Azərbaycanda icra hakimiyyətləri ləğv edilir? - MARAQLI TƏKLİFLƏR
Bizi izləyin

Sosial

Azərbaycanda icra hakimiyyətləri ləğv edilir? - MARAQLI TƏKLİFLƏR

Prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında imzaladığı sərəncam göstərir ki, yerli icra hakimiyyətləri yeni idarəetmə modelinə çevrilə bilər. Hesab olunur ki, bu, icra hakimiyyətlərinin ləğvi prosesinə apara bilər. Xüsusilə son dövrlərdə dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çevirən yerli icra hakimiyyətlərinə rəhbərlik edən məmurların həbsi bu sahədə ciddi islahatlara ehtiyac olduğunu deməyə əsas verir.

Publika.az bu barədə Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovla millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, nümayəndəliyin üzərinə qoyulan öhdəliklər bir qədər fərqlidir:

“Gələcəkdə yerli icra hakimiyyətinin idarəetmə orqanlarında hansısa islahatların aparılmasını istisna etmirəm. Və nümayəndəliyin yalnız işğaldan azad olunan yerlərdə yaradılmasını istəməzdim. Yerli icra hakimiyyəti orqanları ilə bağlı cəmiyyətdə illərdir davam edən 2 məsələ var. Birincisi, ölkənin inzibati ərazi vahidinin dəyişdirilməsi ilə rayon vahidinin ləğv olunması və daha böyük vahidlərin yaradılması. Şəxsən mən bunun tərəfdarı deyiləm və davamlı olaraq əleyhinə çıxış edirəm.

İkincisi, mövcud rayonların inzibati ərazi vahidləri çərçivəsində idarəetməsinin dəyişdirilməsidir. Bu idarəetmənin dəyişdirilməsi Konstitusiyanın 124-cü maddəsini ehtiva edir. Burada göstərilir ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Eyni zamanda onların səlahiyyətlərini də Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

İkili tabeçilik formal olaraq saxlanmaqdadır

Əgər söhbət icra hakimiyyəti başçısı təsisatının ləğvindən gedirsə, onda gərək referendum keçirək və Konstitusiyada müvafiq dəyişiklik edək. Yox, adı saxlanılmaqla idarəetmədə dəyişiklik etmək lazımdırsa, onların səlahiyyətləri, vəzifələri, iş praktikası və s. sadəcə Prezident tərəfindən bu əsasnamənin başqa variantda və yaxud ciddi dəyişikliklərlə qəbul olunması kifayət edər. O zaman adlar yenə şəhər və rayon icra hakimiyyəti orqanları qalacaq.

Bir çox ölkənin təcrübəsində yerli hakimiyyət və şəhərlərin meri seçki yolu ilə təyin olunur. Avropa ölkələri üçün bu, daha çox xarakterikdir. Almaniya və Rusiya kimi federal quruluşlu ölkələrdə isə yerli hakimiyyətin formalaşma sistemləri başqa cürdür. Biz unitar dövlətik və Naxçıvan istisna olmaqla, digər bütün ərazilərdə şəhər və rayon inzibati ərazi bölgüsüdür. Bu da təyinatlı vəzifədir, seçkili deyil. Azərbaycanda seçkili yerli özünüidarəetmə orqanı bələdiyyələrdir. Ən böyük problemlərdən biri də yerli özünüidarəetmə orqanları ilə yerli icra hakimiyyətləri arasında səlahiyyət və vəzifə bölgüsü ilə bağlıdır. Digər ən ciddi məsələ odur ki, rayon və şəhər icra hakimiyyəti qurumları bir qədər nüfuzdan düşüb, köhnəliblər. Bəzi məsələlər əvvəllər şəhər, rayon icra hakimiyyətinin səlahiyyətində idi, amma indi onların əlindən alınıb. Buna baxmayaraq, onlarda ikili tabeçilik formal olaraq saxlanmaqdadır. Odur ki, burada islahatların aparılması zəruridir”.

İndiki qanunvericilik buna imkan vermir

Ekspert hesab edir ki, əsasnamə vasitəsilə icra hakimiyyətlərinin səlahiyyətlərinə yenidən baxılmalıdır, onların səlahiyyətləri dəqiqləşdirilməli və bir qədər maliyyə müstəqilliyi verilməlidir.

“Ya dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarının əlavə imkanları nəzərdə tutulmalıdır, ya da büdcədən hansısa bir hissəsini özündə saxlamaq hüququ yaranmalıdır. Əks halda nə baş verir? Yerli icra hakimiyyəti orqanlarının üzərinə vəzifələr qoyulur, amma o vəzifələri yerinə yetirmək üçün büdcədə vəsait olmur. Bu zaman onlar daxili imkanlar deyilən, amma əslində korrupsiya mexanizmindən istifadə etməyə başlayırlar. Rayonlarda daxili imkanlar söhbəti yığışdırılmalıdır. Real şəffaf büdcə olmalıdır, o büdcənin də içərisində yerli hakimiyyət orqanlarının bir qədər manevr etmək imkanları olmalıdır. İndiki qanunuvericilik buna qətiyyən imkan vermir.

Rayonda həll edilməli olan məsələni Prezident səviyyəsinə gətirib çıxarıblar

Digər problem odur ki, birinci kateqoriya dövlət orqanlarını çıxmaq şərtilə digər bütün dövlət orqanlarına məmurlar və dövlət qulluqçuları test imtahanı və müsahibə yolu ilə qəbul olunurlar. Yerli icra hakimiyyəti orqanları bunu “iqnor” edirlər, özləri kimi istəyirsə, onu da işə qəbul edirlər. Nəticədə yerlərdə təsadüfi kadrlar toplaşır, onlar da etik-davranış qaydalarını yaxşı bilmirlər. Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilikdən dərin xəbərləri olmur, nə də dövlət qulluğu qanunu haqqında qanunu yaxşı bilirlər. Odur ki, vətəndaşlarla davranışlarda müəyyən qüsurlara yol verilir. Nəticədə vətəndaşlar mərkəzi icra hakimiyyəti, ali icra hakimiyyəti orqanlarına, hətta şəxsən Prezidentə müraciət edirlər. Görürsən ki, rayonda həll edilməli olan məsələni Prezident səviyyəsinə gətirib çıxarıblar. Bunun qarşısını almaq üçün yerli icra hakimiyyəti orqanlarının kadr potensialının gücləndirilməsi çox ciddi məsələdir. Bu proses aparılsa, inanın ki, əhəmiyyətli dərəcədə dəyişiklik baş verər”.

Sahib Məmmədov qeyd edib ki, icra hakimiyyətlərində baş alıb gedən korrupsiya ilə mübarizə başqa çərçivələrdə aparılmalıdır:

“Yuxarıda danışdıqlarım korrupsiyanın qarşısını almağa yönələn dolayı tədbirlərdir. İnzibati üsullar və cinayət təqibi yolu ilə bunun qarşısını almaq mümkün deyil, mexanizmlər yaradılmalıdır. Şəffaflığın artırılması birinci vacib şərtdir. Bu gün yerli icra hakimiyyəti orqanlarının keçirdikləri tenderlərdən heç kimin xəbəri yoxdur. Tender.gov.az saytına baxıb görürsən ki, hamısı saxta təsir bağışlayır. Ya da süni yaradılmış təşkilatlar bu tenderləri daim udur. Korrupsiyaya qarşı mübarizə hansısa qərarla olmur, kompleks məsələdir”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Emin Hüseynovun Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi təyin olunması icra hakimiyyətlərinin də ləğv olunacağını bildirmir:

İnsanların rayona dönməsini stimullaşdıra bilərik

“Əsasən danışıqlarda iştiraketmə perspektivinə görə belə bir təyinat oldu. O, beynəlxalq arenada da müəyyən bir idarəetmə və başqa məsələlərin həllində ölkəni təmsil edən nümayəndə kimi çıxış edir.

Milli Məclisin büdcə müzakirəsinin iclaslarında təklif verdim ki, Azərbaycanda 14 iqtisadi rayon var, gəlin, bunun sayını 28 edək, icra hakimiyyətlərini ləğv edək. Bu qurumlara yeni və xüsusi nümayəndə təyin edək, eyni zamanda yerli idarəetməni buraxaq bələdiyyələrə. Yəni konkret rayonların hamısını bələdiyyələr idarə etsin, amma regionları birləşdirən xüsusi idarəçilik rejimi yaradılsın və onun başında duran insanlar da dövlət qurumlarının koordinasiyasını təşkil etsin. Bu, artıq daha çevik bir idarəetməyə gedir və vətəndaşlar üçün idarəetmə adiləşir. İdarəetmənin ən rahat forması bu ola bilərdi. O təkliflərə reaksiya gəlmədi.

O fikirdəyəm ki, iqtisadi rayonların sayını artıraraq bu prosesi həyata keçirmək mümkündür. Bu istiqamətdə təcili addımlar atmalıyıq. Bu, həm də Bakıdan rayonlara geridönüşü təmin edən bir variant ola bilər. Çünki rayonlarda daha çox müəssisələr açılar, aqrar məşğulluq sahəsi yerini daha çox sənaye məşğulluq sahəsinə verər və iş yerlərinin artması hesabına Bakıya gəlib gecəqondu mühitində yaşamağa məcbur olan insanların da rayona dönməsini stimullaşdıra bilərik. İcra qurumlarında islahatların hansı əsasda aparılmasına dair konkret konsepsiya olmalıdır. Böyük bir inzibati ərazi sistemində islahat aparmaq lazımdır. Bu gün səlahiyyətsiz icra hakimiyyətlərinin hansı bir şəkildə mövcudluğu da böyük problem yaradır”.

Bələdiyyələrin rolunun qaldırılması

Millət vəkili qeyd edib ki, icra hakimiyyətləri qarışıq vəziyyətə düşüb:

“Bakının heç bir rayonunda icra hakimiyyəti başçısı hansısa bir rayon ərazisi ilə bağlı qərar verə bilmir, eləcə də qərarlar. Qərarlar mərkəzləşmiş qaydada verilir, bu halda aşağıda çevik iş görmək mümkün olmur. Mümkün olmursa, korrupsiya problemləri qalacaq. Sadəcə idarəetmənin çevikliyi üçün yeni bir sistemə keçməli və bu, bələdiyyələrin rolunun qaldırılması əsasında olmalıdır. İcra hakimiyyətini ləğv etdikdən sonra bələdiyyə yenə ölü vəziyyətdə olacaqsa, ümumiyyətlə heç bir xidmətdən danışmağa dəyməz. Biz bütün səlahiyyətləri bələdiyyələrə verib, icra hakimiyyətlərini də yerlərdə koordinasiyanı həyata keçirən xüsusi idarəetmə formasında qurmalıyıq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm