Ukraynanın əks-hücum əməliyyatı niyə nəticə vermir? - Gerçək səbəblər
Bizi izləyin

Region

Ukraynanın əks-hücum əməliyyatı niyə nəticə vermir? - Gerçək səbəblər

Ukraynanın əks-hücum əməliyyatı istənilən səviyyədə getmir, halbuki, Rusiyanı diz çökdürmək, eyni zamanda, geosiyasi müstəvidə hadisələrin inkişafına yön vermək baxımından bu əməliyyatın nəticələri taleyüklüdür. Hücumun başlanmasından artıq beş həftə keçib, nəticə heç də ürəkaçan deyil.

Publika.az xəbər verir ki,“Vaşinqton post” nəşri əks-hücum əməliyyatının hazırki vəziyyətini və nəticəsizliyin səbəblərini araşdırıb. Ukrayna cəbhəsində nə baş verir?

Nəşr Ukraynanın 1000 kilometrlik geniş cəbhə xəttinin üç əsas istiqamətində irəliləyiş tempi, Qərbə Rusiyaya istənilən zərbənin vurula bilməyəcəyinə dair qorxular yaratdığını yazır.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirir ki, Birləşmiş Ştatlar və digər Qərb ölkələri Ukrayna ordusuna kompleks hücum əməliyyatları üzrə təlim keçib, onları minətəmizləmə avadanlıqları, eləcə də digər vasitələrlə təmin edib.

“Bütün bu vasitələrin Ukrayna ordusuna maneələri qısa müddətdə dəf etmək imkanı verəcək şəkildə tətbiqi böyük əhəmiyyət kəsb edib. Lakin mövcud vəziyyəti qiymətləndirmək çətindir, o cümlədən, Ukrayna ordusu üçün vəziyyətin çətin olduğu qənaətinə gəlmək də tezdir”, - amerikalı rəsmi deyib.

Nəşr yazır ki, iyulun əvvəlində başlayan əks-hücum əməliyyatında taktiki gedişlərlə bağlı fikir ayrılıqları var. Ukrayna hərbi rəhbərliyi bildirir ki, aviasiya olmadığı üçün şəxsi heyətin lazımsız itkilərindən qaçırlar. Buna görə Ukrayna ordusu təlim keçmiş briqadaların yalnız dördünü əməliyyata cəlb edib.

Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib ki, onlar “ətçəkən taktika”dan istifadə edə bilməzlər: “Bizim üçün ən qiymətli şey əsgərlərimizin həyatı və sağlamlığıdır. Ona görə bizim vəzifəmiz cəbhədə uğur qazanmaqla yanaşı, insan həyatını qorumaqdır”.

Vaşinqtonda mənzillənən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir ki, Ukrayna ordusu hücum başlayandan bəri təxminən 250 kvadratkilometr ərazini azad edib. Bu da Qərbin gözləntilərindən çox azdır. Zelenski də etiraf etdiyi kimi, proses Ukrayna rəhbərliyinin istədiyindən qat-qat yavaş gedir.

Hərbi analitiklər arasında prosesin Moskvanın xeyrinə inkişaf etdiyini düşünənlər var. Ötən payızdan fərqli olaraq indi Rusiyanın müdafiə xəttini gücləndirmək üçün vaxtı var və hazırda Rusya ordusunun arxasında ciddi təhlükələr yoxdur.

“Rusiya ordusunun öz çətinlikləri olsa da, müharibə meydanında istədiyini edə bilir. Putinin daxili səfərbərliyi gücləndirməsi də bu üstünlüklərdəndir. Hazırda Rusiya ordusunun digər üstünlüyü Ukrayna qoşunlarının yeri haqda real vaxt rejimində məlumat verən, kamikadze dronlarla hücumlar həyata keçirməyə və hədəfə zərbələr endirməyə imkan verən İHA-lardır. Hətta ABŞ ordusu da son onilliklər ərzindəki döyüş təcrübəsində düşmənin belə irimiqyaslı təhlükəsi ilə üzləşməyib.

Təhlilçilər bildirir ki, Ukrayna hücumun əvvəlində dağıdıcı artilleriya zərbələri, tank əleyhinə raketlər və helikopter atəşi ilə üzləşib, nəticədə itkilər verib. Bunu Ukrayna rəsmiləri də etiraf edir. Buna görə Ukrayna ordusu 15-50 nəfərlik piyada qruplardan ibarət “gizli hücum” taktikasına əl atmağa başlayıb. Onlardan bəziləri düşmən minalarını tapmaq və zərərsizləşdirmək üçün ancaq sürünərək hərəkət edən istehkamçılardır. Digər qruplar Rusiya helikopterlərini zenit raketləri ilə sıradan çıxarmaq tapşırığını yerinə yetirir”, - nəşr yazır.

Xarici Siyasət Tədqiqatı İnstitununda Dəniz Piyadaları Korpusunun keçmiş zabiti Rob Li bildirir ki, bu taktika itkiləri minumuma endirə bilər, lakin risklidir, digər tərəfdən, bu, çox yavaş irəliləmə ilə nəticələnir.

ABŞ rəsmiləri isə öz tərəfdaşını tənqid edən tərəf kimi görünməmək üçün “Vaşinqton post”un Ukraynanın əks-hücum taktikasına dair suallarını şərh etməkdən çəkinirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm