Yeni ildən Gürcüstan qaydaları dəyişir - Bu ölkəyə gedən azərbaycanlılar nə etməlidir?
Bizi izləyin

Sosial

Yeni ildən Gürcüstan qaydaları dəyişir - Bu ölkəyə gedən azərbaycanlılar nə etməlidir?

Gürcüstan Milli Turizm Administrasiyası 1 yanvar tarixindən etibarən ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün etibarlı tibbi sığortanı məcburi edəcək. Sığorta qəzalar, xəsarətlər və qəfil xəstəliklər zamanı tibbi yardımı, eləcə də zəruri hallarda tibbi evakuasiyanı əhatə etməlidir.

Artıq Ermənistanın sığorta şirkətləri Gürcüstana səfər edənlər üçün xüsusi sığorta paketləri təqdim edirlər. Sözügedən sığortaların qiyməti şirkətdən və səfərin müddətindən asılı olaraq gündə 150-300 dram (təxminən 0.6-1.35 AZN) arasında dəyişir.

Belə olduqda Azərbaycanda sığorta sektorunun atdığı addımlar və vətəndaşlara təqdim etdiyi imkanlar da diqqət mərkəzinə düşür.

Maraqlıdır, Gürcüstanın tibbi sığortanı məcburi etməsi Azərbaycandan səfər edən vətəndaşlara necə təsir göstərəcək? Azərbaycan sığorta bazarı bu tələbə nə dərəcədə hazırdır? Gürcüstana yollanan şəxslər sığorta seçərkən hansı məqamlara xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev Publika.az-ın suallarını cavablandırdı. O bildirdi ki, Gürcüstanın tibbi sığortanı məcburi etməsi səfər edən şəxslərin təhlükəsizliyi baxımından mühüm addımdır:

“Gürcüstana səfər edən şəxslərdən ölkəyə daxil olduqları zaman tibbi sığortanın tələb olunması yaxın dövrlər üçün nəzərdə tutulur. Bu sığorta məhsulu sığorta olunan şəxslər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, səyahət zamanı Gürcüstanda gözlənilməz hallar, məsələn, qəfil xəstəlik, xəsarət və ya bədbəxt hadisə baş verdiyi təqdirdə tibbi xərclər sığorta təminatı çərçivəsində qarşılanacaq”.

Ekspertin sözlərinə görə, sığorta sənədi seçilərkən bir sıra texniki məqamlara diqqət yetirilməlidir:

“Azərbaycan vətəndaşları Gürcüstana səfər edərkən sığorta şəhadətnaməsi ilə bağlı diqqət etməli olduqları əsas məqamlardan biri sənədin dilidir. Sığorta müqaviləsinin beynəlxalq istifadə üçün uyğun olan, latın qrafikalı dildə tərtib edilməsi vacibdir. Bundan əlavə, sığortanın əhatə dairəsinə və təminat şərtlərinə xüsusi diqqət yetirilməlidir. Sığorta müddəti səfərin bütün dövrünü əhatə etməlidir. Məsələn, səfər müddəti 14 gün nəzərdə tutulubsa, sığorta müqaviləsi də eyni müddəti əhatə etməlidir. Əks halda, sığorta müddəti bitdikdən sonra baş verə biləcək hər hansı hadisə təminatdan kənarda qala bilər.

Sığorta haqlarına gəldikdə isə bu məbləğin təxminən 90 sent (1.53 AZN) civarında olacağı gözlənilir ki, bu da məhsulun kifayət qədər əlçatan olduğunu göstərir. Gürcüstanın tibbi sığortanı məcburi etməsi Azərbaycandan səfər edən vətəndaşlar üçün müsbət təsirə malikdir. Bu, bir tərəfdən xarici ölkədə baş verə biləcək gözlənilməz hallar zamanı şəxslərin əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısını alacaq, digər tərəfdən isə regionda bu tip sığorta məhsullarının populyarlaşmasına təkan verəcək”.

Emin Allahverdiyev onu da əlavə etdi ki, bu təcrübə Azərbaycan sığorta bazarı üçün də mühüm perspektivlər yaradır:

“Bu praktika gələcəkdə Azərbaycanda da oxşar sığorta məhsullarının tətbiqi üçün zəmin yarada bilər. Bu isə vətəndaşların tibbi sığortanın mahiyyətini və effektivliyini daha yaxından görməsi baxımından mühüm imkan hesab olunur”.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm