Sosial
Qurbanı yox, cinayətkarı qoruyan cəmiyyət təhlükəlidir - HƏYƏCAN TƏBİLİ

Sabirabad rayonunda 64 yaşlı kişinin azyaşlı uşağa qarşı seksual xarakterli zorakılıq törətməsi cəmiyyətdə ciddi rezonansa səbəb olub. Hadisə ictimaiyyət tərəfindən geniş müzakirə olunub və hüquq-mühafizə orqanları həmin şəxs barəsində müvafiq tədbirlər görüb.
Lakin bu dəhşətli hadisənin narahatedici tərəfi sosial şəbəkələrdə bəzi istifadəçilərin sərgilədiyi reaksiyalar olub. Onlar hadisədə azyaşlını günahlandırıb, hətta uşağın həmin şəxsi təhrik etdiyini və bu sahədə “peşəkar” olduğunu iddia ediblər. Belə cəfəng və təhlükəli fikirlər cəmiyyətin mənəvi sağlamlığı üçün ciddi risk yaradır.
Belə düşüncə sahibləri ilə necə mübarizə aparmaq olar? Pedofillik meyilləri olan şəxsləri cəmiyyətdə necə tanıya bilərik? Uşaqları onlardan necə qoruyaq? Maarifləndirmə hansı yaşdan və necə başlamalıdır?
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov pedofiliyanın təkcə psixoloji deyil, həm də cəmiyyət üçün ciddi problem olduğunu bildirdi:
“Pedofiliya uşaqlara qarşı cinsi istək hiss edən insanlarda rast gəlinən psixi pozuntudur. Təkcə bu istəklərin olması deyil, uşağa zərər verəcək şəkildə davranmaq da bu xəstəliyin təhlükəli olduğunu göstərir. Belə insanlar uşaqlar üçün ciddi risk yaradır və cəmiyyətin müdaxiləsi vacibdir. Pedofillik meyilli şəxslər adətən azyaşlılarla daha çox vaxt keçirməyə üstünlük verirlər. Onlar uşaqlara davamlı şəkildə hədiyyələr verir, xüsusi diqqət və qayğı göstərərək yaxınlıq qurmağa çalışırlar. Ailələrlə münasibət quraraq etibar qazanar və uşaqla tək qalmaq üçün fürsət axtarırlar. Bəzən uşağın şəxsi sərhədlərini pozaraq ona toxunur, qucaqlayır və bunu dostcasına göstərməyə çalışırlar. Bu şəxslər ailənin böyük üzvləri ilə yaxınlıq quraraq özlərini köməkçi, etibarlı insan kimi təqdim edirlər. Onların məqsədi həm uşaqla, həm də ailə ilə emosional bağ qurmaq, nəzarətsiz şərait yaratmaqdır. Psixoloji baxımdan isə bu şəxslərdə empatiya hissi zəif olur. Onlar tez-tez manipulyativ davranır, diqqəti özlərinə yönəltməyi sevirlər və narsistik meyillər nümayiş etdirirlər. Bəzi hallarda uşaqlıqda yaşadıqları travmaları təkrarlamaq istəyi müşahidə oluna bilər. Həmçinin cinsi sərhədləri anlamamaq, münasibətlərdə nəzakət və məsafə hissini itirmək də onların davranışlarında özünü göstərir”.
R.Nəcəfovun sözlərinə görə, cəmiyyətin az danışdığı, lakin ən təhlükəli məqam ondan ibarətdir ki, pedofil zorakılığı həmişə yad insanlar tərəfindən törədilmir:
“Bəzən uşaq üçün təhlükə elə ailənin içindən gəlir. Ata, əmi, dayı, baba və ya böyük qardaş kimi etibar edilən şəxslər belə hallarda zorakılıq törədənə çevrilə bilər. Belə bir vəziyyətdə uşaq həm fiziki, həm də emosional baxımdan çıxılmaz bir duruma düşür. Bir tərəfdə ona zərər verən, digər tərəfdə isə onu qorumağa borclu olan eyni insan dayanır. Bu, uşağın düşüncəsində sevgi ilə təhlükə arasındakı sərhədləri bulanıqlaşdırır və daha dərin, mürəkkəb psixoloji travmaların yaranmasına səbəb olur. Ailədaxili zorakılıq halları çox zaman utanma, qorxma və ailə adının ləkələnməsindən çəkinmə səbəbi ilə gizli qalır. Cəmiyyət və hüquq-mühafizə orqanları bu həssas məsələdə səssiz qalmamalı, uşağın təhlükəsizliyini hər cür qohumluq münasibətindən üstün tutmalıdır. Belə hallara qarşı susmaq, zorakılığa dolayısı ilə ortaq olmaq deməkdir”.
Bu hallar fərdi pozuntularla yanaşı, cəmiyyətin məsuliyyətsizliyini ortaya qoyur
Sosial şəbəkələrdə pedofiliya qurbanı olmuş uşaqların davranışlarına görə günahlandırılması hallarına toxunan psixoloq bu yanaşmanı qəti şəkildə qəbul etmədiyini qeyd etdi:
“Bəzi sosial media istifadəçilərinin pedofiliyanın qurbanı olmuş uşağı günahlandıraraq təcavüzkara haqq qazandırmağa çalışması ciddi narahatlıq doğurur. Bu cür yanaşma psixologiyada “qurbanı günahlandırma” kimi tanınır və zorakılığın cəmiyyətdə normallaşmasına, cinayətkarın cəzasız qalmasına zəmin yaradır. Belə davranış təkcə etik baxımdan deyil, həm də psixoloji və hüquqi baxımdan təhlükəlidir. Bu reaksiyaların kökündə əsasən insan psixikasının travmatik hadisələr qarşısında tətbiq etdiyi müdafiə mexanizmləri dayanır. İnsanlar belə hallarla qarşılaşdıqda daxili narahatlığı azaltmaq üçün hadisənin ağırlığını inkar edir, ya da məsuliyyəti qurbanın üzərinə yönəldir. Bu, onları həm psixoloji yükdən azad edir, həm də özlərini və yaxınlarını belə risklərdən “uzaq” hiss etdirir. Ancaq bu yanaşma reallığı təhrif edir və zorakılığın qarşısını almaq əvəzinə onu pərdələyir”.
Psixoloq hesab edir ki, bu halların kökündə həm də cəmiyyətdə cinsəllik mövzusunda maariflənmənin olmaması, patriarxal düşüncənin yayılması və seksual zorakılığın tabu kimi qarşılanması dayanır:
“Bu vəziyyət zorakılıqla bağlı anlayışın dərinliyinə varmadan, stereotiplərlə davranmağa gətirib çıxarır. Bəzi hallarda isə uşaqların qeyri-iradi şəkildə cinsi obyekt kimi təqdim olunması da problemin kökündə dayanır. Yaşına uyğun olmayan paltarlar geyindirilmələri, sosial şəbəkələrdə onların davranışlarının “şirinlik” adı ilə paylaşılması bəzi şəxslərdə təhrif olunmuş yanaşmaların formalaşmasına şərait yaradır. Bu hallar fərdi pozuntularla yanaşı, cəmiyyətin də bu mövzuda məsuliyyətsizliyini ortaya qoyur. Neqativ münasibət təkcə təcavüzkarı cəsarətləndirmir, eyni zamanda cəmiyyətin mənəvi və psixoloji zəifliyini üzə çıxarır. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, bu yanaşma uşaqların təhlükəsizliyini və rifahını daha da zəiflədir, zorakılığın qarşısını almaq əvəzinə, ona dolayısı ilə yol açır”.
Uşaqları necə qorumalıyıq?
R.Nəcəfovun fikrincə, pedofiliyanın qarşısını almağın ən əsas yolu erkən yaşdan başlayaraq maarifləndirmə işinin aparılmasıdır:
“Üç yaşından etibarən uşağa öz bədəni haqqında məlumat verilməlidir. Hər kəsin onun bədəninə toxuna bilməyəcəyi sadə və başa düşülən şəkildə izah olunmalıdır. Uşaq yaxşı toxunuşla pis toxunuşun fərqini anlamalı, istəmədiyi toxunuşlara qarşı “yox” deməyi bacarmalıdır. Valideynlər uşağın bu cür rədd cavabını cəzalandırmamalı, əksinə, onu təşviq etməlidirlər. Ailədə uşağın özünü güvənli hiss etməsi üçün psixoloji açıq münasibət olmalıdır. Uşaq bir məsələ ilə bağlı danışanda onun sözləri lağa qoyulmamalı və diqqətlə dinlənilməlidir. Uşaq hələ soruşmadan valideynlər ona bədən sərhədləri və seksual təhlükələrlə bağlı sadə şəkildə məlumat verməlidirlər. Təhsil mühitində də bu mövzuya diqqət yetirilməlidir. Məktəblərdə uşaqlara bədən sərhədləri, şəxsi məkan anlayışı və təhlükəli vəziyyətlərdə necə davranmalı olduqları öyrədilməlidir. Məktəbdə çalışan heyətin psixoloji vəziyyəti və uşaqlarla münasibəti mütəmadi şəkildə yoxlanmalıdır. Rəqəmsal mühitdə də uşaqların təhlükəsizliyi qorunmalıdır. Sosial mediada uşaqların şəkilləri paylaşılarkən diqqətli olmaq lazımdır. Onların yaşına uyğun olmayan proqramlardan, oyunlardan və platformalardan istifadə etməsinə icazə verilməməlidir. Valideynlər texnoloji vasitələrdə uşaq təhlükəsizliyi üçün nəzərdə tutulan nəzarət funksiyalarından istifadə etməlidirlər”.
Uşaq tək buraxılmamalıdır
Ekspert azyaşlı uşağa qarşı törədilən seksual xarakterli zorakılığın təkcə bir cinayət deyil, həm də insan şüurunun və mənəviyyatının dərin pozuntusu olduğunu bildirdi:
“Azyaşlı uşağa qarşı seksual xarakterli zorakılıq kimi halların özü təkcə bir cinayət deyil, eyni zamanda insan şüurunun və mənəviyyatının dərin deformasiyasıdır. Bu cür zorakılıq aktı uşağın psixikasında iz buraxır, onun gələcək həyatına, insanlara inamına və özünü dərk etməsinə ağır zərbə vurur. Burada söhbət təkcə fiziki zərərdən getmir, uşaq daxilən dağılır, travma ilə yaşamağa məcbur qalır. Bu cür hadisələrə hüquqi və mənəvi cəhətdən heç bir şəkildə haqq qazandırıla bilməz. Uşağın günahlandırılması təkcə vicdansızlıq deyil, həm də cinayətin ört-basdır edilməsinə xidmət edir. Cəmiyyətin bu mövzuda sərt və qəti mövqe sərgiləməsi vacibdir. Bu gün susanlar sabah eyni təhlükə ilə üzləşə bilər. Uşaqların təhlükəsizliyi hər bir fərdin və cəmiyyətin məsuliyyətidir. Təcavüzkarın deyil, qurbanın yanında olmaq insanlıq borcudur. Bu məsələdə yumşaqlığa, bəhanəyə və neytrallığa yer yoxdur. Azyaşlı uşağın seksual xarakterli zorakılığa məruz qalmasından sonra o, heç vaxt tək buraxılmamalıdır. Onun içində qopan sükut, qorxu və utanc yalnız psixoloji baxımdan düzgün yönləndirmə və mərhəmətli dəstək ilə sakitləşə bilər. Valideynlər, müəllimlər və cəmiyyət bu sükutu duymalı, uşağın yanında olmaqla ona yenidən inam və güvən hissini qaytarmalıdır”.
Gülnar Süleymanova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti üzrə hazırlanıb.


-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu