Sosial
Marketlər vaxtı ötmüş məhsulları alıcılara necə sırıyır? - ARAŞDIRMA
İstifadə müddəti bitmiş məhsulların satışı daha çox məhəlləarası marketlərdə müşahidə olunsa da, artıq iri supermarketlərdə də belə hallara rast gəlinir. Xüsusilə istifadəyə yararsız, tərkibində insan orqanizmi üçün zərərli maddələr olan, yararlılıq müddəti başa çatmış bəzi ət və süd məhsulları satışdan çıxarılmır. Və ya istifadə müddəti başa çatan malların üzərindəki tarix dəyişdirilərək yenidən piştaxtalara düzülür.
Misal üçün, ötən gün “Araz” marketlər şəbəkəsində köhnə ərzaq məhsullarının satılması ilə bağlı xəbər vermişdik. “Araz”ın paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən şöbəsində 26.09.2022-ci il istehsalı olan və istifadə tarixi 8 oktyabrda bitən “Fresh” kəsmiyi hələ də satışda saxlanılıb.
Bəs marketlərdə vaxtı keçmiş məhsullara niyə nəzarət olunmur?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov Publika.az-a bildirib ki, bu məsələlər həll edilməmiş qalır və təəssüf ki, vaxtı keçmiş və ya etiketi dəyişdirilən məhsullar mağazalarda bu gün də satılır:
“Keyfiyyət məsələsi ortalıqda qalıb, istehlakçıların hüquqları pozulur, zəhərlənmələr olur. Bu kimi halların mövcudluğunun səbəbini qanunlarda axtarmaq lazımdır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq görərik ki, orada keyfiyyət məsələsi yoxdur, yalnız qidanın təhlükəsizliyi təmin olunur. Təhlükəsiz qida isə keyfiyyətsiz də ola bilər. Üstəlik, yararlılıq müddəti keçmiş məhsulların məhv edilməsi prosesi qənaətbəxş deyil. Azad İstehlakçılar Birliyinə edilən şikayətlərdə yararlılıq müddəti bitməmiş, lakin kiflənmiş və yararsız məhsullara rast gəlirik”.
AİB sədri təklif edir ki, yararlılıq müddəti bitmiş məhsullar birbaşa mağazadan məhvetmə poliqonuna getməlidir: “İki ay bundan öncə istehsalçı şirkətin təşəbbüsü ilə tək bir firmanın yüz tona qədər istifadə müddəti bitmiş məhsulu Sumqayıt poliqonunda məhv edildi. Ancaq onlarla şirkət bu təşəbbüsə qoşulmur. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi prosesi sadələşdirilməli, onlar birbaşa poliqona getməlidir. AQTA-ya da əlavə səlahiyyət verilməlidir. Hazırda istehlakçının hansısa dövlət orqanına vaxtı keçmiş məhsulla bağlı məlumat verərkən həmin qurumun cəld müdaxilə etmə mexanizmi yoxdur. Hətta AQTA belə tez bir zamanda orda gəlib yoxlama apara bilməz. Prosedur bir həftəyə qədər çəkir. Ona görə də yoxlama prosesinin sadələşdirilməsinə ehtiyac var”.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, mağazaların bir çoxu yararlılıq müddəti başa çatan məhsulları bilərəkdən satışdan çıxarmır:
“Belə hallar mağazalarla yanaşı, həm də ictimai-iaşə müəssisələrində olur. Ərzaq məhsullarını qəbul edən müəssisələr ilk olaraq onun istifadə tarixinə baxmalıdır. Eyni zamanda məhsulu nəzarətdə saxlamalıdır. Bu, həm də vicdan işidir. Mağazalarda vaxtı keçmiş məhsulun satılması istehlakçıların aldadılmasıdır. Özləri bilərəkdən həmin məhsulları satışdan çıxarmırlar. Burada pul tələsi var. Ya etiketini dəyişirlər, ya da elə olduğu kimi saxlayırlar. Bu, bir şox hallarda insan orqanizmində fəsadlar yaradır və zəhərlənməyə səbəb olur”.
A.Salamovun sözlərinə görə, mağazalar bu məqsədlə üzdəniraq marketinq hiylələrindən istifadə edir. O, buna görə istehlakçıları diqqətlə olmağa çağırıb:
“İstehlakçılar aldıqları məhsulun etiketini oxumağı bacarmalıdır. Hazırkı etiketlərə gərək böyüdücü ilə baxasan ki, nə yazıldığını görə biləsən. Bəzən heç məhsulun üzərində tarixi tapmaq olmur. Özüm neçə dəfə şahidi olmuşam ki, “saxlama müddəti üzərində qeyd olunub” yazılsa da, tarixi tapa bilməmişəm. Ya oxunmur, ya da silinmiş vəziyyətdədir. Bəzən oxunanlar belə vaxtı keçmiş olur. İstehlakçılar pozulmuş tarix qeydini görürürsə, istifadə müddəti oxunmursa, həmin məhsulu almasınlar. Məsələnin həlli market sahiblərinin vicdanına qalır. Ən vacibi nəzarət gücləndirilməlidir. Mağaza sahibləri nəzərə almalıdırlar ki, oradan pul qazanırlar və onlara bu pulu qazandıran istehlakçıdır. Buna görə də onların hüquqları qorunmalıdır”.
Ekspert yararlılıq müddəti bitmiş məhsulların satışının həmin mağazanın imicinə zərbə olduğunu da bildirib: “Xüsusi riskli məhsullar – süd, kərə yağı, ət, toyuq, balıq və digər məhsullar mütəmadi yoxlanmalıdır. Özləri də azı həftədə bir dəfə müəssisələrində reyd aparmalıdır. Amma görünən odur ki, ancaq öz ciblərini güdürlər və vaxtı keçmiş məhsulu satıb pul qazanmaq istəyirlər. Bu isə düzgün deyil. Belə hallar həm də sahibkarların imicinə zərbədir.
Məsələn, “Araz” market vaxtı keçmiş süd məhsulunu satışdan çıxarmırsa, bu, onun imicinə xələl gətirir. Mən dəfələrlə “Araz”da çarpaz çirklənmənin şahidi olmuşam. Balığı ətin yanına qoyurlar, onun suyu da axıb ətin altına gedir. Buna görə onlara irad bildirmişəm. Marketlərdə son zamanlar ürəkbulandıran şeylər olur ki, bu da onların ziyanınadır".
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, istifadə müddəti bitmiş məhsullar qida dəyərini itirmiş hesab olunur və insan sağlamlığı üçün zərərlidir:
“Bir çox məhsulun üzərində sadəcə son istifadə müddəti yazılır. Amma bəzi xaricdən idxal olunan məhsulların üzərində son istifadə ilə yanaşı, “best before and use-by dates” kimi qeyd də yazılır. Yəni həmin məhsulu o tarixə qədər istehlak etmək daha sağlam və məqsədəuyğundur. Amma vaxtı keçibsə, həmin məhsul qida dəyərini itirmiş sayılır. Digər tərəfdən, üzərində məhsulun son istifadə tarixi yazılsa belə, daşınmada və saxlanılmada qida təhlükəsizliyi zəncirinin bütün qaldalarına riayət olunmalıdır. Məsələn, ət və süd məhsullarını müəyyən temperaturda saxlamadıqda, onun xarab olduğunu görürük. Amma quru məhsullar düzgün şəkildə saxlanmadıqda, onun yararsız olduğu bilinmir. Buna görə də həmin məhsulları alarkən mütləq şəkildə həm istehsal tarixinə, həm də xarici görünüşünə baxmaq lazımdır.
Əgər məhsul qablaşdırılıbsa, istifadə tarixini göstərən etiket onun üzərinə vurulmalıdır. Dəmir bankalarda konservləşdirilmiş qidaların üzərinə yararlılıq müddəti kağız etiketlərlə yapışdırılırsa, bu, artıq qida hiyləsidir. Dərhal hiss olunur ki, vaxtı keçib və yenidən paketlənib. Xüsusilə kiçik marketlərdə məhsullar heç bir prinsip gözlənilmədən saxlanır ki, bu da çox təhlükəlidir. Yəni istehlak müddəti qalsa belə, o məhsul yararsız hesab olunur”.
Qeyd edək ki, “Yeyinti məhsulları haqqında” Qanunda yararlılıq vaxtı ötmüş ərzaq mallarının satışı qadağan edilib. Qanunvericiliyin pozulmasında təqsirkar olan subyektlər yararlılıq müddəti qurtarmış, habelə zərərsizləşdirilməsi və ya məhv edilməsi, təkrar emala yönəldilməsi və heyvanlara yemləndirilməsi barədə qərar qəbul edilmiş yeyinti məhsullarını satışa çıxartdıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar