Sosial
Agentlik nazirə CAVAB VERDİ: "Bunun heç bir aidiyyəti yoxdur"
Maliyyə naziri Samir Şərifov bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirib. M.Şərifov qeyd edib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır.
Nazirin sözlərinə görə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var və qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır: “Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov Publika.az-a bildirib ki, bu məsələnin agentliyin Müşahidə Şurasının heyətinin formalaşıb-formalaşmamasına, eyni zamanda strukturun yaradılıb-yaradılmamasına heç bir aidiyyəti yoxdur.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasında tərkib dəyişikliyi olmayıb, tamamilə yeni bir struktur yaradılıb. Bu strukturun heyəti müəyyənləşib və agentliyin nizamnaməsi təsdiq olunub: “Nizamnamənin 3.1.12-ci bəndində qeyd olunur ki, qrant müsabiqələr Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq olaraq elan olunur. Qaydalar yoxdursa, qrant müsabiqəsi birmənalı olaraq elan oluna bilməz. Bu, agentliyin Müşahidə Şurasının heyətinin gec və ya tez formalaşması ilə əlaqədar deyil. Vəsait həqiqətən də var. Əvvəlki qurumun da 2021-ci ilə dair təsdiq olunmuş büdcəsi var. Həmin vəsait də Şuranın hesabına ilin əvvəlində köçürülüb. Biz cənab Prezidentin fərmanı ilə həmin qurumun varisi hesab olunuruq. Bu, o demək deyil ki, onun vəsaitini istədiyimiz kimi xərcləyə bilərik. Bizim fəaliyyətimizi tənzimləyən hüquqi çərçivələr var”.
A.Allahverənov qeyd edib ki, QHT-lər üçün qrant müsabiqələrin elan olunması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesini müəyyən edəcək digər aidiyyəti dövlət orqanları ilə birbaşa əlaqədardır ki, bu da Nazirlər Kabinetinin 29 aprel 2021-ci il sərəncamının 3-cü bəndində öz əksini tapıb: “3.1-ci bənddə isə bildirilir ki, həmin qurumlar agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzəratin həyata keçirilməsi icra olunan layihələrin monitorinqi və qiymətləndirilməsinin aparılması qaydası layihəsini iki ay müddətinə Nazirlər Kabinetinə təqdim etsin. Müşahidə Şurası gözləmirdi ki, adıçəkilən qurumlar Nazirlər Kabinetinə öz təkliflərini irəli sürsünlər. Şura tərəfindən üzvlərimizdən ibarət İşçi Qrupları formalaşdı. Bununla bağlı çox ciddi sənədlər toplusu qəbul olundu. Biz o sənədləri hazırladıq, müəyyən müzakirələr apardıq. Nəticə etibarilə son sənədləri müvafiq olaraq aidiyyəti qurumlara təqdim etdik. Gözləmədik ki, o strukturlar hansısa qaydaları tərtib edəcəklər. Biz sadəcə prosesi bir qədər sürətləndirmək məqsədilə öz tərəfimizdən müəyyən tövsiyələr verdik. Məsələn, layihələrin yuxarı-aşağı həddi, qiymətləndirilməsi, monitorinqi və digər ciddi məqamlarla bağlı öz tərəfimizdən müəyyən tövsiyyələr irəli sürdük. Qrant müsabiqəyə hazırlıqla bağlı sentyabrın 16-da Müşahidə Şurasının iclasını keçirdik və mühüm qərarlar qəbul etdik. Ümid edirdik ki, həmin qaydalar tez bir zamanda təsdiq olunacaq ki, bundan sonra biz qrant müsabiqələri elan edə bilərik”.
Azər Allahverənov əlavə edib ki, qrant elanı yalnız müəyyən olunmuş qaydalar çərçivəsində baş verir. Əgər qaydalar varsa, o çərçivədə elan oluna bilər. Qaydalar yoxdursa, elan da oluna bilməz:
“İqtisadiyyat Nazirliyi başda olmaqla, aidiyyəti strukturlar, həmin qaydalarla bağlı işçi qrupu yaradıblar. Əsasən hazır sənədlər üzərindən yenidən məsləhətləşmələrin aparılması planlaşdırılır. Biz də öz tərəfimizdən Müşahidə Şurasının üzvünü o iclasa tövsiyə etmişik. Yəni işçi qrupu öz fəaliyyətini hazırda təşkil etmək mərhələsindədir. Ola bilər ki, hansısa instansiyada hansısa tövsiyə ilişib qalsın. Amma bu istiqamətdə də müəyyən işlər həyata keçirilir. Real vəziyyət belədir. Ancaq strukturun tez və ya gec təsdiq olunmasının qrant müsabiqənin elan olunması məsələsinə aidiyyətinə yoxdur. Hələlik əlimizdə təsdiq olunmuş qaydalar yoxdur, buna görə də biz təəssüf ki, qrant müsabiqələri elan edə bilmirik. Həqiqətən də həssas bir mövzudur. Hesab edirəm ki, qurumlar öz arasında əlaqələndirmə işlərini bir qədər də sürətləndirməlidir, hətta bu prosesdə Müşahidə Şurası yaxından dəstək olmağa hazırdır. Biz həmişə də dəstəyimizi əsirgəməmişik. Təklif və tövsiyələrimizlə aidiyyəti strukturların qarşısında çıxış etmişik. Bu proses nə qədər tez sürətlənsə, vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də QHT-lərin maraqlarına cavab verən hal olar. Bu, hamı üçün arzuolunandır, biz də səbirsizliklə qaydaların təsdiq olunmasını gözləyirik”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO