İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında...
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında...

"Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir".

Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

Dövlət başçısı deyib: "Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.

Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.

Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

Həmçinin 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərimizin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır. Şura artıq qarşılıqlı dövlət səfərləri çərçivəsində 2024-cü il avqustun 22-də Daşkənddə və 2025-ci il iyulun 2-də Bakıda iki iclas keçirib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm