İnsan orqanı heç bir halda satış predmeti olmamalıdır - Professor Bülent Aydınlı - MÜSAHİBƏ
Bizi izləyin

Sağlamlıq

İnsan orqanı heç bir halda satış predmeti olmamalıdır - Professor Bülent Aydınlı - MÜSAHİBƏ

Orqan transplantasiyası sahəsində dünyada və Türkiyədə tanınmış professor Bülent Aydınlının Publika.az-a müsahibəsi:

- Bülent bəy, Bakıda sağlamlıq yarmarkasında iştirak etmisiniz, yarmarkaya maraq necə idi?

- Sağlamlıq Turizmi Yarmarkası ilk dəfə 2017-ci ildə Antalyada keçirilib. Bu dəfə isə Türkiyə Prezident Andminstrasiyasının təşkilatçılığı ilə Bakıda keçirildi. Son zamanlarda dünyada sağlamlıq turizminə diqqət artıb və bütün ölkələr turizmin bu sahəsindən faydalanmağa çalışır. Fikrimcə, buna sağlamlıq turizmi demək əvəzinə beynəlxalq xəstə xidmətləri demək etikaya daha uyğun olar. İnsanların öz ölkələrində görə bilmədikləri səhiyyə xidmətlərini digər ölkələrdə axtarması və alması normaldır. Burada qiymət, keyfiyyət, etibarlılıq əsas meyarlar kimi götürülür. Türkiyə də bu sahədə ən önəmli yerə sahib ölkələrdəndir. Mən hazırda Akdeniz Universitetində fəaliyyət göstərirəm və burada ümumi və transplantasiya cərrahı kimi çalışıram. Universitet 1982-ci ildən etibarən orqan köçürülməsi ilə məşğuldur və bu günə qədər 6 minə yaxın orqan transplantasiyası edilib. Bu gün bu sərgidə də Akdeniz Universitetini təmsil edirik. Müxtəlif ölkələrdən minə yaxın insan burada iştirak edir. Sərgiyə maraq da kifayət qədərdir. Ümid edirəm ki, Azərbaycanla münasibətlərimiz bu sahədə də inkişaf edəcək.

- Azərbaycan və Türkiyə xəstəxanaları arasında orqan transplantasiyası sahəsində işbirliyi varmı?

- Bildiyim qədərilə Azərbaycanda orqan transplantasiyası yoxdur, lakin görürəm ki, maraq xeyli artıb. Azərbaycanlı həkimlər bu sahədə yeni biliklər əldə etmək üçün xəstəxanalarımıza üz tuturlar. Türk həkimlər də həmçinin Azərbaycana gələrək orqan transplantasiyası edirlər. Lakin daha çox xəstələr Azərbaycandan Türkiyəyə gəlir və əməliyyat olunub geri dönürlər. Ümid edirəm ki, münasibətlər genişlənər və birgə bir çox yeniliklərə imza atarıq.

- Orqan nəqlinin proseduru necə olur? Orqan köçürüləcək pasiyentlər növbəyə dayanır? Hansı hallarda pasiyentin növbəsi dəyişdilirilə bilər?

- Orqan transplantasiyası üçün iki qaynaq var: ya canlı bir şəxsdən orqan alıb nəql edirsiniz, ya da beyin ölümü gerçəkləşmiş birindən. Azərbaycanda beyin ölümü gerçəkləşmiş şəxsdən orqan transplantasiyası yoxdur, sadəcə canlı donorla bu əməliyyat həyata keçirilə bilər. Bunun üçün də bir sıra prosedurlar var. Ən vacib şərt isə donorun sağlamlığıdır. Donorun sağlamlığına hər hansı kiçik də olsa zərər gələ biləcəyi təqdirdə orqan alınmır. Xəstələrarası qan və toxuma uyğunluğu vacib məqamdır. Lakin pasientlər arasında hər hansı sıralama yoxdur. Ən önəmli məsələ qan uyğunluğunun olmasıdır. Lakin Türkiyədə beyin ölümü gerçəkləşən xəstələrdən orqan transplantasiyasında növbəlilik sistemi var. Orqan çatışmazlığı ilə xəstəxanaya yatan pasient qeydiyyata alınır. Beyin ölümü gerçəkləşən xəstələrdən transplantasiya üçün gözləyən pasientə növbəlilik prinsipi gözlənilərək orqan gələ bilər. Ümid edirəm ki, Azərbaycanda da yaxın zamanda bu sistem yaranar və beyin ölümü gerçəkləşən insanların da orqan donorluğu qəbul edilər.

- Orqanları könüllü şəkildə bağışlayanlar olurmu?

- Türkiyədə bununla bağlı donorluq kartı var. Xəstə hər hansı qəza halında beyin ölümü gerçəkləşsə və həmin donorluq kartı şəxsin üstündən çıxsa belə, ailə yaxınları icazə vermirsə, orqan transplantasiya edə bilməzsiniz. Lakin dünyanın bir çox ölkələrində fərqli yanaşmalar var. İspaniya və Portuqaliya kimi ölkələrdə bu kimi hallar yaşanmır. İnsanlar və dövlət bu məsələdə daha aktivdirlər.

- Sizcə, orqanlarını könüllü şəkildə bağışlayanlar çoxdur, yoxsa satanlar?

- Orqan satmaq məsələsi dünyada etika baxımından sıxıntılı bir məsələ kimi qəbul edilir. Müəyyən ölkələr xaric dünyada bunun edildiyi ölkə yoxdur və asan şəkildə həyata keçiriləcək bir proses də deyil. Çünki transplantasiya üçün təcrübəli cərrah və bu sahədə ixtisaslaşmış xəstəxana əsas şərtdir. Tükiyədə orqan satma halı, demək olar ki, mümkün deyil. Şimali İraq, Hindistan kimi ölkələrdə ola bilər, lakin bir həkim kimi deyə bilərəm ki, bu, qəbuledilməzdir. İnsanın orqanı heç bir halda satılmamalıdır.

- Bəs satıla bilən ölkələrdə bu məsələ ilə bağlı rəsmi prosedur varmı?

- Məsələn, Türkiyədə dördüncü dərəcəyə qədər qohum olan şəxslər orqanlarını donor kimi verə bilər. Qohumluq münasibətlərindən kənar şəxs donor olacaqsa, bunun üçün bəzi qurumlar işə müdaxilə edir. Həmin qurumlar qarşısında xəstə ilə aranızda hər hansı maddi sövdələşmə olmadığını sübut etməlisiniz ki, donorluq edə biləsiniz. Lakin yuxarıda qeyd etdiyim ölkələrdə bu cür prosedurlar yoxdur. Sorğulanma olmadığı üçün də araya fərqli və xoş olmayan məqsədlər girir.

- Bəzən sosial şəbəkələrdə hansısa insan bu və ya digər səbəbdən orqanını satması barədə elan verir. Belə insanlar fırıldaqçıların hədəfinə çevrilə bilərmi?

- Əlbəttə. Əslində, hər iki tərəf pisniyyətli ola bilər. Bəzən sıxıntıda olan, çarəsiz qalmış insanlar bu kimi addımlar ata bilir. Lakin diqqətli olmaq lazımdır. Sözügedən məsələlərdə sizə maddi vədlər verən şəxslər də əslində yalan danışır.

- Orqan transplantasiyasının qiyməti nə qədərdir?

- Dünyada bu əməliyyatı həyata keçirən ölkələrdə fərqli qiymətlərlə rastlaşmaq mümkündür. Türkiyədə Akdeniz Universiteti Orqan Transplantasiyası mərkəzində böyrək köçürülməsi 14 min dollar, donorla birgə hər iki əməliyyatın qiyməti isə 36 min dollar təşkil edir.

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm