Bakı Tikiş Evinin önündə İZDİHAM: “Qərar gec verildi...” - FOTO
Bizi izləyin

Sosial

Bakı Tikiş Evinin önündə İZDİHAM: “Qərar gec verildi...” - FOTO

Bu gün Bakı Tikiş Evinin (BTE) qarşısında insan izdihamı yaşanıb. Məktəblərin açılmasına sayılı günlər qalması və valideynlərin yeni məktəbli formalarını ala bilməməsi onları hərəkətə gətirib.

Görüntülərdən aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb. Elm və Təhsil Nazirliyi şagirdlərin yeni məktəbli formalarını geyinməsinin bu il məcburi olmadığını açıqlasa da, valideynlər müəllim və direktorların şagirdlərdən yeni formaları geyinməyi təkidlə tələb etdiyini, əks təqdirdə onları məkətəbə buraxmayacaqlarını bildirirlər.

Məsələ ilə bağlı Publika.az-a danışan “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov vurğulayıb ki, yeni məktəbli formalarına tələbat çoxdur. Onun sözlərinə görə, qərarın çox gec verilməsi isə bu cür izdihama səbəb olub:

“Mart ayında qərarın təsdiq olunduğu deyildi, amma bizə sifariş verən olmadı. 4 rəng idi, onların hamısını çatdırmaq mümkün deyil. Geyimlər gərək 45 gün əvvəldən sifariş olunsun. Biz 100 faiz ödəmə ilə ödəniş etdik, parçalar sifariş edildikdən 45 gün sonra gəldi. İyun ayından isə istehsala başladıq. İndiyədək 25 minə yaxın dəst istehsal etmişik. Şalvar və ətəklərdə heç bir problem yoxdur, hamısı satışda var. Gücləndirilmiş iş rejimində çalışırıq. Dünən bazar günü olsa da sexlər işləyirdi. Bir fabrikin bu qədər qısa müddət ərzində bütün respublikanın şagirdlərini geyindirməsi real görünmür. Bizə əvvəl hansı rəngin tikiləcəyi də bildirilməmişdi, özümüz 2 rəngi hazırladıq”.

E.Əzimov qeyd edib ki, parçaların xarici ölkələrdən gətirilməsi zaman alır və buna görə də sifarişi vaxtında hazırlamaq mümkün olmur:

“Çatışmazlıq daha çox polo köynəklərlə bağlıdır. Çünki parçaları ölkəyə gec gəlib çatır. Belarus və Türkiyədən şalvar və ətəklərin parçasını almışıq, ağ və mavi rəngli polo köynəklərin parçaları çətinliklə gəlir, Özbəkistandan Qazaxıstana, oradan isə Həştərxana və Şimal keçiddən Azərbaycana daxil olur. Sərhəddə sıxıntı var, avtomobillər çoxdur. Ancaq buna baxmayaraq, hər gün sexlərdən formalar çıxır və onları satışa veririk. “Bravo” mağazlarına iki dəfə mal vermişik. Bir dəfə 4 min ədəd, 3 gün əvvəl də 3 min ədəd verdik. Onlar da satışa çıxaracaq. Biz düşündük ki, o mağazalar bizə satışda daha çox kömək edəcəklər. Çünki şəhərin hər yerində var. BTE-nin mağazları isə səhər 9-dan axşam 18:00-a qədər işləyir”.

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir.

“Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində müəyyən sosial bərabərsizliklərin aradan qaldırılmasına, davranış dəyişikliklərinə də öz təsirini göstərəcək”, - deyə nazir bildirmişdi.

Akqabay Mıardov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm