Əli Kərimlinin “Böyük Planı“
Bizi izləyin

Qırmızı.az

Əli Kərimlinin “Böyük Planı“

Əli Kərimli AMİP, ADP, ACP və KXCP-nin də razılığını alıb

Saat 22.14-dür.

"Tələsmə, bir neçə dəqiqəyə çatıram"- telefonda qulağıma gələn səs səbrimi genişləndirir.

Görüşəcəyim şəxs mənə AXCP sədri Əli Kərimlinin "Böyük Planı"nı anlatmağa söz verib.

Daha 12 dəqiqə gözləyəndən sonra bir kafedə otururuq.

- Yemək yeyirsən?

- Ac deyiləm, amma çay da içmək istəmirəm.

Ofisant adama bir fujer alman pivəsi gətirir.

Müxalifətin 22 aprel mitinqindən danışırıq.

Mitinqə getməyən həmsöhbətim aksiyalara münasibətimi soruşur.

"Vətəndaşların sərbəst toplaşmaq azadlığını dəstəkləyirəm, ancaq aksiyalarda effekt, yeni yanaşma görmürəm"- qəti münasibət bildirirəm.

Eyni zamanda bildirirəm ki, bu cür mitinqlərlə bir yana varmaq olmaz, amma müxalifətin, heç olmazsa, "Bibiheybət taktikası"nda ardıcıl olması gərəkir, daha öncə isə əsas problemini həll etməlidir.

İllərdir tanıdığım, sözünə güvəndiyim, Əli Kərimli ilə səmimi münasibətlərinə şübhə etmədiyim bir "siyasət qurdu" oturub qarşımda. Həmən maraqlanır:

- Müxalifətin əsas problemi nədir ki?

"Vahid namizəd müəyyən edə, kölgə kabineti formalaşdıra, həlledici anda hakim komandanın daxilindən transfer yapa və Qərbdən lazımi səviyyədə dəstək ala bilməməsi"- deyirəm və əlavə edirəm ki, bu silsiləyə səbəb İsa Qəmbərin kritik situasiyalarda Əli Kərimli və Etibar Məmmədovla anlaşmamasıdır. Etibar Məmmədov aktiv siyasətdən çəkilmiş durumdadır, hətta AMİP Yusif Bağırzadənin timsalında prezidentliyə yeni namizəd göstərə bilər. Odur ki, tarixi məsuliyyət Müsavat başqanı ilə AXCP sədrinin üzərində qalacaq.

- Bəs, Rəsul Quliyev?-soruşur.

- Rəsul Quliyev Bakıya çətin qayıda...

Bir qədər fikir mübadiləsi aparırıq. Həmsöhbətim on il əvvələ ekskurs edir:

"2003-cü ildə İsa Qəmbər müxalifətin vahid namizədi olmasa da, düşərgənin faktiki liderliyini ələ almışdı. Rəsul Quliyev də son anda onu dəstəklədi. Bizim AMİP-lə müttəfiqliyimiz isə uğursuz oldu. İsa bəyin məğlubiyyətinin əsası, əslində, "London görüşü"ndə qoyulmuşdu. Həmin görüşdə müxalifət liderlərinin razılaşa bilməmələri Qərbi "sabitlik strategiyası"nı dəstəkləmək qərarında qətiləşdirdi. Diqqətini bir məqama çəkmək istəyirəm, "Wikileaks"də bir məlumat yayınlanmışdı...

Daha iki fujer pivə və təbii, isti noxud gəlir masaya. Tanışım sözünə ara verib ofisianta kompliment deyir. Ofisant mətbəxə, həmsöhbətim mətləbə qayıdır:

"2003-cü ildə ABŞ-ın Ankaradakı səfirliyindən Vaşinqtona göndərilmiş bir teleqram var. Həmin teleqramda ABŞ diplomatı Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz masasının rəhbəri ilə görüşündən bəhs edir. Görüşdə Azərbaycandakı prezident seçkiləri və Türkiyənin İsa Qəmbərə mümkün dəstəyi müzakirə olunur. Türk diplomatı açıq bildirir ki, Ankara İsa Qəmbərə inanmır. Mən bunun əsl səbəbini bilmirəm, amma hesab edirəm ki, Ankara və Qərb yenə də Müsavat başqanına inanmır".

İsa bəyi müdafiə etmək istəyirəm. Deyirəm ki, nə ABŞ, nə də Avropa dövlətləri, o cümlədən də Ankara özgürlükləri heç zaman birinci məsələ saymayıb və yaxın zamanlarda da saymayacaq. Düzdür, dünənki mitinqdə İsa Qəmbər Qərbin özgürlükləri daha ön planda tutmağa başladığını bəyan etdi, ancaq inandırıcı çıxmadı.

Və "köhnə dostum" əsl kartını da elə bu sözlərimdən sonra açır:

- Qərb 2013-cü ildəki seçkilərdə müxalifətin vahid namizədi kimi Əli Kərimlini görür. O gün Rəsul Quliyev də Əli Kərimliyə jest etdi. Rəsul Quliyev bilir ki, Azərbaycana prezidentliyə namizəd kimi qayıtmayacaq. Onun iddiası baş nazir olmaqdır və Əli Kərimli də buna razılıq verib. Rəsul Quliyev ona görə "İsa Qəmbər- prezident, Pənah Hüseyn baş nazir" tandemini "vurdu".

- Deməli, məsələ İsa Qəmbərdən asılı qaldığına görə, ya İctimai Palata parçalanacaq, ya da "üçüncü şəxs" prezidentliyə namizəd göstəriləcək?

Həmsöhbətim başını bulayaraq "əfəndim, nə İctimai Palata parçalanacaq, nə də "üçüncü şəxs" namizəd göstəriləcək"- deyəndən sonra gözlərimdə yaranan suallara bir-bir cavab verir:

"Üçüncü şəxs" kimi üç adamın adı hallanır- Mehman Əliyev, Rafiq Əliyev və Firudin Cəlilov. Hər üçü ləyaqətli insandır, amma seçki resursları yoxdur. Adları elektorata tanış deyil, kampaniya aparmağa pulları yoxdur, ən əsası, hakimiyyətin təzyiqlərinə davam gətirməyə müqavimətləri çatmaz. "Vahid namizəd" yenə ya İsa Qəmbər, ya da Əli Kərimli olmalıdır. Onlar da artıq anlaşıblar!

Və... qulaqlarıma inanmıram: " Rəsul Quliyevlə yanaşı, AMİP,ADP, KXCP və Müsavat da Əli Kərimlini vahid namizəd kimi dəstəkləməyə söz verib. Bu yaxınlarda Lalə Şövkətin də dəstəyi alınacaq"!

Heyrətlənirəm: "Bəy, İsa Qəmbər Əli Kərimlini vahid namizəd kimi qəbul edib artıq?"- sorğuma "bəli" cavabı çox arxayınlıqla verilir.

Anlaşmanın məğzı belə açıqlanır: Əli Kərimli 2013-cü ildə seçkiləri udacağı təqdirdə, iki il müddətinə prezident olacaq. Bu dövrdə bir sıra islahatlar aparılacaq, Ana Yasa dəyişdiriləcək, o cümlədən 2015-ci ildə parlament seçkiləri keçiriləcək. Əli Kərimli həmin ərəfədə istefa verib, partiyasını seçkilərə aparacaq, qalib gəlsə, Baş nazir olacaq. 2 ildən sonrakı prezident isə İsa Qəmbər olacaq. Parlament tipli respublika modeli tətbiq olunacağından "Ərdoğan- Gül" variantına üstünlük veriləcək. İsa Qəmbər o zamana qədər Rəsulzadə-Elçibəy yolunun mənəvi lideri statusunda çıxış edəcək. Müsavatın bu ilki qurultayında, o, başqanlıqdan gedəcək və prezidentliyə də namizəd olmayacaq. Əli Kərimliyə Müsavatın adından yeni başqan güzəştə gedəcək. YAP-ın parlamentə təsirini azaltmaq üçün indiki tərkibdən on-on beş deputat mandatından imtina etməyə zorlanacaq. Boş dairələrin birindən Etibar Məmmədov parlamentə üzv seçiləcək və spiker postunu tutacaq. O cümlədən Bakı şəhərinə mer seçkisi keçiriləcək. Prezident

Administrasiyasına isə Eldar Namazov rəhbərlik edəcək. Güc nazirliklərinin hər birinə nazir təqdimatını bir lider verəcək. Milli təhlükəsizlik, xarici işlər nazirlərini, məxsusi olaraq, Neft Şirkətinin rəhbərini Əli Kərimli özü, təbii ki, Qərblə razılaşaraq, təyin edəcək. Ümumiyyətlə, yaxın aylarda, ən uzağı senytyabrda müxalifətin "kölgə kabineti"ni elan olunacaq.

Son sualım belə olur: "Bəy, barı özünüz bu dediklərinizin reallaşacağına inanırsınız?"

Sualı verməkdə qəsdim vardı. Azərbaycan müxalifəti son on ildə heç zaman İlham Əliyevin liderlik keyfiyyətlərini, idarəçilik üslubunu, seçki resurslarını düzgün hesablamayıb və nəticədə post-elektoral depressiyalara düşüb, son duracağı "Bibiheybət" olub.

"Əgər reallaşmasa belə, 2013-cü ildən sonra müxalifət indiki durumda olmayacaq"- aldığım cavab belə olur.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm