Azərbaycanda stend qoyulası xəstələri niyə açıq ürək əməliyyatına alırlar? - Məşhur kardioloq elə faktlar açıqladı ki...
Bizi izləyin

Səhiyyə

Azərbaycanda stend qoyulası xəstələri niyə açıq ürək əməliyyatına alırlar? - Məşhur kardioloq elə faktlar açıqladı ki...

“Ölkəmizdə kardiologiya sahəsindəki damar açmaq, qapaq əməliyyatlarında ölüm faizləri çoxdur. Hazırda xüsusilə, maddi vəziyyəti aşağı olanlar üçün bir çox tibbi xidmət əlçatan olub. Əsas işin düzgün təşkilidir. Məncə, bu işin təşkilində bəzi axsamalar var”.

Bu sözləri Publika.az-a açıqlamasında kardioloq Üzeyir Rəhimov deyib.

O qeyd edib ki, ölkəmizdə icbari tibbi sığortanın dövriyyəyə girməsi Azərbaycan xalqı üçün çox böyük bir şansdır:

“Ən önəmlisi xəstələrin göndəriş almasıdır. Xəstələr istədikləri yerə göndəriş almalıdırlar. Bölgədəki bir xəstəxanadan göndəriş alıb, Bakıya gələn xəstələr var. Bu zaman Bakıda xəstəxanada bir daha yoxlamadan keçir ki, ondan sonra başqa bir xəstəxanaya məsələn, ürək əməliyyatı olan bir xəstəxanaya göndərilir. Əlavə yoxlamalar dövlət büdcəsinə ciddi zərərdir. Göndərişlər ədalətli olmalıdır ki, nə həkim əziyyət çəksin, nə də pasient. Ümumiyyətlə, ədalətsiz bölgü bir çox etiraz və narahatlığa yol açır”.

Kardioloq bildirib ki, elə xəstəxana var, sıxlıqdan tərpənmək olmur, eləsi də var, adam azdır.

“Angioqrafiya xidməti üçün 24 saat xəstəxanada yatmaq şərti qoyulur. Açıqcası, bu vaxtın haradan götürüldüyünə dair heç bir təsəvvürüm yoxdur. Dünyada elə bir yer yoxdur ki, angioqrafiya xidməti üçün xəstəni xəstəxanada yatırsınlar. Angioqrafiya ambulator müayinədir. Xəstə 3-4 saat, maksimum 5-6 saat xəstəxanada qalıb, sonra evə getməlidir. Bu müayinə üçün xəstəxanada xəstəni 24 saat yatırsanız nə iş bitər, nə də xəstəxananı infeksiyalardan təmizləmək olar. Bunu etməyən xəstəxanaların pulundan isə 20 faiz kəsilir. Bu yanlış bir şeydir. Dəfələrlə şikayət etməyimizə baxmayaraq, tədbir görülmür.

Sığorta, bir xəstənin üç damarına stend qoyulacaqsa, yalnız birincini tam ödəyir. İkinci və üçüncü stendin xərcinin yarısını ödəyir.

Bu qərarı necə verilib, bilmirəm. İkinci iş görüləndə xəstəyə yarım stend qoyulsun ki, ödəniş də yarıdır? Unutmamalıyıq ki, həkim burada yarım iş görmür, materiallar birinciyə istifadə olunduğu kimi hər birinə eyni qaydada istifadə edilir. Bütün bunlar da həkimlərdə ruh düşkünlüyü və işlərini tam axıra qədər etməməsinə səbəb olur. Çünki xəstəxana və işləyənlər bu işdən zərər görür. Həkimlər, müəssisələr xəstəni açıq ürək əməliyyatına verirlər. Bunun üçün də bu cür xəstəlikləri açıq ürək əməliyyatına göndərirlər. Bu da gərəksiz yerə açıq ürək əməliyyatının artmasına, yenə ölkənin büdcəsindən lazımlı şəkildə istifadə edilməməsinə gətirib çıxardır.

Ü. Rəhimov Azərbaycan Kardiologiya Cəmiyyətinin “Stent - Save a Life” layihəsi olduğunu diqqətə çatdırıb:

“Bu, dünyanın proyektidir və beynəlxalq sahədə icazəsini almışıq. Bu layihə tətbiq edildiyi zaman xəstə infarkt keçirdiyi anda damarın açıldığı mərkəzə yönləndiriləcək. İnfarkt zamanı ən önəmli addım ilk saatlar ərzində damarın açılmasıdır. Bunu etdiyimiz zaman ölkəmizdə ürək ölümləri azalacaq. Ölkədə infarktdan vəfat edənlərin sayını azaltmalıyıq. Bunun üçün də infarkt keçirən və yaxud kəskin koronar sindromlu xəstələr düzgün bir şəkildə bölgü edilərək damar açılacaq mərkəzlərə göndərilməlidir”.

Həkim digər problemlərdən biri olan fəsadlaşmanı da vurğulayıb:

“Tibdə hər zaman əlavə bir xidmətə ehtiyac olur. Dünyanın hər yerində belədir. Yenə sığorta bunu ödəmir. Belə olduğu halda da həkimlər ağır xəstələri almamağa başlayırlar. Dəfələrlə vurğulamışam ki, işimiz əslində həyatını qurtaracağımız olan ağır xəstələrdir. Standart xəstələrin onsuz da həyat keyfiyyətini düzəldirik, həyat müddətini uzatmırıq. Bu cür ağır xəstələr vaxtında müayinə olunmadığı üçün əksəriyyəti ölür. Yəni ölüm hallarının çox olma səbəblərindən biri də gecikmiş müayinədir. Hazırda dövlət xəstəxanalarındakı həkimlərin xəstə müalicə etməyə vaxtları yoxdur. Onların bu dəqiqə əsas işləri göndəriş verməkdir. Xəstəni normal şəkildə müayinə və müalicə etmək şanslarını itiriblər. Hazırda göndəriş üçün çox böyük axın var.

Hazırda dövlət xəstəxanasındakı statistikaya baxsaq, görərik ki, xəstə sayı artıb, bu doğru deyil. Artan xəstə sayı deyil, göndərişlərin sayıdır. Dünyada isə bu təcrübə belə deyil, pasient sığortasından istədiyi dövlət xəstəxanasında istifadə edir. Bu, həkim üçün də olduqca yaxşıdır. Həm müalicəsini yaxşı edir, həm də öz inkişafına vaxt ayıra bilir. Ölkəmiz bununla da əlavə maliyyə xərclərindən qurtulacaq. İndi birdən-birə dövlət xəstəxanalarına çox ciddi dəstək olduğu üçün xəstələr əsasən ora yönəlirlər. Bunun üçün də özəl xəstəxanalarda xəstə sayının azaldığını müşahidə edirik. Bu səbəbdən özəl xəstəxanalar artıq çox ciddi iqtisadi böhrana girib və yaxın vaxtlarda bunların bir çoxunun bağlanacağını görəcəksiniz. Onun üçün də ədalətli bir bölgü lazımdır ki, özəl sektor unudulmasın. Bütün dünyada tibbi xidmətin keyfiyyətini əsas təyin edən özəl sektordur. Buna da sahib çıxılmalıdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm