Qırmızı.az
Elnarə Tofiqqızının ölüm işində yeni müəmma
Bu gün Bakı Apelyasiya Məhkəməsində həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayət üzrə növbəti proses keçirilib.
Bu barədə Publika.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, prosesdə qarşı tərəf ötən iclasda verilən qərardan şikayət verəcəyini bildirib və məhkəmə onun iddiasını təmin edib:
“Məhkəmənin ilkin baxışla bağlı qərarı poçt vasitəsilə tərəflərə təqdim olunmamışdı. Qarşı tərəf məhkəmənin ilkin qərarından şikayət vermək hüququndan istifadə edəcəyini bildirdi. Növbəti prosesə qədər qarşı tərəf məhkəmənin ilkin qərarından Ali Məhkəməyə şikayət göndərəcək”.
S.Vəkilovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəf narazı qalıb:
“Qarşı tərəf Elnarə Tofiqqızının ölümündə özünü günahkar hesab etmir, bəraət istəyir. Həmçinin, qarşı tərəf hüquqşünas kimi mənim işdən uzaqlaşdırılmağımı da tələb edir. Təbii ki, bu, onların hüququdur. Ancaq onlar bundan prosesi daha da uzatmaq, vaxt qazanmaq üçün istifadə edirlər”.
Zərərçəkən Anar Niftəliyev isə bildirib ki, hazırlıq iclasında məhkəmənin qərarı ilə bağlı heç bir tərəf etiraz etməmişdi:
“Hakim Camal Ramazanov işi baxışa təyin edərkən məhkəmə istintaqının keçirilib-keçirilməməsi ilə bağlı məsələyə hər iki tərəfin münasibətini soruşdu. Həm zərərçəkən olaraq biz, həm də qarşı tərəf Nəsimi Rayon Məhkəməsində aparılan istintaq işindən razı olduğumuzu, yalnız 124.1 və 320.1 maddələri ilə təqsiri sübuta yetirilən anestezioloqa verilən cəzadan narazılığımızı bildirdik. Beləliklə də məhkəmə istintaqının aparılmaması barədə qərar çıxarıldı. Bu gün yekun iclas olmalıydı, ancaq qarşı tərəf dərhal etiraz edib, məhkəmə istintaqının keçirilməsi üçün vəsatət vermək istədiklərini bildirdi. Mən etiraz etdim ki, ötən iclasda razı olduğunu bildirdiyi və artıq protokollaşmış bir məsələyə qarşı tərəf niyə təkrar qayıdır? Ancaq hakim qanunvericiliyə görə, onların vəsatət hüququnun olduğunu bildirdi və proses təxirə salındı”.
Zərərçəkənin sözlərinə görə, qarşı tərəfin məqsədi hakimi qeyri-rəsmi yollarla ələ almaq üçün vaxt qazanmağa hesablanıb:
“Nəsimi Rayon Məhkəməsinin iki maddə ilə təqsiri sübuta yetirilən bir şəxsə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il şərti cəza verməsi və onun həkim fəaliyyətini davam etdirməsinə mane olmayan hökm çıxarması əlbəttə ki, ədalətsizdir və bu ədalətsizliyə hansı yollarla onların nail olduqlarını bilirik. İndi də eyni üsulla hakim Camal Ramazanova yaxınlaşma cəhdləri edirlər. Görünür, hakim C.Ramazanov onların qanunsuz təkliflərini rədd etdiyi üçün hakimə təsir vasitəsi tapmaq niyyəti ilə əlavə vaxt qazanmaq istədilər. Ancaq güman etmirəm ki, bu ölkədə qatil həkimi sona qədər müdafiə edən tapılsın. Ümidim odur ki, bu iki maddə ilə təqsiri sübuta yetirilən anestezioloq Firuz İbrahimova nəhayət, layiqli cəza veriləcək”.
Zərərçəkən onu da qeyd etdi ki, ölkənin hüquqşünasları, Milli Məclisin Hüquq komitəsinin üzvləri də daxil olmaqla çoxsaylı millət vəkilləri artıq məsələyə münasibət bildiriblər:
“İctimaiyyətin də, millət vəkillərinin də gözü Apelyasiya Məhkəməsindədir. Hamı baş vermiş bu qətlə görə məhkəmənin ədalətli qərar çıxaracağını və Nəsimi Rayon Məhkəməsinin ədalətsizliyini aradan qaldıracağını gözləyir. Mən cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət etmişəm və bu cinayət işi yüksək səviyyədə nəzarətdədir. Ümid edirəm ki, heç olmasa bu dəfə cinayətkar layiq olduğu cəzanı alacaq”.
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb. 23 aprel 2015-ci ildə CM-nin iki maddəsi ilə - 124.1 (səhlənkarlıq nəticəsində ölümə səbəb olma) və 320.1 (məsuliyyətdən azad olunmaq üçün rəsmi sənədlərə bilə-bilə saxta məlumatlar daxil etmək) - suçlanan anestezioloq Firuz İbrahimov barədə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə iki illik həbs hökmü çıxarılıb.
Zərərçəkən tərəf cəzanın adekvat olmadığı iddiası ilə Apelyasiya Məhkəməsinə şikayət verib. Hazırda cinayət işi Apelyasiya Məhkəməsində, hakim Camal Ramazanovun icraatındadır.

-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)








.jpg)




















