Sosial
3 aydır Naxçıvandan qayıda bilməyənlərin daha bir problemi - AZAL-dan CAVAB
Hazırda Naxçıvan-Bakı reysi üzrə uçuşlar başlanıb. Biletlər yalnız onlayn şəkildə satılır. “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib ki, 18 iyun saat 12:00-da ilk reys Bakıdan Naxçıvana uçacaq. Naxçıvandan Bakıya reys isə həmin gün saat 14:10-da təşkil olunacaq. İkinci uçuş Bakıdan saat 15:00-da, Naxçıvandan 17:10-da təşkil olunacaq. Bundan sonra hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri Bakıdan saat 15:00-da, Naxçıvandan isə saat 17:10-da uçuşlar təşkil olunacaq. Bilet alışı zamanı istifadə olunan kart isə mütləq sərnişinin öz adına olmalıdır. Əgər yay günlərində əvvəl gündəlik 10 reysə qədər uçuş həyata keçirilirdisə və bu zaman Bakı-Naxçıvan istiqamətində 15 000 sərnişin bir gündə daşınırdısa, bugünkü imkanlar çərçivəsində gündəlik 80-100 sərnişin daşınacaq.
Ancaq, həftə ərzində təşkil olunacaq 2 uçuşla qane olmayanlar kifayət qədərdir. Xəbər verilər-verilməz Naxçıvandan onlayn bilet alışında yaranan problemlə bağlı çoxsaylı müraciətlər gəlməyə başladı. Vətəndaşlar bilet almaqda sıxlıq yaşandığını bildirirlər.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni Publika.az-a bildirib ki, quruma bununla bağlı onlarla müraciət daxil olub:
“Mart ayında Naxçıvana gedən və orada qalan sərnişinlərin gətirilməsi üçün mütləq əlavə reyslərə ehtiyac var. 250-dən çox insan təcili gəlmək üçün bizə müraciə edib. Əlavə reyslərin sayı artarsa, biz qısa müddət ərzində 3 aydır karantin rejiminə görə Bakıya qayıda bilməyən vətəndaşlarımızın evlərinə qayıtmasına şərait yarada bilərik. Bu, onların işində problemlər yaradır. Bizə QHT Forumu olaraq çoxlu sayda zənglər və müraciətlər daxil olub. Onlayn rejimdə bilet almaqda çox böyük sıxlıq yaşanır. Orada onkoloji xəstələr və digər mühüm xəstəliyi olan şəxslər var. Bu, böyük bir problemdir. Biz rəhbər strukturlardan xahiş edirik ki, bu məsələnin həllinə şərait yaratsınlar. Karantin qaydaları çərçivəsində əlavə reyslərin təşkil edilməsini istəyirik”.
O əlavə edib ki, Bakıdan Naxçıvana getmək istəyənlər də də eyni problem yaşayır.
R.Zeyninin sözlərinə görə, rəhbəri olduğu qurumun bir neçə işçisi də Naxçıvana gedib, 3 aydır orada qalıb və hazırda onlayn bilet almaqda çətinlik çəkir:
“Öz işçilərimiz orada qalıblar və gələ bilmirlər. Hamilə qadınlar müraciət edir. Onlar təcili olaraq Bakıda xəstəxanalara getməlidirlər. Uşaqların gəlməyində də problem yaranır. Onların əksəriyyətinin vəsiqəsi olmadığı üçün onlayn qaydada bilet ala bilmirlər. Bakıda işləyən və martın 18-indən Naxçıvana gedib qayıda bilməyən nə qədər insan var. Hərbçi ailələr var ki, onlar təcili olaraq Bakıya və Sumqayıta gəlməlidirlər. Bir hərbçi bizə müraciət edib və həyat yoldaşı hamilə olduğu üçün təcili olaraq Bakıya qayıtmalı olduğunu bildirib. Sıxlıq var və həftə ərzində məhdud sayda insanlar gətiriləcək. Vaxt çox uzanır. Gəlmək istəyən çoxdur, amma yerlər çox azdır”.
Məsələyə rəsmi mövqe öyrənmək üçün “Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirdi ki, yeni qaydalara uyğun olaraq pandemiya şəraitində Naxçıvandan Bakıya və Bakıdan Naxçıvana gedib-gələcək sərnişinlər laboratoriya analizindən mütləq keçirilməlidirlər: “Laboratoriya testinin nəticəsinə uyğun olaraq onların gediş-gəlişinə icazə veriləcək. Labaratoriyanın texniki imkanlarını nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib ki, həftə ərzində hər iki istiqamətə yalnız 2 uçuş təşkil olunsun. Bu qərar laboratoriyanın texniki imkanları ilə yanaşı, ölkədə olan epidemioloji vəziyyət də nəzərə alınaraq verilib”.
Səyahət etməsi vacib və ciddi xəstəliyi olan sərnişinlərin erkən uçuşlardan faydalanmaq istəmələrinə gəlincə, AZAL-ın sözçüsü onlar üçün müəyyən güzəştələri tanıyacaqlarını qeyd edib: “Biletlər hamı üçün eyni qaydada və onlayn sistemlə satılır. Bakıya gəlməsi və ya Naxçıvana təcili getməsi vacib olan həmin sərnişinlər AZAL-a fərdi şəkildə müracət etsinlər. Müraciətləri zamanı xüsusi çətin vəziyyətlərini də qeyd etsinlər. Biz də fərdi şəkildə bu müracətlərə baxaraq cavablandıracağıq”.
Akqabay Mıradov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI