Nərminin nənəsi niyə məhkəmədə dindirilmir? - Yeni detallar
Bizi izləyin

Sosial

Nərminin nənəsi niyə məhkəmədə dindirilmir? - Yeni detallar

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.

O bildirib ki, məhkəmə prosesinin baş tutmamasına səbəb cinayət işi üzrə işə baxan hakimlərdən birinin məzuniyyətdə olmasıdır.

Onun sözlərinə görə, bu səbəbdən bu günə təyin olunan məhkəmə iclası keçirilməyib

Növbəti prosesin nə vaxta təyin olunacağı isə məlum deyil.

Vəkil qeyd edib ki, prokurorluq tərəfindən Nərmin Quliyevanın nənəsi Minayə İsmayilova dindirilib və iş materiallarında bununla bağlı onun ifadəsi var:

“Amma prokurorluq məhkəmədə dindirilən vacib şahidlərin siyahısına Minayə xanımın adını qeyd etməyib. Prokurorluq 30 şahidi dindirir, bunun 10-nun məhkəmədə dindirilməsinin vacib olduğunu qeyd edir. Bu səbəbdən də Minayə xanımın adını məhkəmədə dinidirilməsi vacib olan şahidlərin siyahısına prokurorluq salmayıb. Biz hesab etdik ki, Minayə xanım əsas şahidlərdən biri olub. O, işlə bağlı mühüm ifadə verib. Buna görə də onun şahid qismində məhkəmədə dindirilməsinin vacib olduğunu vurğuladıq. Bu səbəbdən məhkəmə başlananda onun dindirilməsi üçün vəsatət verdik. İlkin mərhələdə vəsatətimiz təmin olunmadı. Amma biz yenə də vəsatət hazırlayırıq. Minayə xanımın dinidirilməsinin vacib olduğunu əsaslandırcağıq. Növbəti iclaslarda onun dindirilməsi üçün vəsatəti məhkəməyə təqdim edəcəyik”.

Minayə İsmayılova istintaqa verdiyi ifadəsində qeyd edib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub.

Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib: “Kürəkənimin anası Leybə Quliyeva ilə münasibətlərimiz yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva qızım Aynurəni iki uşaqla birlikdə evdən çıxardı. Onda hələ üçüncü qız - Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Mənim evimdə qalanda Şahanə dünyaya gəldi”.

Minayə İsmayılova deyib ki, qızı ailəsi ilə birlikdə bir müddət onun evində, bir müddət isə kirayədə qalıblar: “Sonradan mənim də dəstəyimlə ev tikdilər, həmin evə köçdülər”.

Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub: “Hazırda qızım mənimlə küsülüdür. Səbəb telekanallarda danışanda qaynı Lətifin adını çəkməyim olub. Mən Lətifdən şübhələndiyimi demişəm”.

Minayə İsmayılovanın sözlərinə görə, Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görüb: “Qovlar qəsəbəsində işləyirəm, həmin gün səhər işə getdim. Qayıdandan sonra saat 19.00-da Şəbnəm gəldi ki, Nərmin burada deyil? Dedim, yox. Bundan sonra getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb, sonra digər əmisi Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxa çıxıb. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, amma minməyib”.

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi var. Həmin ifadədə isə o bildirib ki, qızı Aynurə kafedə işləyirdi. Hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib. Həmin vaxt qorxuya düşən qızı ona zəng edib, iş yerinə gəlməsini istəyib. O da taksi ilə qızının işinə gedib. Həmin gün yolda Şərif Quliyevi görüb çağırsa da, kürəkəni ona əhəmiyyət verməyib. Qızını iş yerindən götürüb, birlikdə polis şöbəsinə gediblər, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışıblar. Bir neçə gün sonra yenidən polis şöbəsinə gediblər. Bu dəfə isə qızı əri ilə barışdığını bildirib”.

Qeyd edək ki, bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilir.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm