“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO
Bizi izləyin

Sosial

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında təşkil edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, FHN-in müvafiq strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Akademiyanın Muzeyi ilə tanışlıq olub.

Daha sonra tədbir iştirakçıları “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi ilə tanış olublar.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 10-da start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 503 rəsm, 95 plakat, 397 əl işi, 131 yanğın və qəza-xilasetmə texnikasının modeli və 101 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 33 nəfər birinci, 31 nəfər ikinci, 47 nəfər üçüncü yerə, 57 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Sərgi ilə tanışlıqdan sonra FHN Akademiyasının akt zalında mükafatların təqdimetmə mərasimi keçirilib.

Dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi və ərazi bütovlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov cəmiyyətimizin gələcəyi olan uşaqlara ulu öndər Heydər Əliyevin daim böyük məhəbbət hissləri, diqqət və qayğı ilə yanaşdığını qeyd edib, Ümummilli Liderin Azərbaycanda mütərəqqi dövlət uşaq siyasətinin əsasını qoyduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uşaqların hərtərəfli inkişafı, təhlükəsiz mühitdə yaşaması, fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyümələri üçün bütün zəruri tədbirlər həyata keçirilir. K.Heydərov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunan uşaqların sağlamlığının qorunmasının, təlim-tərbiyəsinin, təhsilinin diqqət mərkəzində saxlanıldığını bildirib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında saxlanılan dədə-baba torpaqlarımızın 44 gün ərazində azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu qürur mənbəyinə görə, nazir Fövqəladə Hallar Nazirliyinin kollektivi və tədbir iştirakçıları adından dövlət başçısına təşəkkür edib.

Sözünə davam edən K.Heydərov Fövqəladə Hallar Nazirliyi tərəfindən uşaq təhlükəsizliyi məsələsinə hər zaman xüsusi diqqət yetirildiyini bildirib, bu kontekstdə artıq ənənə halını alan “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətinə toxunub. Məktəblilərin böyük həvəs və sevinclə qoşulduğu bu müsabiqə şübhəsiz ki, uşaqların gələcəkdə peşə seçimi zamanı müasir təhsil ocağı olan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almağa üstünlük verməkdə, fövqəladə hallarla mübarizə üzrə bir mütəxəssis kimi yetişməkdə onlara əlavə stimul olacaqdır.

Nazir müsabiqə qaliblərini qalib ölkənin vətəndaşları kimi əldə etdikləri yüksək nəticələrə görə təbrik edərək, onlara təhsil və yaradıcılıq uğurları arzulayıb.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Mükafatları fövqəladə hallar naziri Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva və digər şəxslər təqdim ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm