Əli Əsədov yeni qərarlar imzaladı
Bizi izləyin

Sosial

Əli Əsədov yeni qərarlar imzaladı

Bir sıra müəssisələrdə qida normaları təsdiqlənib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla "Tibb müəssisələrində şəxslərin orta sutkalıq qida normaları", "Təhsil müəssisələrində şəxslərin qida normaları", eləcə də "Sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları" təsdiq edilib.

Maliyyə Nazirliyi müvafiq müəssisələrin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etməlidir.

xxx

Nazirlər Kabineti "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 10 gün müddətində qaytarılır. Bundan başqa, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 10 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. İndiyə qədər həmin müddətlər 20 gün idi.

Bundan başqa, dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 4 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. İndiyə qədər həmin müddət 7 gün idi.

Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 3 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. İndiyə qədər həmin müddət 7 gün idi.

Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanı tərəfindən təqdim olunmuş rəylərin bir nüsxəsi 1 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilir. İndiyə qədər həmin müddət 2 gün idi.

xxx

Nazirlər Kabineti "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd Komitəyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydalarda nəzərdə tutulmuş müddətdə Komitəyə təqdim edilmədikdə, Komitə "Lisenziyalar və icazələr haqqında" qanunda göstərilmiş tədbirləri görülür.

xxx

Nazirlər Kabineti "Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İdarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydada nəzərdə tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm