Azərbaycanı GÖZLƏYƏN TƏHLÜKƏ: SU QITLIĞI - Vəziyyətdən necə çıxaq?
Bizi izləyin

Sosial

Azərbaycanı GÖZLƏYƏN TƏHLÜKƏ: SU QITLIĞI - Vəziyyətdən necə çıxaq?

Hər il alimlər qlobal iqlim dəyişmələri ilə bağlı müxtəlif proqnozlar verirlər. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə 39 ölkədə, o cümlədən də Azərbaycanda su qıtlığının olacağı ilə bağlı ehtimallar irəli sürülür.

Azərbaycanın su arteriyası olan Kürün suyu 30 faizə qədər azalıb. Xəzər dənizi Kürə axmağa başlayıb və nəticədə çayın suyu yararsız vəziyyətə düşüb. Hazırda Kürün hövzəsində yerləşən Aran rayonlarının bir neçəsində içməli su problemi yaranıb. İnsanlar təhlükə ilə üz-üzədirlər. Paytaxt Bakının bəzi ərazilərində də su fasilələrlə verilir. Kürün suyunun azalması ilə çayda kiçik adaların əmələ gəlməsi və Mingəçevir su anbarında suyun səviyyəsinin aşağı düşməsi artıq həyəcan siqnalıdır. Yalnız bir çıxış yolumuz var – sudan qənaətlə istifadə etmək!

BMT-nin məlumatına görə, su qıtlığı səbəbindən səhralaşma, torpaqların deqradasiyası və quraqlıq dünyanın 4 milyard hektar ərazisini, 168 ölkədə yaşayan 1,5 milyard əhalini birbaşa təhdid edir. Hazırda 2 milyarddan çox məhsuldar torpaqların susuzluq səbəbindən yararsız hala gəldiyi dünyada BMT-nin hesablamalarına görə, 2030-cu ilə qədər ərzaq istehsalı üçün 300 milyon hektar əlavə torpaq sahəsi lazım olacaq. Bu səbəbdən qlobal iqtisadiyyatın 2050-ci ilə qədər 23 trilyon dollar itirəcəyi proqnozlaşdırılır. Təşkilatın digər bir məlumatında qeyd olunur ki, su çatışmazlığından hər il 12 milyon hektar əkin sahəsinə ziyan dəyir və bu da növbəti on il ərzində kənd təsərrüfatında 2 faiz azalmaya səbəb olacaq. Dünya statistikasına əsasən, son 20 ildə susuzluğun yaratdığı səhralaşma, quraqlıq və torpaqların məhv olması səbəbindən 10 milyon insan köç etməyə məcbur olur. Əgər heç bir tədbir görülməzsə, növbəti 30 ildə 200 milyondan çox insan köçkün vəziyyətinə düşəcək.

Bu isə dünyada, eyni zamanda ölkəmizdə vəziyyətin getdikcə çətinləşəcəyini istisna etmir. Digər tərəfdən, Azərbaycanda su ehtiyatının miqdarını göstərən dəqiq statistika mövcud deyil. Bu da vəziyyətlə bağlı lazımi tədbirlərin görülməsini çətinləşdirir.

Məsələ ilə bağlı Publika.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, su ehtiyatlarının azalması qlobal problemdir və bu da əsasən təbii amillərlə və iqlim dəyişmələri ilə bağlıdır:

“Temperaturun artması, quraqlıq, buxarlanmanın çoxalması, yağıntıların azalması, qar örtüyü ilə bağlı azalmalar sonda qlobal su ehtiyatlarının azalmasına gətirib çıxarır. Buna da paralel olaraq suvarılan ərazilərin və dünya əhalisinin sürətlə artması, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı sudan daha çox istifadəyə gətirib çıxarır. Belə olduğu halda təbii mənbələrdən su daha çox götürülür. Buna görə də çayların, göllərin və anbarların suyu azalır”.

Şöbə müdiri yeganə çıxış yolunu sudan səmərəli istifadə etməkdə görür. O, bunun üçün su itkisinin azaldılmasını və ondan daha çox təkrar istifadə olunmasını təklif edir: “Suya münasibət də dəyişməlidir. Məsuliyyətli su istehlakı və sudan istifadə mədəniyyətinin prinsiplərinin dəyişdirilməsi əsas götürülməlidir. Mümkün qədər sudan az istifadə edərək qənaət etmək və itkiləri azaltmaq mümkündür. Tullantı sularından fiziki məqsədlər üçün təkrar istifadə etmək lazımdır. O cümlədən kollektor-drenaj üsulu tənzimlənərək yenidən suvarılmada istifadə olunmalı, təsərrüfatda istifadə məqsədilə içməli sudan istifadə azaldılmalı və ya məhdudlaşdırılmalıdır”.

Rasim Səttarzadə Azərbaycanda kifayət qədər su mənbələrinin olduğunu və bütün sadalanan prinsipləri əsas götürərək öz davranışımızda su ehtiyatlarını bizə uzun müddət kifayət edəcək şəkildə tənzimləməyin vacib olduğunu bildirib: “Hazırda gün ərzində Abşerondan Xəzər dənizinə 1 milyon kubmetr su gedir. Biz Abşeron yarımadasında olan min kvadratkilometr ərazini təkrar emal edilmiş su vasitəsilə sulayırıq. Alternativ mənbə olaraq drenaj suvarılmadan yenidən istifadə, tullantı sularını təmizləyərək təkrar istifadə etmək, Xəzər dənizinin suyunu təmizləyərək və duzsuzlaşdıraraq suvarmada, digər müxtəlif sahələrdə istifadə etmək olar. İstənilən digər su mənbələri ilə əlavə su tutarları da yaratmaq mümkündür. Dağ çaylarının məcrası boyu kiçik relyefə uyğun vokal su tutarları yaratmaq, həmçinin yağıntıların ora yığılmasını təmin etmək olar”.

Nazirlik rəsmisi dəniz suyundan istifadə etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pilot layihəsi olaraq zavod tikildiyini qeyd edib: “Bu zavod Salyan rayonunun Xıdırlı kəndində fəaliyyət göstərir. Orada gün ərzində 2 min kubmetr dəniz suyunun duzsuzlaşdırılması hesabına ətraf ərazilərdə salınmış yaşıllıqların damcı suvarma sistemi ilə suvarılması təmin olunur”.

Həsən Əliyev adına Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Coğrafiya kafedrasının müdiri Məhəmməd Abduyev isə su ehtiyatlarının artırılmasının mümkün olmadığını bildirib və bunun yalnız suyun təbii olaraq böyük, kiçik dövranı hesabına baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, 1970-ci illərin hesablamalarına əsasən, ölkəmizdə mövcud olan çoxillik su ehtiyatlarının miqdarı 30 kubkilometrdir. Bunun 20 kubkilometri kənardan gəlir və tranzit axındır:

“Bütün bunlar Kür və Araz çaylarının hesabınadır. Bunlardan əlavə, özümüzün yerli su ehtiyatımız 10 kubkilometrə qədərdir. Qlobal iqlim dəyişmələri ilə bağlı olaraq yerli su ehtiyatlarımız da azalıb. Yəni atmosfer yağıntıları az düşür, havanın temperaturu yüksəlib və son 10-15 ildə ölkəmizdə bölgələrdən asılı olaraq temperatur 0,3-1,2 dərəcəyə qədər artıb. Əgər temperatur artırsa, buxarlanma da çoxalır. Buxarlanma da çoxalarsa, düşən yağıntının artımı baş verir. Eyni zamanda su ehtiyatlarına tələbat çoxalır”.

Mütəxəssisin sözlərinə görə, sudan ənənəvi üsulla istifadə etmək də su qıtlığına səbəb olan amillərdəndir: “Əksər bölgələrdə əkin sahələrinin suvarılması selləmə suvarma metodu ilə aparılır. Ancaq dünyada yeni metodlar var. Məsələn, çiləmə, süni yağış yağdırma, damcı və s. bu kimi üsullardan daha çox istifadə etməliyik. Təsərrüfatda istifadə olunan suların yenidən təmizləndikdən sonra istehsala, istifadəyə qaytarılması təmin edilməlidir. İstifadə olunan kommunal məişət suları təmizlənərək ən azından parkların, bağların və digər yaşıllıqların suvarılmasında istifadə oluna bilər. Belə olduğu halda mövcud su ehtiyatlarına nisbətən qənaət etmiş olarıq”.

AMEA rəsmisi bildirib ki, bu problem təkcə ölkəmizdə deyil. Azərbaycan kimi keçid iqlim qurşağında yerləşən tropik və subtropik ölkələrdə də getdikcə bu problem artacaq. Suya olan tələbatın azalmayacağını deyən Məhəmməd Abduyev istehsal sahələri və istehlakçıların artması fonunda yeni təsərrüfat sahələrinin istifadəyə verilməsi ilə bağlı suyun mövcud kəmiyyətinin azalmasının müşahidə olunacağını qeyd edib. O, ölkəmizdə suyun miqdarı ilə bağlı statistikaya da aydınlıq gətirib:

“Ölkəmizdə su ehtiyatlarının miqdarı ilə bağlı son illərin statistikası yoxdur. Su ehtiyatları deyəndə 4,5-5 kubkilometr yeraltı suların olmasına baxmayaraq, biz əsasən çay sularını nəzərdə tuturuq. Bunlar 50 il əvvəl qiymətləndirilib. Hazırkı dövrdə təbii ki, o rəqəmlər azalıb. 10 kubkilometr olan yerli su ehtiyatımız quraq günlərdə 6-7 kubkilometrə enir. O da hazırda yarıya qədər azalıb. Yeraltı sular da içməli sulardır. Təəssüflər olsun ki, çay suları çatışmayanda məcbur olaraq subartezian quyuları vasitəsilə yeraltı sulardan istifadə edirik. Başqa çıxış yolumuz yoxdur. Suya qənaətlə yanaşaq. Onların hamısının qida mənbəyi atmosfer yağıntılarıdır. Yağıntı yoxdursa və düşən yağıntının miqdarı azalıbsa, yeraltı suların da səviyyəsi aşağı düşür. Bunlar da tükənə bilər”.

Ekoloq Günay Məmmədova su qıtlığının əsas səbəbinin qlobal istiləşmə olduğunu deyib.

O qeyd edib ki, bunun qarşısını almaq qeyri-mümkündür:

“Bu o deməkdir ki, kondisionerdən, ətir və dezodorantlardan istifadə etməyək. Çünki bunların hamısı frionlar yaradır və onlar havaya yayılır. Havaya daxil olan frionlar Yer kürəsinin ətrafında olan təbəqələrin deşilməsinə səbəb olur. Bu da qlobal istiləşməyə gətirib çıxarır. Bundan əlavə, sudan yerli-yersiz istifadə olunur. Kürdə çoxlu dambalar qurulub. Orada çoxlu balıqyetişdirmə zavodları qurulur. Bu ərazilərdə də əsas su mənbəyi Kürdür. Su azaldıqca həmin zavodlara da su oradan gedir. Dənizin səviyyəsi isə Kürdən yuxarıdadır. Hazırda Neftçala ərazisində Xəzər dənizinin suyu Kürə qarışır. Bunu ayırmaq qeyri-mümkündür. Artıq bu baş verib. Bunların hər biri israfçılıqdan yaranır. Həmin ərazilərə vaxtında su çəkilsəydi, bu hal baş verməzdi”.

Günay Məmmədova bildirib ki, Kürün ətrafında yerləşən ərazilərdə yaşayan əhalinin yeganə şirin su mənbəyi Kürdür. Kürdən daha çox istifadə olunması və həmin ərazilərdə havanın isti keçməsi suyun daha çox buxarlanmasına səbəb olur: “Adicə qab yumaq üçün belə çoxlu su axıdırlar. Birinci, israfçılığa son qoymaq lazımdır. Hər bir ailəyə də demək olmur ki, sudan az istifadə edin. Deyirlər ki, su mənimdir, özüm bilərəm. Başa düşmürlər ki, istifadə etdikləri suyun mənbəyi eyni yerdir. O da azalandan sonra artıq gec olur. Əslində fikrimcə su anbarlarının sayının artırılması belə çıxış yolu deyil. Hazırda su yoxdur ki, tikiləcək anbarlar su ilə doldurulsun. Bəlkə də əvvəllər bu olsaydı nəsə köməyi olardı və su anbarından istifadə olunardı”.

Ekoloq qeyd edib ki, bu hal balıqçılığa çox böyük ziyan vurur. Onun sözlərinə görə, ölkəmiz balıqla məşhurdur. Ağ balığın tutulmasına illərdir ki, qadağa qoyulub. Çünki həmin balıq tükənib. Balıqların yaşayış şəraiti çox pisdir:

“Hazırda əldə olan suyu istifadə etmək istəyirlər ki, yeraltı sular kimi digər mənbələrə üz tutmasınlar. Görürlər ki, əlimizdə olan sudan düzgün istifadə etmirik. Digər mənbələrə də üz tutsaq, ikiqat israfçılıq olacaq. Bir şey çox olanda insanlar onu daha çox istifadə etməyə çalışırlar. Hazırda mövcud olan su mənbələrini nəzərə alaraq deyə bilərik ki, gələcək nəsillər digər alternativ mənbələrə üz tutacaqlar”.

G.Məmmədova əlavə edib ki, tullantı sularını da təkrar istifadə etmək olar. Onun sözlərinə görə, ölkəmizdə bu sistem düzgün qurulmayıb və hazırda bütün tullantı suları dənizə axıdılır:

“Ona görə də Xəzərin suyundan normal şəkildə istifadə edə bilmirik. Kürün hövzəsində yerləşən bölgələrdə də tullantı suları Kürə axıdılırdı. Bu suları dənizə və çaya axıtmadan təkrar emal edərək təsərrüfatda yararlanmaq üçün istifadə etmək olar. Hazırda dünyanın əksər ölkəsində - Norveçdə, Yaponiyada bu üsul həyata keçirilir. Yaponiya ümumiyyətlə tullantı sularından daha çox istifadə edən ölkədir. Yaponlar illər öncə gəlib bizə dedilər ki, Xəzəri təmizləyə bilərik. Ölkəmizin qarşısında şərt qoydular və bildirdilər ki, oradan çıxan tullantı neft məhsullarını bizə verin. Bu anlaşma baş tutmadı. Hazırda bizdə suyun təmizlənməsi üsulu çox inkişaf etməyib. Bu sahəyə diqqət ayırmaq lazımdır. Tullantı sularından təkrar istifadənin daha çox inkişaf etdiyi ölkələrlə əməkdaşlıq edilməlidir. İlk olaraq insanlarda ekoloji mədəniyyət formalaşmalıdır”.

“Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov bildirib ki, Azərbaycanın müəyyən miqdarda su ehtiyatları var. Amma beynəlxalq təsnifatlara görə, biz su ehtiyatları məhdud olan ölkələr sırasındayıq: “2017-ci ildə Dünya Bankı hesabat təqdim edib. Orada 170 ölkənin su ehtiyatları haqqında məlumat toplanıb. Ümumi su ehtiyatlarına görə ölkəmiz 170 ölkə arasında 105-ci yerdədir. Bizim təbii şəraitimizə uyğun olaraq su ehtiyatlarımız azdır. Bunun da 70 faizi ölkədən kənarda formalaşır. Dünya Bankının hesabatında ölkənin öz daxilində formalaşan su ehtiyatları ilə təminat da əksini tapıb. Bu prinsiplə formalaşan siyahıda biz 170 ölkə arasında 140-cı yerdəyik. Əvvəldən fiziki-coğrafi və təbii şəraitimizə görə su ehtiyatımız azdır. Biz bu tip ölkələr kateqoriyasına daxilik”.

Fərda İmanov qeyd edib ki, artıq 2014-cü ildən başlayaraq ölkə ərazisində quraqlıq mövcuddur: “Hesablamalar göstərir ki, Kür çayının hazırda Azərbaycana daxil olduğu yerdə çayın son 6 ildə su ehtiyatları 24,9 faiz azalıb. Ölkənin digər vacib çayı Qanıxdır. Orada isə azalma 24,1 faizdir. Fakt odur ki, ölkəyə daxil olan hər iki çayın səviyyəsi azalıb. Araz çayında isə vəziyyət acınacaqlıdır və suyun səviyyəsi 6 il ərzində 60 faiz azalıb. Azərbaycana daxil olan su normadan aşağıdır. Su ehtiyatlarının azalması nəticəsində Azərbaycanın və Cənubi Qafqazın ən böyük su anbarı olan Mingəçevir su anbarı özünün çoxillik tənzimləmə funksiyasını itirib”.

“Sukanal” ETLİ-nin direktor müavini su qıtlığının qarşısının alınması üçün lazım olan məqamlara da aydınlıq gətirib:

“Xəzərin suyunu şirinləşdirərək istifadə etmək olar. Bundan əlavə, kollektor-drenaj üsulu ilə suvarılmada dənizə axıdılan suyu təkrar emal edərək təsərrüfatda yararlı hala gətirə bilərik. Hazırda yeraltı sularımız məhduddur. Biz onlardan qeyri-səmərəli istifadə edirik. Su mövsümünə uyğun olaraq istifadə olunmalıdır. Son 10 ildə inkişaf etmiş ölkələr yerüstü və yeraltı sulardan bərabər, birgə istifadəyə önəm verirlər. Məsələn, biz yazda çaydan, yayda bir müddət su qıtlığı yaranarsa yeraltı sulardan yararlanmalıyıq. Mart ayının 22-si Beynəlxalq Su Günüdür. Bu il həmin gün üçün BMT “Su və iqlim dəyişmələri” adında hesabat təqdim edib. Bu 220 səhifə həcmində bir sənəddir. Orada Avropa, Qafqaz və Mərkəzi Asiya birləşdirilərək, bizi nəyin gözlədiyi barədə proqnozlar verilib. Təəssüflər olsun ki, həmin proqnozlar ürəkaçan deyil. Bizim region üçün atmosfer yağıntılarının getdikcə azalacağı proqnozlaşdırılır. Vəziyyətdən çıxış yolu kimi mövcud olan su ehtiyatlarımızdan daha effektiv və qənaətlə istifadə etməliyik. Bu iki amil əsas çıxış yoludur. BMT-nin məlumatında da qeyd olunur ki, bu qlobal bir problemdir və qonşu dövlətlərlə əməkdaşlıq edilməlidir. Ancaq özləri də vurğulayır ki, bəzən siyasi amillər buna mane olur”.

Bəzi ölkələrdə artıq su sərfiyyatının qarşısını almaq üçün müəyyən üsullara əl atılır. Yaponiyada və Norveçdə tullantı suları, o cümlədən dəniz suyu şirinləşdirilərək əhalinin istifadəsinə verilir. Yaxın Şərq ölkələrində artıq maarifləndirmə xarakterli paylaşımlardan az istifadə olunur. Bu tip yazılar dərsliklərə salınaraq tədris olunur. Və bu istiqamətdə uğurlu nəticələr əldə olunub.

İngiltərənin ən böyük su şirkəti olan “Thames Water” 2010-cu ildə ilk duzlu su təmizləyici qurğular layihəsini Londonda işə salıb. 270 milyon funt sterlinq sərmayə yatırılan layihə su çatışmazlığı dövründə Birləşmiş Krallıqda 400 000 evin və ya 1 milyon insanın su ehtiyacını qarşılamaq məqsədi daşıyır.

Sinqapurda isə su israfının qarşısını almaq və əhalini müntəzəm su ilə təmin etmək üçün tullantı sularının təkrar emalına üstünlük verilir. Ancaq bu metodun daha çox enerji sərf etməsi ölkədə bununla bağlı alternativ üsullara ehtiyac yaradır.

Su istehlakı və təhlükəsizliyi ilə bağlı araşdırmaları ilə tanınan “Waterwise” şirkətinin idarəçisi Ceykob Tompkins ölkələr üzrə gündəlik su sərfiyyatını hesablayıb. Məlumata görə, İngiltərədə adambaşına orta gündəlik su istehlakı 150 litr, Almaniyada 125, Fransada 110, Danimarkada 100 litrdir. Dişləri fırçalayarkən kranı bağlamaq kimi sadə bir üsulun da böyük su qazandıracağını ifadə edən Tompkins heyrətləndirici hesablama aparır. Məlum olur ki, normal kran dəqiqədə altı litr su axıdır. Gündə iki dəfə diş fırçalaması zamanı açılan krandan 24 litr su axır. Bundan əlavə, hər kəs iki dəqiqə duş vaxtı suyu kəsərsə, gündə 373 olimpiya hovuzunu doldurmaq üçün kifayət qədər su qənaət olunur. Hazırda Avstraliya və Kiprdə su verilişi hər gün müəyyən saatlarda məhdudlaşdırılır.

Azərbaycanda da müəyyən qabaqlayıcı tədbirlər görülür. Ancaq hazırda Neftçalanın içməli su ilə təmin olunması gündəmdədir. Bu əraziyə su maşınlarla paylanır. Dünya ölkələrinin tətbiq etdiyi müəyyən məhdudlaşdırıcı tədbirlərə əl atmaq üçün demək olar ki, artıq gecdir. Bəlkə də zamanında bunu etmək lazım idi, yaxud sakinlər suya qənaət etməli idilər.

Bəs ölkəmizdə içməli suyun emalı və əhaliyə çatdırılması necə həyata keçirilir?

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a açıqlamasında deyib ki, qurum il ərzində müxtəlif su mənbələrindən 650 milyon kubmetr götürərək emalını və istehlakçılara çatdırılmasını həyata keçirir:

“Bu da içməli su ehtiyatlarının 1,8 faizidir. Azərbaycanda su qeyri-bərabər paylanıb. Ölkənin 35-40 faiz əhalisinin məskunlaşdığı Abşeron yarımadasında şirin su mənbəyi yoxdur. Hər bir insanın su, sanitariya hüququ var və bu BMT-nin davamlı inkişaf məqsədlərindən biridir, eynilə təmin olunmalıdır. Biz insanlarımıza çağırış edirik. “Su, Allahın suyudur”, deyib keçməyək. Suya qənaət olunmalı, israfçılığa yol verilməməlidir. Qış aylarında Abşeron yarımadasına saniyədə 11 kubmetr su veririk. Bu zaman heç bir problem olmur. Yayda biz bu miqdarı 17-18 kubmetrə qədər artırırıq. Amma problem yenə də var. Çünki insanlar yayda içməli sudan daha çox suvarma məqsədi üçün istifadə edirlər”.

Qurum sözçüsü vurğulayıb ki, Kürdə sugötürmələrlə bağlı problem yarandığı zaman su problemi, əsasən, Biləcəri, Saray qəsəbəsi, Binəqədi kəndi və Masazırın bir hissəsində, Sabunçunun, Suraxanının kənd və qəsəbələrində, Xəzər rayonunun bir sıra ərazisində də yaranıb:

“Artıq bu onu göstərdi ki, sudan istifadədə böyük israfçılığa yol verilir. Bu gün şəhərin şərq hissəsində ən böyük problemimiz infrastrukturdur. Həmin ərazilərdə şəbəkələrin yarıdan çoxu fərdi qaydada, məsələn, hər kəsin qonşusundan su götürmək yolu ilə həyata keçirilib. Mərkəzləşdirilmiş şəbəkə qurulmadığından orada itkilərimiz də çoxdur. Biz magistral xəttimizi tam təzyiqlə yükləyirik, ancaq həmin insanlara su gedib çatmır. Niyə? Çünki əvvəl orada 200 qonşu var idi, bir neçə il ərzində 200 ev də tikilib və artıq su tələbatı ödəmir”.

A.Cabrayıllı qeyd edib ki, sözügedən məsələnin həlli üçün “Azərsu” ASC-nin təklifləri var və gələcəkdə Bakı şəhərinin şərq hissəsini su ilə təmin etmək üçün Ceyranbatandan Zirə istiqamətinə üçüncü magistral kəmərin çəkilməsi vacib hesab edilir. Bundan başqa, dövlət büdcəsi hesabına infrastrukturun qurulması da planlaşdırılır:

“Masazır qəsəbəsinə verdiyimiz suyun maksimum 25-30 faizini sata bilirik. Çünki orada sayğacsız abonentlər də var. Hətta sayğacı olan imkanlı abonentlərimiz arasında qeyri-qanuni ikinci xətt çəkənlər də var. Bizdə inzibati tədbirlər də bir qədər çətindir. Gərək həmin qeyri-qanuni xətləri tapmaq üçün asfaltları qazaq, bu da bizim işimizi çətinləşdirir. Elə abonentlər var ki, su xətti qurulmamışdan öncə aya 60 manat verib su alırdı. Bugünkü gündə sayğaca əsasən 10-15 manat pulu ödəmək istəmirlər”.

“Azərsu” rəsmisi bildirib ki, sudan qənaətlə istifadə etməmək istehlakçı mədəniyyətinin olmamasının nəticəsidir:

“Bu o demək deyil ki, pulunu vermişəmsə necə gəldi istifadə etməliyəm. Xeyr, bu belə deyil. Tariflərinə görə bu gün su kifayət qədər əlçatandır. Baxmayaraq ki, biz Şollardan, Kürdən və Oğuz, Qəbələdən - 200 kilometrdən çox məsafədən su gətiririk. İctimai nəzarətdən əvvəl bizim qurumun nəzarəti var. Bu gün insanların əksəriyyəti çox gözəl başa düşür ki, suyu boş-boşuna axıtması, içməli su ilə bağ suvarması, xalça yuması onun özündən sonra gələn qonşusunun susuz qalması deməkdir. Media vasitəsilə insanlara çağırışlar edirik. Az qala yalvarıram ki, sudan qənaətlə istifadə edin. Bu gün parklarda bağbanlar su şlanqlarını açıq qoyub gedirlər. Su da yolun qırağı ilə axır və kanalizasiyaya tökülür. Yaşıllıqlar damcı üsulu ilə sulanmalıdır. Selləmə üsulu torpağın minerallarını yuyub aparır və suyumuza israfçılıqdır. Qənaət hər bir insanın canında olmalıdır”.

Anar Cəbrayıllı Kür çayında suyun səviyyəsinin azalmasının içməli su ehtiyatlarına təsiri ilə bağlı bildirib ki, hazırda Neftçala kəndlərinə su vermək üçün orada yerləşən modul tipli qurğulara maşınlarla su daşınılır, daha sonra nasoslarla bulaqlara vurulur:

“Neftçalada su yoxdur. Məcbur qalıb maşınlarla su veririk o əraziyə. Təsəvvür edin, binada yaşayan insanlar su krantını açır və su gəlmir. Ancaq Saatlı və Sabirabadda 13 modul tipli qurğu var və onlar suvarma kanallarından suyu götürüb təmizləyərək əhaliyə verir. Hazırda mənbədə su olmadığı üçün bu qurğular da fəaliyyətini dayandırıb. Həmin qurğular işləmir və insanlara içməli su vermir”.

Məlumata görə, sudan ən çox kənd təsərrüfatında, xüsusilə də suvarmada istifadə olunur. Bəs necə edə bilərik ki, bu sahədə suya qənaət edək?

Bu barədə saytımıza danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev qeyd edib ki, kənd təsərrüfatı bu gün sudan istifadə edən ən böyük istehlakçı qrupdur:

“Fermerlərin bu gün ən çox istifadə etdiyi suvarma metodu selləmə metodudur və istifadə olunan sistemlər də köhnədir. Selləmə suvarma üsulu su qıtlığı dövründə su itkisinə, eyni zamanda da torpağın vəziyyətinin pisləşməsinə səbəb olur, məhsuldarlığı aşağı salır. Hazırda nazirlik və digər yerli qurumlar tərəfindən fermerlərə tövsiyə olunur ki, innovativ suvarma sistemlərinə keçsinlər. Bunlar əsasən damcı suvarma üsuludur. İnnovativ suvarma sistemlərinə keçid fermerlərin istifadə etdiyi suyun hər hektarında 2-2,5 dəfə suya qənaət etmiş olur. Eyni zamanda, torpaq da tələb olunan su alır və əlavə su yığılmır, torpağın şoranlaşması baş vermir. Biz daimi olaraq fermerləri bu barədə maarifləndiririk. Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müasir suvarma sistemlərinin güzəştli şəkildə satışı həyata keçirilir. Hazırda müasir suvarma sistemlərinin 40 faiz ödənişi dövlət tərəfindən ödənilir. Bununla nazirliyin “Aqrar Kredit və İnkişaf Agentliyi” məşğul olur. Yəni bura müraciət edən şəxslər 40 faiz güzəştlə həmin sistemləri ala bilərlər”.

Firudin Tağıyev bildirib ki, su qıtlığı ilə bağlı xüsusi komissiya yaradılıb və ən çox itkilərin olduğu suvarma sistemi ilə əlaqədar ilkin araşdırma ondan ibarətdir ki, ölkə üzrə infrastruktur sistemi həddindən artıq köhnəlib, sovet dövründən qalıb və bəziləri müasir tələblərə cavab vermir:

“Hazırda bunların yenilənməsi ilə bağlı layihələr təqdim olunub. Hər bir orqan bu layihələrə öz rəyini bildirib və komissiyaya təqdim olunub. Bu gün mövcud olan 20-21 milyard kubmetr ehtiyat suya münasibətdə 12 milyard kubmetr su ehtiyatımız var. Mövcud suyun fermerlər arasında ədalətli bölgüsünü həyata keçirmək üçün lazımi orqanlara müraciət olundu. Bunun üçün suvarma qrafikinə başlanıldı. 200 mindən çox fermerin 1100-1200 hüquqi şəxsə məxsus 500 mindən çox suvarma sahəsinin qrafiki tərtib olunaraq Kənd Təsərrüfatı Nazirliyinin və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi internet saytında yerləşdirilib. Hər bir fermer növbəti suvarma suyunu nə zaman alacağını o qrafikdə imzalayıb, dərc edib, lazım olan məlumatları təqdim olunan sayta daxil etməklə orada öz suvarma qrafikini görə bilər. Bu mövcud olan suyun bərabər bölgüsü deməkdir. Fermerlər aktiv olsunlar və qrafiklərini təsdiq etsinlər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm