Sosial
Bölgələrimizin turistləri cəlb etməsinə əngəl olan SƏBƏBLƏR: Yüksək qiymət, yoxsa...
Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzurlar.
Millət vəkilinin sözlərinə görə, bu, paytaxtın infrastrukturunu nəzərə aldıqda normal qarşılansa da, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir.
“Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmir, bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək, keyfiyyət isə hələ də standartlardan geri qalır” - V.Bayramov qeyd edib.
Deputat əlavə edib ki, bu müddətdə hotellərin gəlirlərində də artım qeydə alınıb: “2022-ci ilin yanvar-iyun aylarında hotellərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub”.
Bölgələrimiz xarici turistləri niyə cəlb edə bilmir? Turistlərin Azərbaycanın füsunkar təbiətə malik regionlarına üz tutmasına əngəl olan nədir?
Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Publika.az-a bildirib ki, xarici turist qəbul edən bölgələrimizin sayı çox deyil:
“Amma son zamanlar bir sıra qabaqcıl, yeni yaranan turizm destinasiyalarına - Qəbələ, Şəki, Lənkəran, Qusara səfər edən tuistlərin sayı artıb. Biz hazırda xüsusilə gəlmə turizmi bərpa etmək mərhələsindəyik. Yaxın zamanda pandemiyadan öncəki dövrə qayıda bilsək, turistlərin sayı təkcə Bakıda cəmlənməyəcək, digər regionlara da üz tuta biləcəklər. Bu, həm də kompleks fəaliyyətdir. Hansı regionun infrastrukturu daha çox təkmilləşib və 5 ulduzlu və yüksək komfortlu hotellər inşa edib, əyləncə, idman mərkəzləri yaradıblarsa, o regionlara xarici turistlər daha çox gedir”.
Ekspert bildirib ki, turistlərin fəaliyyətini düzgün təmin etmək üçün zəruri şərait, infrastruktur, texniki təminat olmalıdır. Əks halda yalnız təbiətə görə heç kəs infrastrukturu olmayan yerə üz tutmur: “Regionlara təkliflər azdır. Turizm şirkətləri bu təklifləri artırsalar bölgələrə turist axını çoxalar. Bu da kompleks proseslərə bağlıdır. Bölgədə müvafiq yerləşmə vasitəsi olmazsa və ya hansısa digər infrastruktur çatışmazlığı olarsa, turizm agentliyinin həmin regiona tur-paket satması çətinləşir. Burada istisna hallar var. Bəzən yalnız təbiətə görə gedən insanlar da olur ki, onlar azlıq təşkil edir. Kütləvi turistlərin böyük qismi komfort axtarır, hər bir şəraiti olan yer görmək istəyir”.
Samir Dübəndinin sözlərinə görə, regionlarda turizm agentlikləri və bu agentliklərini formalaşdıran təsisatlar azdır: “Məsələn, bu gün region üçün hansısa tur satılırsa, ora Bakıdan bələdçi, sürücü gedir ki, bu da qiymət artımına səbəb olur. Özəl turizm şirkətlərinin formalaşması çox önəmlidir. Yerli əhali öz yaşadığı ərazini daha yaxşı tanıyır, həmin məkan üçün daha çox ürəyi yanır. Orada iş yeri tapsa və bizneslə məşğul olsa, onun üçün daha rahat olar. Bu, həm də regionların sosial-iqtisadi inkişafına təkan verən məsələdir. Çünki bu, təkcə turizm agentlikləri ilə bitmir, nəqliyyat şirkətləri, burada bələdçilik xidmətləri göstərən ekskursiya büroları və ya sərbəst işləyən bələdçilər formalaşa bilər. Hələ ki, bu prosesin zəif inkişafı müşahidə olunur. Bir sıra regionda beynəlxalq status daşıyan hava limanları var. Onların potensialından tam istifadə edə bilməmişik. Bunları biz daha səmərəli istismar etsək, həmin aeroportlar vasitəsilə xaricdən birbaşa reyslər açılsa, ora birbaşa turistləri gətirə bilərik”.
Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkədə turistlərin gecələmələrinin 11,1 faizi işğal altında qalmış ərazilərin payına düşüb.
“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən, ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - məlumatda qeyd olunub.
Akqabay Mıradov
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi