünc görünməsin. Ona görə də bildirdim ki, sərgidəki əsərlər satılmır. Elə də oldu. Bundan sonra əsərlərimin qiyməti birdən-birə qalxdı. Sinqapurda əsərlərimin qiyməti ən aşağısı 100 mindən başladı”.

Sakit Məmmədovun rəsm əsərləri həm də Patrisiya Kaas, Mirey Matye, “Koç qrupu”nun bütün üzvlərinin, “Sabançı”ların, “Bayrakdar”ların evində, Rusiyanın ünlü simaları Kasyanovun, Narışkınin, Lujkovun, Şvıdkoyun, Kobzonun, Vahid Ələkbərovun, Telman İsmayılovun kolleksiyasında da var.

Fırçadan daman adam

Şair bir insanın qələmdən kağıza süzülmüş variantı olduğu kimi, rəssam da sənət ruhunu özündə gəzdirən adamın fırçadan kətana daman nüsxəsidir. Odur ki, Sakit Məmmədovu həyatda ayaq üstə duran vəziyyətdə deyil, məhz kətanın içində sakit halda daha yaxından duymaq və görmək olar. O, insan ruhunun görünə bilinməyən tərəflərini çəkdiyindən özünə məxsus orijinal dəst-xəttə sahibləndi. Əsərlərində ikinci maraqlı xətt musiqi ilə rəsmin vəhdətidir. Hər bir natura, yaxud portret sanki bir musiqini insan üçün ifa edir. Bu vəhdəti yaratmaq nə qədər çətin olsa da, Azərbaycan rəssamı işin öhdəsindən çox böyük bacarıqla gəlib.

Əsərlərinə misal olaraq “Qızımın portreti”, “Nüşabə”, “İtaliyalı qız”, “Güzgü qarşısında”, “Yaşasın İstanbul”, “Yorğun şəhər”, “Ad günü”, “Həzin musiqi”, “Suriyalı rəssam”, “Filosof”, “Melodiya”, “Adəm və Həvva”, “Yatmış mələk”, “Türk motivi”, “Leninqrad xatirələri”, “Rəfiqələr”, “Dədə Qorqud”, “Məhəbbət”, “Bayram axşamları”, “Arzu”, “Gün aydın”, “Şah İsmayıl Xətai”, “Gəncə simfoniyası”, “Dəllək Əliş”i göstərmək olar. Əsərlərin özünə tamaşa etməyənlər belə, onun adını eşitcək rəssamdakı millilik hissinin şahidi olurlar. Milli mentalitetin təzahürçüsü olan “Dəllək Əliş” Sakit Məmmədovun sayəsində Avropa qalereyalarını gəzir. Bu əslində Azərbaycanın və “Dəllək Əliş”in həmvətənlərinin uğurlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm