Azərbaycanda işsiz qadınların sayı artıb - Səbəbi bir deyil, iki deyil
Bizi izləyin

Sosial

Azərbaycanda işsiz qadınların sayı artıb - Səbəbi bir deyil, iki deyil

Dövlət Statistika Komitəsinin 1 yanvar 2022-ci il üzrə açıqladığı statistikada bildirilir ki, Azərbaycanda işsiz əhalinin 58 faizini qadınlar təşkil edir. Bu da qadın işsizlərin pandemiyadan öncə qeydə alınmış statistik göstəricisindən xeyli yuxarıdır. Məlumata görə, 2022-ci ilin əvvəlində Azərbaycanda 315.7 min şəxs işsiz olub. Bunun 182.1 minini qadınlar və 133.6 minini isə kişilər təşkil edib. Bir il öncə isə Azərbaycanda 375.9 min işsizdən 216 minini qadınlar təşkil edib.

Statistikaya görə, Azərbaycanda pandemiyadan bu tərəfə işsizlik səviyyəsi kişilərdə 22.2% artdığı halda, qadınlarda 23.1% artıb.

Azərbaycanda işsiz əhalinin böyük faizini qadınların təşkil etməsinə hansı faktorlar təsir göstərir?

"Statistika əmək müqaviləsi ilə işləyənləri əhatə edir"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Publika.az-a qadınlar üzrə işsizlik səviyyəsinin artım səbəblərini açıqlayıb.

O qeyd edib ki, Dövlət Statistika Komitəsinin bütün məlumatları formal əmək bazarına hesablanıb və yalnız əmək müqaviləsi ilə işləyənləri əhatə edir:

“Bu da ümumi ölkə üzrə işləyənlərin üçdə biri deməkdir. 1 milyon 700 min əmək müqaviləli işçi var. Təhlilləri də, Statistika Komitəsi bunun üzərində aparır. Amma ümumi məşğul əhalinin sayı 5 milyona yaxındır. Əvvəla, bu statistikanın özü tam doğru deyil. Əslində, onları da qınamıram, çünki daxil olan rəqəmlər əsasında statistika təqdim edirlər”.

S.Məmmədov qeyd edib ki, qadınların əmək bazarında əsas təmsilçiliyi büdcə təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət sahələrindədir:

“Qadınlar əsas dövlət sektorunda əmək müqaviləsi ilə təmsil olunublar. Azalmanı isə tək pandemiya ilə əlaqələndirmək olmaz. Çünki pandemiya dövründə formal əmək bazarında, demək olar ki, itkilər olmayıb. Gizli iqtisadiyyat və s. kimi qeyri-formal sektorda isə itkilər oldu”.

"Qadınlar qeyri-rəsmi şəkildə ən çox aqrar sektorda çalışır"

Ekspert bildirib ki, bu gün qadınların böyük əksəriyyəti qeyri-rəsmi olaraq aqrar sektorda çalışır. Onun da statistikası yoxdur. Buna görə də, Statistika Komitəsinin rəqəmlərini şübhə altına almıram. Çünki statistika sistemə baxılaraq hesablanır. Orada da ölkə üzrə nə qədər qadının və ya kişinin rəsmi çalışdığı göstərilir. Bunu hesablayıb balansı çıxartdıqda, qadınlar arasında azalmanın olduğu məlum olur. Amma onun səbəbi kimi pandemiyanı əsas götürmək doğru deyil. COVID-19 işsizlikdə əsas faktor ola bilməz”.

S.Məmmədov ölkədə 1 milyon 200 mindən çox əmək qabiliyyəti yaşında olan insanların olduğuna diqqət çəkib. Onun sözlərinə görə, həmin kateqoriyanı qeyri-fəal əhali qrupuna aid edirlər:

“Əslində, bu, səhv yanaşmadır. Misal üçün, kənd yerlərində qadınların əksəriyyəti işləmir. Onlar qeyri-fəal əhali sayılır. Halbuki orada zavod və fabriklər, yeni iş yerləri açsalar, hamısı işləyəcək. Buna görə də, fikirlə də razılaşmıram. Əlbəttə, əmək bazarında kişilərə nisbətən qadınların sayı nisbi götürdükdə, bir neçə faiz çoxdur. Amma bir neçə ildən sonra bu nisbət dəyişəcək.

Burada ikinci faktor odur ki, kişilər 65 yaşından, qadınlar isə 63 yaşından pensiyaya çıxırlar. Hətta buna baxmayaraq, iqtisadi fəal qadınların sayı kişilərdən çoxdur. Bu faktor sözügedən məsələdə az əhəmiyyət kəsb edir. Arada bir neçə faiz məsələsi var”.

İşsiz qadınların sayının çoxalmasının ÜÇ SƏBƏBİ

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri, hüquq müdafiəçisi Səadət Bənənyarlı işsiz qadınların sayının əvvəlki illərdə qeydə alınmış rəqəmlərdən xeyli yuxarı olmasının bir neçə səbəbinin olduğunu söyləyib:

"Təəssüf ki, xanımlarımızın heç də hamısı normal ixtisasa sahib deyil. Bunun da əsas səbəbi erkən nikahlarla bağlıdır. Yeniyetmə yaşlarında evləndirilən xanımlarımızın isə böyük əksəriyyətinin heç bir sənəti yoxdur.

Digər bir səbəb isə ixtisaslarla bağlıdır. Elə ixtisas var ki, daha çox kişilərə aiddir. Bu amil də həmin sahənin işçi qüvvəsində böyük rol oynayır. Daha çox fiziki əmək tələb olunan sahələrdə, eyni zamanda orduda və s. yerlərdə çalışanların böyük əksəriyyəti kişilərdir.

Üçüncü səbəb isə mentalitetlə bağlıdır. Ailədə ən böyük yük qadının üzərinə düşür. Ailə daxilində uşaqların məktəb məsələləri, evin idarə olunması və digər işlərin qadınlar tərəfindən icra edilməsi və kişilərlə bölüşdürülməməsi onun digər işlə məşğul olmasında çətinliklər yaradır. Əslində, müəyyən təhsili olan qadınların işlə təmin olunması asan olur. Həmçinin, hansısa bir kursu bitirən xanımlar da işləyə, sahibkarlıqla məşğul ola bilirlər. Amma təəssüf ki, əksəriyyəti bu işlərdə iştirak etmir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm