Sağlamlıq
Hər gün COVID-19-un yeni əlamətləri ortaya çıxır: Uşaqları qorumasanız... - PEDİATRDAN VACİB TÖVSİYƏ
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Publika.az onları narahat edən problemlərə, əksər valideynləri maraqlandıran suallara həkim-pediatr Xəyalə Quliyeva ilə aydınlıq gətirib.
Müsahibəni təqdim edirik:
- Bu gün uşaqların günüdür. İstərdim ki, onların ümumi problemlərinə nəzər salaq. Uşaqların ana südü ilə deyil, qeyri-təbii qidalarla qidalanması həkimlərin həyəcan təbili çaldığı məqamlardandır. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Pediatr olaraq hər zaman xəstələrə ana südü ilə qidalanmağı tövsiyə edirəm. Çünki ana südü qədər dəyərli nemət yoxdur. Dünyanın ən bahalı süni qidaları belə təbii ki, ana südünü əvəz edə bilməz. Ona görə də biz ilk olaraq ana südünü məsləhət görürük. Amma təəssüflər olsun ki, bir çox hallarda bu smeslər həkimlər tərəfindən deyil, analar tərəfindən təyin olunur. Xəstə artıq həkimə gələrkən smeslə gəlir. Bizə bu halda ananı yoldan döndərmək çətin olur. Bacardığım qədər bunu tövsiyə edirəm ki, uşağı ana südü ilə qidalandırsınlar. Burada problem ondadır ki, ana öz övladının ağlamağını əsas götürür və elə bilir ki, süddən doymur. Beləliklə, uşağı smeslə qidalandırmağa başlayır. Amma çox təəssüf ki, bu kimi özbaşına hallar uşaqda problemlərə yol aça bilər.
- Bəzi analar uşağı əsasən inək və ya keçi südü ilə qidalandırır...
- Bəli. Bu daha çox bölgələrdə baş verir. Onlar elə sanırlar ki, süni qidadan daha çox bu uşağa lazımlıdır və çox keyfiyyətlidir. Bu da yanlış fikirdir. Hər bir heyvanın südü yalnız onun öz balası üçündür. Burada əsas faktor ondan ibarətdir ki, uşağın ana südündən doyub-doymaması onun ağlaması ilə təyin edilmir. Çünki ağlamanın bir çox səbəbləri var. Hər ağlayan uşaq acdır anlamına gəlmir. Burada iki cəhət nəzərə alınmalıdır. Birincisi, uşağın çəki artımıdır. İlk olaraq birinci ayda aylıq çəki artımı 600 qram, ikinci ayda isə 700-800 qram olmalıdır. İlk ayda çəki ən azı bir həftəyə 150 qram artmalıdır. Gündəlik çəki artımı isə 15-20 qram arasında olmalıdır. İkinci faktor isə gündəlik istifadə olunan uşaq bezlərinin sayıdır. Bu say gündəlik olaraq 3-5 dəfəni keçdiyi halda uşağın doyduğu anlamına gəlir. Eyni zamanda çəki artımı da normaldırsa uşaq doymuş hesab olunur. Əksər analar uşaq ağlayan kimi elə bilirlər ki, o acdır və smeslə qidalandırmağa başlayırlar. Bununla da uşağın bütün problemləri başlayır. Süni qida qəbul edən uşağın təbii ki, ana südü ilə qidalanması çətin olacaq. Çünki uşaq özü üçün ən asanını və rahatı seçir. Bu halda da o artıq ana südündən imtina edəcək. Analara tövsiyə edirəm ki, uşaqlarını ana südü ilə qidalandırsınlar. Təbii süd zaman-zaman formalaşır. Əgər ananın südü yoxdursa, ən azından süd artıran qidalar qəbul etməlidir. Eyni zamanda bunun üçün bir çox preparatlar var ki, onlardan istifadə edə bilər. Ən əsası inək və keçi südündən istifadə etməməlidir. Çünki ilk 1 yaş ərzində heyvan südündən istifadə uşaqda yaxın gələcəkdə çox ciddi fəsadlara yol aça bilər.
- Ölkəmizdə virusa yoluxma hallarının sayı artır, amma yay aylarında uşaqları evdə saxlamaq çətindir. Bundan əlavə D vitamini qəbul etməlidirlər və havasızlıqdır. Siz nələri tövsiyə edirsiniz?
- Bu gözlənilən bir haldır. Təbii ki, bütün anaları anlayıram. Mənim də 3 övladım var. Uşaqları evdə saxlamaq çox çətindir. Amma biz müəyyən gigiyenik tədbirlərə əməl etməliyik. Maskalardan istifadə olunmalı, uşaqların əlləri tez-tez yuyulmalı və spirtlə dezinfeksiya edilməlidir. Bu kimi tədbirlərə əməl etmək vacibdir. D vitamini qəbulu 3 yaşa qədər uşaqlarda mütləqdir. İstər yay, istərsə də qış aylarında bu tövsiyə olunur. Sadəcə yay aylarında əgər uşaq həyətə qısaqol geyimdə, ayaqları açıq vəziyyətdə çıxırsa və müəyyən saatlarda günəşin altında oynayırsa D vitamininin miqdarını azalda bilərik. Amma tamamilə dayandırmaq qətiyyən olmaz. Pandemiya dövründə vitamin qəbulunu dayandırmaq ümumiyyətlə tövsiyə olunmur. Araşdırmalar nəticəsində məlum olub ki, D vitamini qəbulu koronavirus infeksiyasına yoluxma riskini 27 faiz azaldır. Ona görə də bunu uşaqlarla yanaşı böyüklərə də tövsiyə edirik. Burada profilaktik dozadan söhbət gedir. Biz bu dozanı çəkinmədən qəbul edə bilərik. Ancaq müalicəvi doza isə qanda D vitamini analizi əsasında təyin edilir. Mütləq şəkildə bütün uşaqlar bunu qəbul etməlidirlər.
- Uşaqlarda koronavirusa yoluxma əlamətləri fərqlidirmi? Simptomlar özünü necə göstərir?
- Koronavirusda yalnız bir əlamət özünü göstərmir. Simptomlar çoxdur. Çünki müəyyən uşaqlarda rotavirusun əlamətləri ilə baş verə bilər. Məsələn, ishal, qusma və yüksək temperatur əlamətləri ola bilir. Bu bir qədər böyük uşaqlarda baş ağrısı ilə özünü göstərir. Bu fərqlidir. Çünki hər gün virusun yeni əlamətinin meydana çıxması ilə bağlı məlumatlar alırıq. Digər tərəfdən yuxusuzluq və ürəklə bağlı problemlər də yaşana bilir. Ona görə də 100 faizlik tək əlamət demək doğru deyil. Bu yalnız analizlərlə müəyyən oluna biləcək vəziyyətdir və şikayətlərlə müəyyənləşdirmək olmaz.
- Koronavirus hansı yaş uşaqlar üçün təhlükəlidir?
- Virus körpələrdə və 12-13 yaşa qədər olanlarda özünü bir qədər zəif şəkildə büruzə verir. Daha çox 13 yaşdan yuxarı yeniyetmələrdə ağır hallar meydana çıxır. Amma uşağın yaşının az olması onun sığortlanması anlamına gəlmir. Bu onun immunitetindən də asılıdır. Bu həm də uşaq orqanizminin virusla nə qədər çox kontaktda olub-olmamasından asılı olaraq dəyişir.
- Yay aylarında uşaqları açıq havada gəzdirərkən hansı qaydalara riayət etmək lazımdır? Günəş şüalarının nə kimi əks təsirləri ola bilər?
- Uşaqları əsasən günəş şüasında gəzdirərkən diqqətli olmaq lazımdır. Çünki günəş şüası körpə uşaqlar üçün təhlükəlidir. Bu onlarda günvurma halı yarada bilər. Yaxşı olardı ki, səhər saat 10-a qədər və yaxud da axşam 5-dən sonra uşaqları həyətə çıxarsınlar. Bu qadağa çimərlik mövsümünə də aiddir. Çimərlik mövsümü açıldıqdan sonra da yaxşı olar ki, uşaqlar saat 10-dan 4-ə qədər birbaşa olaraq günəş şüası altında olmasınlar.
- Uşaqlarda əsasən hansı qidalar allergiya yaradır? Valideynlər nələrə diqqət etsinlər?
- Allergiya yaradan qidalar çoxdur. Burada uşağın yaşı önəmlidir. Məsələn, 1 yaşa qədər uşaqlarda süd və süd məhsulları, qatıq, şor və yumurta allergiyaya səbəb ola bilirsə, bir qədər böyük yaşlı uşaqlarda bu hal fərqli olur. Yumurta, pomidor, kolbasa, qazlı sular, mərcimək, qoz və fındıq kimi bir sıra çərəzlər, balıq, süd məhsulları, bal, çiyələk, ərik, şaftalı, gilas kimi mövsümi meyvələrin hamısı allergiya törədən qidalardandır. Valideynlər ən çox bunlara diqqət etməlidirlər.
- Yay aylarında əsas müzakirə mövzularından biri də uşaqlara mövsümi meyvələrin verilməsi ilə bağlıdır. Hazırda satışda olan çiyələk və digər mövsümi meyvələri uşaqlara vermək tövsiyə olunurmu?
- Bu gün bu tip meyvələr hələ ki, tövsiyə edilmir. Ancaq 1-2 ay sonra çiyələk və digər mövsümi meyvələrdən istifadə etmək olar. 1 yaşa qədər körpələrin allergiya səbəbindən çiyələk, alça, gilas kimi meyvələrlə qidalanması məsləhət deyil.
Akqabay Mıradov
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO