Psixoloq Kürdəmirdə yandırılan qadından danışdı: Ailədə xoşbəxt olmayan biri cəmiyyətə fayda verə bilməz
Bizi izləyin

Sosial

Psixoloq Kürdəmirdə yandırılan qadından danışdı: Ailədə xoşbəxt olmayan biri cəmiyyətə fayda verə bilməz

Kürdəmir rayonunda qadının keçmiş həyat yoldaşı tərəfindən traktora bağlanılaraq yandırılması cəmiyyətdə ciddi rezonansa səbəb olub.

Son vaxtlar demək olar ki, oxşar olaylar artım istiqamətindədir.

Bəs qadınlara qarşı zorakılıq hansı səbəblərdən qaynaqlanır?

Publika.az mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun mövqeyini öyrənib.

Psixoloq bu cür cinayətlərin yaranma səbəblərinin mentalitetlə vəhdət təşkil etdiyini və bəzi məsələlərin nizama salınmalı olduğunu vurğulayıb:

“Ümumiyyətlə, bizim üçün istər ailənin qurulmasında, istər idarə edilməsində, istərsə də boşanma məsələsində daha çox adət-ənənə prinsipi ön plana keçir. Bu proses indiyə qədər də davam edir. Bu gün də bu cür problemlər, konfliktlər köhnə və yeni dövrün yanaşması arasında olan toqquşmadan yaranır. Azərbaycan kişisi istəyir ki, ailəsi klassik qaydalarla idarə olunsun. Bu da mümkün deyil. Çünki cəmiyyət inkişaf edir, yeni fikirlər, dünyagörüşlər formalaşır. Söhbət klassik təməllərin dağıdılmasından getmir. Dünənə kimi daha çox kişilər çalışır, qadınlar evdəki düzəni formalaşdırırdılarsa, bu gün bizim yetərincə işləyən xanımlarımız var. Artıq texnologiya hər şeyi öz ağuşuna alıb. Dünənə kimi kişinin qol gücü lazım idisə, texnologiyanın inkişafı ilə əlaqədar bu gün eyni işi xanımlar da görə bilir. İşləyən xanım isə özünün də ailə münasibətində yeni yanaşma istəyir. Ən azından bunun müqabilində qadın diqqət və qayğı istəyir. Bunlar olmadığı təqdirdə biz görürük ki, tərəflər arasında münasibət pozulur və müəyyən konfliktlər yaranır. Nəzərə almaq lazımdır ki, anidən boşanma olmur. Qadın mütəmadi şəkildə valideyninin evinə gedib qayıdır. Beləliklə problem dərinləşir və qərar verilir ki, ayrılsınlar. Ayrılmaq isə ayrı qalmaq fonunda baş verir. Yəni şəxslərin bir-birinə qarşı olan hissləri itmir. Ən azından hər iki tərəfdə baş vermir. Bu isə təkrar ailə qurmaqda problem yaradır”.

E.Rüstəmov cinayətlərin azalması istiqamətində yeni təklif irəli sürüb:

“Çox yaxşı olardı ki, ailə qurmamışdan öncə psixoloji müayinə keçirilsin. Bu cür müayinələrin isə kriteriyaları bəlli olmalıdır. Ailə daxilində konflikt olduğu təqdirdə tərəflər hara müraciət etməli olduqlarını bilməlidirlər. Yəni peşəkar yardımı haradan ala bilərlər? Bu, bəlli olmalıdır. Sonrakı mərhələdə onlar məhkəməyə müraciət eməlidirlər. Bu məqamda lazımdır ki, şəxslərə psixoloq dəstəyi göstərilsin. Azərbaycanda boşanandan sonra yenidən bir yerə gələn ailələr var. Biz görürük ki, kifayət qədər primitiv səbəblər ucbatından dağılan ailələr var. Bunlar olduğu təqdirdə biz bu problemlərdən nisbətən sığortalana bilərik. Bundan sonra isə ailə institutu mütləq şəkildə bizim adət-ənənəmizə söykənərək, yeni dövrün tələbinə uyğun formalaşdırılmalıdır. Bu gün biz informasiya əsrində yaşayırıq. Ailə institutumuza təsirlər çoxdur. Bunu məqsədli şəkildə edənlər var. Məqsəd isə odur ki, Azərbaycanda ailə institutunu dağıtsınlar. Ailə institutu dağılacaqsa, bu, cəmiyyətdə digər problemlərin yaranmasına töhfə olacaq. Ona görə də hamımız ailə institutunu qorumaq istiqamətində əlbir olmalıyıq. Çünki ailədə xoşbəxt olmayan insan cəmiyyətə fayda verə bilməz”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm