Neftçala TƏHLÜKƏDƏ : Sakinlərin həyatı Kürün səviyyəsindən asılıdır – Problem nə zaman həllini tapacaq?
Bizi izləyin

Sosial

Neftçala TƏHLÜKƏDƏ : Sakinlərin həyatı Kürün səviyyəsindən asılıdır – Problem nə zaman həllini tapacaq?

“Kür çayının suyu olduqca aşağıdır. Vəziyyətimiz acınacaqlıdır. Dəniz suyu Kürə qarışıb. Su demək olar ki, zəhərdir. Bağda ağaclar bir tərəfə, özümüz içməyə su tapmırıq. Bu su nə yuyunmaq, nə təsərrüfata, nə də heyvanların içməsi üçün yaramır. Təhlükə ilə üz-üzəyik”.

Neftçala rayon sakini Oqtay Məmmədovun timsalında bütün neftçalalılar istilərin hökm sürdüyü bir vaxtda təhlükə ilə üz-üzədirlər.

Deyirlər, su həyatdır. Neftçala əhalisi də 2 həftədir “həyat” mübarizəsi aparır. Kür çayının səviyyəsinin aşağı enməsi burada içməli su problemi yaradıb. Belə ki, Xəzər dənizinin duzlu suyu külək vasitəsilə Kür çayına doğru axmağa başlayıb ki, bu da sakinləri çətin vəziyyətdə qoyub. Onların bildirdiyinə görə, mağazalardan aldıqları 5 litr su 5 saat keçmədən bitir.

Məsələyə rəsmi mövqe öyrənmək üçün Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Publika.az-a bildirildi ki, Kür çayında suyun səviyyəsinin azalması və küləyin təsirilə Xəzər dənizinin suyunun çaya daxil olması nəticəsində rayonda yaranmış içməli su qıtlığı probleminin həll olunması ilə əlaqədar İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb:

“Rayon İcra Hakimiyyəti olaraq bununla bağlı görülən tədbirlər nəticəsində “Azərsu” ASC tərəfindən təhkim olunmuş su maşınları və yerli şəxslərə məxsus su daşıyan maşınlar vasitəsi ilə Neftçala şəhərinin Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, M.Ə.Sabir, M.Əsədov, S.Vurğun, 28 May və digər küçələrinə, o cümlədən çoxmənzilli binalara içməli su daşınması müntəzəm olaraq həyata keçirilir”.

İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Bankə və Həsənabad qəsəbələri ilə yanaşı, 1 və 2 nömrəli Mayak, Kürkənd, Yenikənd, Sübh, Qırmızı Şəfəq kəndlərindəki hidrant su çənləri də vaxtaşırı olaraq içməli su ilə doldurulur. Gün ərzində 150-200 ton içməli su pulsuz olaraq sakinlərə çatdırılır: “Digər tərəfdən, iyunun 9-dan Xəzər dənizinin suyunun Kür çayı boyunca axınının qarşısının alınması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC rəhbərliyinin göstərişi ilə Salyan-Neftçala rayonları ərazisində Kür çayı boyunca nasos stansiyaları bir sutkalıq dayandırılıb. Bu da Kür çayında şirin su axınının güclənməsinə səbəb olub”.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə qeyd etdi ki, qurum hazırda 12 ədəd sudaşıyan maşınlarla Neftçalanın kəndlərini, qəsəbələrini və şəhəri içməli su ilə təmin edir: “Eyni zamanda nasoslar da işə salınıb. Kür çayından qismən də olsa su verilir. Ancaq bu su içmək üçün deyil, yalnız təsərrüfatda istifadə olunması məqsədilə verilir. Hələ də Kürün suyunda duzluluq var, bu su içməyə yararsızdır. Buna görə də suyun maşınlarla verilişi hələ də davam edir”.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov Mingəçevir su anbarı vasitəsilə çayın suyunun artırılması ilə bağlı yayılan təkliflərə aydınlıq gətirdi. Qurum rəsmisi bildirdi ki, suyun süni yollarla artırılması gündəlikdə yoxdur:

“Kürün suyunun artırılması real məsələ deyil. Bu su Neftçalaya Mingəçevir su anbarından keçərək gəlir. Su anbarında da su azdır və səviyyə aşağı düşüb. Yağıntıların miqdarı artarsa, yalnız bu halda Kürün və Mingəçevir su anbarının səviyyəsi də qalxa bilər. Hazırda suvarma ilə bağlı heç bir problem yoxdur. Su duzlu olmasına baxmayaraq biz onu əkin sahələrinə veririk”.

Mövzu ilə bağlı Publika.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vurğuladı ki, bütün dünyada su ehtiyatları azalır. Bu da həm təbii amillərlə, həm də qlobal iqlim dəyişikliyi ilə bağlıdır:

“Havaların isinməsi, yağıntıların azalması və buxarlanmanın çoxalması da buna təsir göstərən amillərdəndir. Eyni zamanda, insanların sayının artması, iqtisadiyyatdakı inkişaf, kənd təsərrüfatı sahələrinin çoxalması və suvarılan torpaqların həcminin artması sudan daha çox istifadə olunmasına gətirib çıxarır. Bir tərəfdən anbarlarda, göllərdə və çaylarda suyun səviyyəsi azalır. Digər tərəfdən də sudan daha çox istifadə olunur. Çünki suya tələbat artır. Kür isə transsərhəd çaydır və Azərbaycan sərhədlərindən kənarda formalaşıb. Çay ölkəmizə gələndə artıq müəyyən qədər azalır. Hava istidir, buxarlanma çox olur, pandemiya dövründə də suya tələbat kəskin şəkildə artıb. Ona görə də bu problem yaşanır”.

Şöbə müdiri əhalinin sudan qənaətlə və daha səmərəli istifadə etməsini tövsiyə etdi: “Təkrar istifadəyə daha çox diqqət yetirmək lazımdır. Tullantı sularını dənizə, digər təbii hövzələrə axıtmaq əvəzinə onu yenidən təmizləyərək suvarma və təsərrüfat məqsədilə istifadə etmək üçün yararlana bilərlər. Mingəçevir su anbarından da suyun qarşısını açmaq mümkün deyil. Çünki Kürün səviyyəsi aşağıdırsa, deməli anbarda da su azdır”.

Bəs dəniz suyunun qarışdığı sudan istifadə insan orqanizminə necə təsir göstərər?

Terapevt Arzu Hüseynova dəniz suyunun qarışdığı sudan istifadə etməyin insan orqanizmi üçün zərərli olduğunu bildirdi:

“Ümumiyyətlə, hər kəsə məlumdur ki, dəniz suyunu duzlu olduğu üçün udmaq olmaz. Çünki duzlu su orqanizmə ziyandır. Hər bir şəxs gün ərzində 15 qram duz qəbul edə bilər. Ancaq 1 litr dəniz suyunda 40-50 qram duz var. Əgər insanlar o suyu içərlərsə, çox böyük miqdarda duz qəbul etmiş olarlar. Dəniz suyunun tərkibində natrium xlorid ilə yanaşı, həm də digər kimyəvi birləşmələr var. Hansı ki, bu birləşmələr orqanizmə müxtəlif təsirlər göstərir. Bu suyu içərkən orqanizm məcbur olur ki, tərkibindəki duzları, ağır metal birləşmələrini öz-özünü təmizləmə və tənzimləmə xüsusiyyəti ilə təmizləsin. Orqanizm məcbur olur və bədəndəki suyu hüceyrələr arasından çəkərək həmin metalları həll etməyə sərf edir. Bu zaman bədəndə susuzluq əmələ gəlir. Məlumdur ki, orqanizm qida maddələri olmadan bir müddət qala bilər, amma susuz insan orqanizmi çox tez zəifləyir. Uzun müddət tərkibində duz olan su qəbul olunarsa, orqanizmdə süni şəkildə susuzlaşma əmələ gətirir”.

Terapevt qeyd etdi ki, hər bir orqan bədənə qəbul olunan artıq duzla mübarizəyə başlayır: “Əgər biz hər litrində 40-50 qram duz olan mayeni qəbul ediriksə, deməli hər dəfə gündəlik dozanı dəfələrlə aşırıq. Nəzərə alsaq ki, bu sudan bədənimizə yemək və çay vasitəsilə azı 2-2,5 litr qəbul ediriksə, gün ərzində100 qram, yəni normadan 85 qram artıq duz qəbul etmiş oluruq. Bu zaman bədənimizdə çox böyük disbalans və maye ilə həmin metal birləşmələri arasında təzad yaranır. İnsanlar bunu ağızlarında olan metal dadı ilə hiss edə bilərlər. Çünki dəniz suyunun tərkibində diogen xloridlər, sulfatlar və metallar var. Bu o deməkdir ki, bədənimizdə duzun miqdarı artıb. Bundan əlavə, diareya da ola bilər. Natrium sulfat tərkibli birləşmə bədəndə diareya yaradır. Həmin yolla da orqanizm maye itirməyə başlayır. Susuzlaşma və orqanizmin özünün daxili mübarizəsi nəticəsində əmələ gələn proses artıq böyük fəsadlara səbəb ola bilir. Hətta bir damcı suyun tərkibində olan duz birləşmələrinə mikroskopla baxsaq, çox dəhşətli mənzərənin şahidi ola bilərik. 1 litr dəniz suyunun tərkibində xörək duzu, xlor, maqnium xlor, maqnezium sulfat və digər zəhərli duzlar olur. Bu sudan içmək məqsədilə istifadə etmək olmaz və bu insan orqanizminə həddindən artıq mənfi təsir göstərir”.

Biz də ümidləri Kürün səviyyəsinin artmasına qalan Neftçala sakinlərinin tezliklə içməli suya qovuşacaqlarına ümid edirik!

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm