Qırmızı.az
Leyla Əliyeva “Əli və Nino” filminin yaradıcı heyəti ilə birlikdə - FOTOLAR
Fevralın 24-dən dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır. Bu münasibətlə fevralın 22-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri
Leyla Əliyeva mətbuat konfransında iştirak edib.
AzərTAc xəbər verir ki, mətbuat konfransında çıxış edən Leyla
Əliyeva layihə haqqında danışaraq, bu gündən uzun səyahətin sonuna
yaxınlaşdıqlarını, “Əli və Nino” filminin çəkilişlərinə hazırlıq
işlərinin başa çatdığını bildirib.
Leyla ƏLİYEVA deyib: “Mən çox sevinirəm ki, biz bu səyahətin
sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər
birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz
“Əli və Nino” kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün
filmə çevrilməsində iştirak edirik. Mən “Əli və Nino” əsərini
dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan
indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər
Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə
təsvir edir. O, bu gün – 100 il sonra da əks-səda doğuran sevgi
hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının
küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda,
Xınalıq dağlarında – əsərdə təsvir olunan yerlərdə çəkiləcək.
Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və
Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun
nümunəsidir.
Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda
salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu
unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu
edirəm”.
***
Filmin quruluşçu rejissoru Kris TİKYER Heydər Əliyev Fonduna və
Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin
reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını
bildirib. Qeyd edib ki, film üçün yaxşı ssenari, beynəlxalq
səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü
çəkiliş heyəti var. Bu layihə bizim üçün sonsuz dostluq mənbəyi
olmuşdur.
***
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Filmin ssenari müəllifi “Academy Award®” mükafatı laureatı
Kristofer HEMPTON əsərdə olduğu kimi, filmdə də Azərbaycanın
müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb. O
deyib: “Kris mənə bu kitabı göndərməmişdən əvvəl bu əsərlə tanış
deyildim. Mənim üçün çox maraqlı bir əsər oldu. Əlbəttə ki,
mürəkkəb məqamları var və bu mürəkkəbliyinə görə də mən razılaşdım.
Biz həmkarım Asiflə çalışdıq ki, əsərə sədaqətli qalaq. Çalışaq ki,
filmi məhz orijinala uyğun çəkək. Filmdə, sözsüz ki, Azərbaycanın o
dövrdə müstəqillik uğrunda mübarizəsini də əks etdirməyə
çalışacağıq. Düşünürəm ki, məhz o dövrdə neft bumu və bu gün
ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait
yaradır”.
Heydər Əliyev Fondunun vitse-prezidenti və filmin icraçı prodüseri
Leyla Əliyeva diqqətə çatdırıb ki, ekran əsərində bu mübarizənin
ölkəmiz üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni
zamanda, tamaşaçılar gözəl məhəbbət hekayəsinin şahidi olacaqlar. O
deyib: “Niyə məhz bu kitab? Düşünürəm ki, bu kitab əsas etibarilə
Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir.
İkinci səbəb də odur ki, bu, çox gözəl, epik bir məhəbbət
hekayəsidir”.
Filmin rejissoru, “BAFTA” (Britaniya Film və Televiziya İncəsənəti
Akademiyası) mükafatı laureatı Asif KAPADİA bildirib ki, filmin
çəkilişində iştirak edən hər bir kəsi maraqlı sərgüzəştlər
gözləyir. Rejissor bildirib: “Bəli, film uğur qazanacaq. Əlimdən
gələni edəcəyəm ki, bu, müvəffəqiyyətli bir layihə olsun. Məncə,
hər zaman gözəl hekayənin müvəffəqiyyətlə filmə çevrilməsi onun
əsas elementlərinin yerində olması ilə bağlıdır. Düşünürəm ki, bu
əsərin ekranlaşdırılmasında gözəl heyət, mühüm və vacib rol oynayan
aktyorlar, məkan və mənzərə mövcuddur. Bu elementlər varsa,
düşünürəm ki, digər problem olmayacaq və biz uğur qazanacağıq. Əsas
qəhrəmanı yaradacaq Adam Bakrinin gənc və istedadlı olması barədə
iki il əvvəl Kannda olarkən eşitmişdim. O zaman onu tapmağa
çalışdım. Biz onunla Los-Ancelsdə görüşdük. Maria ilə, səhv
etmirəmsə, dörd ay bundan əvvəl Londonda görüşmüşdük. O zaman biz
artıq əsas qəhrəmanın rolunu oynayacaq aktrisanı axtarırdıq. Səhv
etmirəmsə, ilk görüşdüyüm aktrisa elə Maria oldu. Bundan sonra bir
neçə aktrisa ilə görüşsəm də, qərarımı əminliklə Marianın üzərində
saxladım”.
Filmdə Əli obrazının ifaçısı Adam Bakri artıq Azərbaycan dilini
öyrənməyə başladığını deyib. “Mən çox xoşbəxtəm ki, buradayam”
sözlərini Azərbaycan dilində söyləyən aktyor deyib: “Artıq bir neçə
aydır ki, biz buradayıq. Düşünürəm ki, layihənin sonunda ölkəni
tərk etmək bizim üçün çox çətin olacaq. Biz artıq bu ölkəyə çox
öyrəşmişik”.
Nino obrazını canlandıracaq Maria Valverde “Əli və Nino” əsərinə
olan sevgisindən danışıb. Bu əsərin ekranlaşdırıldıqdan sonra da
hamı tərəfindən seviləcəyinə ümidvar olduğunu bildirib. Maria
Valverde vurğulayıb: “Mənim üçün Nino obrazını canlandırmaq çox
böyük bir şərəfdir. Mən əsəri oxudum və çox xoşuma gəldi. Düşünürəm
ki, bu rolu uğurla ifa etməyim çox mühüm bir layihənin reallaşması
olacaq. Artıq uzun müddətdir ki, Adam Bakri və Asif Kapaida ilə bir
yerdə çalışırıq. İşimiz çox məhsuldardır. Ümid edirəm, mən bu əsəri
sevdiyim kimi, ekranlaşdırıldıqdan sonra filmi tamaşaçılar ikiqat
sevəcəklər”.
Filmin aktyor heyətinə dünyanın məşhur kino ulduzları Mendi
Petinkin və Konni Nilson da daxildir. Onlar filmdə Ninonun
valideynlərini canlandıracaqlar.
Aktyor heyətinə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin
Manafov, Assad Buab, Numan Akar və Halit Ərgənç də daxildir.
Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı XX əsrin orijinal
əsərlərindən biri hesab olunur. İlk dəfə 1937-ci ildə alman dilində
çap olunmuş bu əsər 33 dilə tərcümə edilib, 100 dəfədən çox nəşr
olunub.
Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu
operator Gökhan Tiryaki, geyim dizayneri Mişel Klepton və redaktor
Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda
formalaşıb.
Filmin beynəlxalq satış məsələləri “IM Global” şirkətinə həvalə
olunub.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır