“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi
Bizi izləyin

Sosial

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi

“Azercell Telekom” MMC, Meksika səfirliyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi qadınların rifahının yaxşılaşdırılması istiqamətində birgə addım atır.

25 noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Qadın Dəstək Xətti”nin ispan dilində hazırlanmış təlimatının təqdimatı baş tutub. Təşəbbüs “Azercell Telekom” MMC, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirə dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də diplomatik korpus və beynəlxalq qurumların nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıblar. Təqdimatda çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb:

“Dəstək Xətti qadınların sosial rifahının artırılmasına, çətin vəziyyətdə olan qadınlara operativ dəstəyin göstərilməsinə xidmət edən mühüm sosial layihədir. Məqsədimiz bu an, bu dəqiqə yardıma ehtiyacı olan qadınlara təxirəsalınmaz və peşəkar dəstəyin təmin edilməsidir. Təlimatın ispan dilində nəşri xidmətin əlçatanlığını artıraraq daha geniş auditoriyaya çıxış imkanı yaradır və layihənin təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.” Daha sonra Şirin Əliyeva qonaqları Azercell-in Qadınlara qarşı Zorakılıqla Mübarizə Gününə həsr olunmuş “Oflayn Qadınlar” (https://www.youtube.com/watch?v=waahCx8YfXE) sosial videoçarxını birlikdə izləməyə dəvət edib.

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero təmsil etdiyi ölkənin gender bərabərliyini təşviq edən çoxsaylı təşəbbüslərini qeyd edərək bu istiqamətdə milli və beynəlxalq səviyyədə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Səfir Viktoriya Romero sözügedən sahədə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu təlimat dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb. Məqsədimiz qadınların gücləndirilməsi, onların hüquqlarının qorunması və gender bərabərliyinin təşviq edilməsidir.”

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova isə öz növbəsində “Qadın Dəstək Xətti”nin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumatı təqdim edib. Qeyd edək ki, “Qadın Dəstək Xətti” 2022-ci ildən etibarən “Azercell Telekom” MMC-in təşəbbüsü və tərəfdaşlığı ilə fəaliyyət göstərərək bugünədək 11.300-dən artıq qadına dəstək olub. Dəstək Xətti “Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur. Xidmətin əsas məqsədi qadınlara operativ və kompleks psixososial yardım göstərmək, onların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm