Rəsmi xronika
İlham Əliyev: Ölkələrimiz regionda təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır - (YENİLƏNİR)
Noyabrın 22-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Publika.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış etdilər.
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar, qonaqlar, hörmətli səfirlər.
Mən möhtərəm İlham Heydər oğluna və onun nümayəndə heyətinin üzvlərinə bir daha səmimi minnətdarlığımı və təşəkkürümü bildirmək istərdim. Onlar bizim dəvətimizi qəbul edərək öz qonşularının, qardaşlarının ölkəsinə rəsmi səfərə gəliblər və biz bu gün onları qonaqpərvər Türkmənistanda görməyə şadıq.
Demək istəyirəm ki, bu gün biz həqiqi qardaşlar kimi qarşılıqlı hörmət şəraitində çox yaxşı danışıqlar apardıq, ikitərəfli əməkdaşlığımızın, regional və beynəlxalq xarakterli məsələlərin çox böyük aspektini müzakirə etdik. Biz bütün aspektlərə aid 21 sənəd imzaladıq. Buraya həm humanitar, həm də istehsalat istiqamətləri daxildir. Ən başlıcası, biz, əlbəttə, nəqliyyat məsələlərinə çox böyük diqqət yetirdik.
Ümumiyyətlə, biz İlham Heydər oğlunun təşəbbüsü ilə Xəzərə aid məsələləri nəzərdən keçirdik. Bildiyiniz kimi, biz Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı artıq qəbul etmişik. Odur ki, biz nəqliyyat-tranzit dəhlizinin düzgün logistikasını tərtib etməliyik. Bundan sonra biz həmin mövzunu lobbiləşdirməyə başladıq və yeri gəlmişkən, yəqin Siz də bilirsiniz ki, bu təşəbbüsə dair Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri qəbul edilib. Hətta nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, düzgün logistika barədə 3 qətnamə qəbul edilib. Noyabrın 28-də məhz nəqliyyat-tranzit dəhlizlərinin inkişafı mövzusunda konfrans keçiriləcək və elə indi bütün hörmətli səfirlərimizi həmin konfransa dəvət edirəm.
Məntiqlə yanaşsaq, coğrafi baxımdan həm Türkmənistan, həm də Azərbaycan bu məsələdə əsas ölkələrdir. Yəqin ki, Böyük İpək Yolunu xatırlamağa və onun haqqında danışmağa ehtiyac yoxdur, çünki bu il Türkmənistanda “Böyük İpək Yolu İli” elan edilib. Ümumiyyətlə, bugünkü görüşdə biz bunu qeyd etməkdən başladıq ki, Türkmənistan və Azərbaycan xalqları tarixən həmişə zəngin millətlər olub. Onların həmişə güclü ehtiyat potensialı olub və bu potensialdan həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə ediblər. Sevindirici haldır ki, bu gün biz bunu müasir mərhələdə davam etdiririk.
Bir daha qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik.
Mən öz qardaşlarıma ən səmimi sözlərimi dedim. Qoy, dostluğumuz əbədi olsun. Sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli cənab prezident.
Əziz dostlar, xanımlar və cənablar.
Mənim qardaş Türkmənistana rəsmi səfərim sona çatır. Qardaş Türkmənistan torpağına gəldiyim ilk dəqiqələrdən türkmən xalqının səmimiyyətini və qonaqpərvərliyini, əlbəttə ki, ilk növbədə, Türkmənistan Prezidentinin qayğısını hiss etdim.
Dünən mən türkmənlər üçün müqəddəs yerlərdə oldum. Bu xalqın nə qədər istedadlı, onun tarixinin və mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha gördüm. Əsrlər boyu türkmən xalqı öz torpağında yaşayıb, qurub-yaradıb, öz gələcəyini qurub. Biz azərbaycanlılar həmişə sizin yanınızda olmuşuq. Bizim dostluğumuzun, qardaşlığımızın çoxəsrlik tarixi var. Bu, qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı dəstək, əməkdaşlıq tarixidir.
Türkmənistan son illərdə çox böyük yol keçib. Dünən müxtəlif obyektlərdə - idman kompleksində, xalça muzeyində olarkən mən Aşqabadı tanımadım. Çünki mənə elə gəlirdi ki, tamamilə başqa şəhərə gəlmişəm. Mənim burada olmadığım qısa müddət ərzində sanki şəhər içində şəhər yaradılıb. Bu, Türkmənistan dövlətinin qüdrətinin, onun iqtisadi potensialının göstəricisidir. Amma bu, ilk növbədə, ölkə rəhbərliyinin öz xalqının qayğısına qalmasını, inkişaf üçün göstərdiyi səyləri nümayiş etdirir. Bu gün Aşqabadda olarkən Türkmənistanın son illərdə necə inkişaf etdiyini görürsən. Bu, bizi sevindirir. Biz dost və qardaş kimi sizin uğurlarınıza sevinirik. Ölkələrimizin daha da yaxınlaşması üçün öz tərəfimizdən səy göstərmişik və göstərəcəyik.
Hörmətli Qurbanqulu Məlikquliyeviç, biz xalqlarımızın ənənəvi qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi üçün çox iş görürük. Bunu bizə tarix, xalqlarımızın tarixi, ümumi etnik kökləri diktə edir. Bugünkü reallıq da bunu diktə edir. Bu gün bizim maraqlarımız üst-üstə düşür. Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda, Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir.
Biz regionda qarşılıqlı əməkdaşlıqdan, bu dəhlizin fəaliyyətindən ölkələrimizin, xalqlarımızın, qonşularımızın böyük fayda götürəcəyi tamamilə yeni vəziyyət yaradırıq. Bu, həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq, yeni iş yerləri yaradacaq, yeni istehsalat sahələrinin qurulmasına doğru aparacaq, təhlükəsizliyi, əməkdaşlığı möhkəmləndirəcək.
Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək. Avropa ilə Asiyanın nəqliyyat dəhlizlərinin birləşdirilməsi artıq reallıqdır. Bu reallığı biz yaradırıq. Əgər həm Türkmənistanda, həm də Azərbaycanda quruculuq, inkişaf yolları üzrə addımlar atılmasaydı, onda bu barədə söhbət aparmaq da ümumiyyətlə mümkün olmazdı. Əgər ölkələrimizin iqtisadi potensialına vaxtında yönəldilən sərmayələr olmasaydı, onda bu gün coğrafi vəziyyətimizin böyük əhəmiyyəti olmazdı. Biz öz coğrafiyamızı ölkələrimiz və qonşularımız üçün böyük potensiala çevirmişik. Buna görə düşünürəm ki, bizim razılaşdığımız məsələlərin əhəmiyyəti onilliklər boyu özünü göstərəcək.
Ən başlıcası, biz bu gün münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Hörmətli Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Bu gün biz öz işimizlə münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Dostlar, qardaşlar arasında belə də olmalıdır. Bu gün biz münasibətlərimizi ən yüksək zirvəyə qaldırırıq. Hörmətli dostuma, Türkmənistan Prezidentinə ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsindəki səylərinə görə təşəkkür etmək istəyirəm. Hörmətli Qurbanqulu Məlikquliyeviçə uğurlar, cansağlığı, rifah, qardaş türkmən xalqına xoşbəxtlik və tərəqqi arzulayıram. Sağ olun.
***
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dedi:
-Hörmətli İlham Heydər oğlu.
İcazə verin, bizim dəvətimizi qəbul etdiyinizə və qardaş qonşu ölkəyə - qonaqpərvər Türkmənistana rəsmi səfərə gəldiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim. Sizin nümayəndə heyətinin üzvlərinə təşəkkür edirik.
Bildiyiniz kimi, Türkmənistan və Azərbaycan xalqlarının qədim, zəngin mənəvi ənənələri olub. Yəni, biz həmişə, bütün dövrlərdə çox böyük potensiala və imkanlara malik olmuşuq. Sevindirici haldır ki, həm Türkmənistan, həm də Azərbaycan müasir mərhələdə həmin potensialdan istifadə edir. Biz bunu siyasi arenada, iqtisadi məsələlərimizdə, bir sıra başqa sahələrdə görürük. Bu baxımdan bizim güclü ehtiyatımız var. Biz bu ehtiyatdan həm xalqlarımızın rifahı naminə, həm də regional və beynəlxalq səviyyədə istifadə edə bilərik. Ən başlıcası odur ki, biz bütün bunlardan istifadə edirik. Biz Birləşmiş Millətlər Təşkilatı kimi çox nüfuzlu beynəlxalq qurumların üzvləriyik. Vurğulamaq istərdim ki, bu gün Türkmənistan və Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərini həyata keçirir. Bizdə təkcə regionda deyil, bütün dünyada sabitlik və təhlükəsizlik kimi məsələlərə ortaq münasibət var. Onu demək istərdim ki, biz öz imkanlarımızı nəzərə alaraq regional və beynəlxalq səviyyədə iqtisadiyyat və iqtisadi inteqrasiya sahələrində əməkdaşlıq potensialından istifadə edə bilərik. Buna görə biz əlbəttə ki, Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Artıq qeyd etdiyim kimi, bizim çox yaxşı imkanlarımız var. Bizim köklərimiz, tariximiz, mentalitetimiz, milli xüsusiyyətlərimiz ortaqdır. Biz çox haqlı olaraq vətənpərvərlik göstərir, bu dəyərlərin böyüməkdə olan nəslə ötürülməsi işinə incəsənət xadimlərini, yaradıcı ziyalıları cəlb edirik.
Gördüyünüz kimi, bu gün təkcə Sizinlə bizim aramızda, iki dövlət arasında deyil, həm də region və dünya miqyasında çox iş görülür. Buna görə fürsətdən istifadə edib Sizə təşəkkürümü bildirmək istərdim, ilk növbədə, ona görə ki, Siz Türkmənistan ilə Azərbaycan arasında dostluq tellərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Bu gün Sizi burada görməyə bir daha şadıq. Xoş gəlmisiniz.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Sağ olun, hörmətli cənab Prezident.
Mən, ilk növbədə, qardaş Türkmənistana səfərə dəvətə görə Sizə təşəkkür etmək istərdim. Dünən Sizin torpağa qədəm qoyduğum andan özümü öz evimizdəki kimi hiss edirəm. Bu, qardaş türkmən xalqının qonaqpərvərliyi, şəxsən Sizin qonaqpərvərliyiniz sayəsindədir.
Azərbaycanda Sizi ölkəmizin böyük dostu kimi tanıyırlar. Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün çox iş görürsünüz. Fürsətdən istifadə edib Sizi və Türkmənistanın bütün qardaş xalqını inkişafda qazandığınız böyük nailiyyətlərə, Türkmənistanın beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə, milli-mənəvi dəyərlərə çox diqqət yetirməyinizə və xalqınızın ənənələrini qoruyub saxlamağınıza və bunları yeni nəsillərə ötürməyinizə görə təbrik etmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir. Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin möhkəmlənməsi işinə xidmət edəcək.
Mən Sizinlə razıyam ki, ölkələrimiz regional əməkdaşlıq, regionda təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də mühüm rol oynayır. Sabitliyin, inkişafın yüksək səviyyəsi bizim ölkələri fərqləndirir. Siz çox düzgün qeyd etdiniz ki, ölkələrimiz BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində dəyişiklikləri fəal həyata keçirirlər. Biz əksər göstəricilər üzrə nəzərdə tutulanları nəinki yerinə yetirmişik, hətta artıqlaması ilə yerinə yetirmişik. Türkmənistana gələn, Sizin ölkənizin necə inkişaf etdiyini, vətəndaşlar üçün necə şərait yaradıldığını, iqtisadiyyatın, sənaye potensialının necə artdığını görən hər kəs bunu yəqin edir.
Azərbaycanda biz Sizin uğurlarınıza sevinirik. Biz əminik ki, qardaş Türkmənistan xalqı Sizin müdrik rəhbərliyinizlə bundan sonra da tərəqqi yolu ilə irəliləyəcək. Əlbəttə, belə yaxşı imkanlardan istifadə etməklə əməkdaşlığı möhkəmlətmək lazımdır. Biz məhz bununla məşğuluq və əminəm ki, səfər bu istiqamətdə çox səmərəli olacaq. İqtisadi sahədə qarşılıqlı fəaliyyət, nəqliyyat sahəsində əməkdaşlıq, sənaye kooperasiyası – müzakirə üçün mövzu çoxdur. Əminəm ki, biz qarşıya qoyulmuş hədəflərə nail olacağıq. Səmimi qəbula və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm.
***
Noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.
Əvvəlcə Türkmənistan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Qurbanqulu Berdiməhəmmədovun
bəyanatı
-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və onun nümayəndə heyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istərdim ki, dəvətimizi qəbul edib mehriban qonşunuz, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəlimisiniz. Buna görə biz sizə bir daha minnətdarıq.
Demək istərdim ki, biz bu gün çox yaxşı, konstruktiv danışıqlar apardıq. Prinsipcə, bizim ikitərəfli münasibətlərimizin bütün aspektlərini, yəni, onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Mən dərhal demək istəyirəm ki, bizim - həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.
Onu da demək istərdim ki, bu gün biz həm də bizi birləşdirən ümumi məsələlərimiz üzrə fikir mübadiləsi apardıq. Bu, Xəzər dənizi məsələsidir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Buna görə də biz gələcəkdə də, əlbəttə, öz siyasətimizi aparacağıq.
Bu gün biz ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yəni, yaxşı təmasa malik olduğumuz sahələri - kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq. Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Yəni, bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən, əlbəttə, dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək.
Mədəni-humanitar sahədən danışarkən, əlbəttə ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki həm Türkmənistan, həm də Azərbaycan, bizim xalqlarımız vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir. Əlbəttə, bizim üçün sevindiricidir ki, biz müasir mərhələdə də gələcək gənc nəslin vətənpərvər ruhda böyüməsi naminə bu işi davam etdiririk. Buna görə də biz bu sahə haqqında bu kontekstdə danışarkən, bu gün bizim üçün mühüm olan tətbiqi sənət, yəni, xalçaçılığa toxunduq. Həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı.
Gördüyünüz kimi, biz bugünkü görüşdə çox geniş əhatəli məsələləri nəzərdən keçirdik, xeyli sənəd və saziş imzaladıq.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, buna görə də mən sizin diqqətinizi iki məsələyə yönəltmək istərdim. Birincisi, nəqliyyat məsələləridir. Biz dedik ki, tranzit dəhlizləri inkişaf etdirmək, düzgün logistika tərtib etmək istərdik. Bu, avtomobil və bərə nəqliyyatına, hava məkanına, dəmir yollarına aiddir. Ən başlıcası odur ki, indi bizim aramızda məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya fəaliyyət göstərəcək.
Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var. Biz Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Avropaya çıxışla bağlı nəqliyyat sazişi imzaladıq. Bu, artıq Şərq-Qərb xəttinə aiddir, ya da biz burada bütün Orta Asiyanı Avropa ilə birləşdiririk. Biz istər beynəlxalq siyasətə, istərsə də başqa istiqamətlərə aid bütün məsələlərdə ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəli addımlar atırıq. İndiki halda biz Bakı-Tbilisi-Qars kimi yaxşı infrastrukturun olduğu TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı xətti ilə gedə bilərik. Belə nümunələr çoxdur. Bunun əsasında noyabrın 28-də böyük beynəlxalq konfrans keçirəcəyik. Düşünürəm ki, bu gün biz həmin iştirakçı ölkələrin üzvlərinə müəyyən güzəştlər edə bilərdik. Deyək ki, güzəştli tariflər və sair. Burada əsas məsələ düzgün logistikanı inkişaf etdirməkdən ibarətdir.
Demək istədiyim ikinci məsələ odur ki, biz bu gün sənədlər paketi ilə yanaşı, 2019-2021-ci illər üçün ticari-iqtisadi sahənin inkişafı haqqında da əməkdaşlıq proqramı qəbul etdik. Yəni, bu, bir daha ondan xəbər verir ki, biz gələcəkdə də əmtəə nomenklaturamızı inkişaf etdirə bilərik. Hərçənd indi bizdə çox yaxşı tendensiya gedir, yəni, biz artıq öz statistikamızı bildirdik. Qeyd etdik ki, hər il müəyyən faiz artım var, deyək ki, əvvəlki illə müqayisədə 17 faiz artım olub. Biz elə bu ruhda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyamıza üstünlük veririk. Buna görə də mən xüsusi qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib. Ən əsası gələcək əməkdaşlığa doğru yaxşı meyil var. Buna görə də mən fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının hörmətli Prezidentinə onun şəxsi töhfəsinə, bizim xalqlarımız və ölkələrimiz arasında dostluq tellərinin möhkəmlənməsi üçün etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, ali dövləti fəaliyyətində böyük uğurlar, bütün qardaş Azərbaycan xalqına isə ən yaxşı rifah və tərəqqi arzulayıram. Diqqətə görə təşəkkür edirəm.
X X X
Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli dostlar.
Mən Türkmənistan Prezidentinə, mənim əziz dostuma dəvətə, çox səmimi qəbula, qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən dünəndən qardaş Türkmənistan torpağındayam. Türkmənistanın sosial-iqtisadi inkişafındakı nailiyyətlərlə tanış olmaq imkanına malik oldum. Biz sizin uğurlarınıza da öz nailiyyətlərimiz kimi sevinirik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından qardaş türkmən xalqına salamlarımı çatdırmaq istəyirəm. Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir.
Səfər sona yaxınlaşır. Artıq bu gün demək olar ki, bu səfər bizim ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq. Bu münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.
Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir.
Türkmənistan Prezidenti artıq gündəlikdə olan əsas məsələlər barədə danışdı. Öz tərəfimdən qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üzərində fəal işləyəcəyik. Biz ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyaya müvafiq tapşırıqlar vermişik ki, onlar Azərbaycandan Türkmənistana və Türkmənistandan Azərbaycana ixracı artırmaq üzrə işi fəallaşdırsınlar. Malların konkret siyahısı var və qurumların müvafiq rəhbərləri bu məsələləri müzakirə edirlər. Fikrimcə, əgər biz konkret istiqamətlərə diqqəti yönəltsək, qısa müddət ərzində əmtəə dövriyyəmizi daha da artıra bilərik.
Türkmənistan Prezidenti hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun dediyi kimi, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə böyük yer ayrılıb. Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir.
Müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır. Rəqəmləri göstərmək istəmirəm, amma əminəm ki, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.
Ötən il o vaxta qədər mövcud olmayan və dünya bazarlarına çıxış əldə etmək üçün son əlaqələndirici bənd olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək.
Biz bu gün ikitərəfli münasibətlərin ən mühüm konkret məsələlərini, regional əməkdaşlıq üçün yeni şərait yaradan məsələləri həll etdik. Buna görə də hesab edirəm ki, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq.
Fürsətdən istifadə edərək, qardaş Türkmənistan xalqına sülh, tərəqqi və prezident Qurbanqulu Məlikquliyeviçin rəhbərliyi ilə daha böyük inkişaf diləyir, ona yeni uğurlar, rifah, cansağlığı arzulayıram. Diqqətinizə görə sağ olun.
***
Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.
“Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Elmlər Akademiyasının prezidenti Sapardurdı Toylıyev imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın təhsil naziri Mammetmırat Geldiniyazov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında Saziş”i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Azat Atamıradov imzaladılar.
“Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov və Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyinin sədri Aleksandr Dadayev imzaladılar.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi arasında nəqliyyat və tranzit məsələlərinə dair Saziş”i "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Azat Atamıradov imzaladılar.
“Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş”i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkmənistanın Dövlət Gömrük Xidmətinin rəisi Atadurdı Osmanov imzaladılar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində “ADA” Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zaxırov imzaladılar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində “ADA” Universiteti ilə Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitet arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdıyev imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzaladılar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında dəniz ticarət gəmiçiliyinin inkişafına dair Saziş”i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında Saziş”i “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında Saziş”i “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidmətinin sədri Annamurad Qurdov imzaladılar.
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın Avtomobil Nəqliyyatı Nazirliyi arasında beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın avtomobil nəqliyyatı naziri Orazdurdı Suxanov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın sənaye naziri Xoşgeldi Mergenov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Amandurdı İşanov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Batır Bazarov imzaladılar.
***
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Sonra prezidentlər rəsmi foto çəkdirdilər.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO