Boşanmış valideynlərin nəzərinə: Tələbələrə aliment ödənilməsi hansı şərtlərlə mümkün olacaq?
Bizi izləyin

Sosial

Boşanmış valideynlərin nəzərinə: Tələbələrə aliment ödənilməsi hansı şərtlərlə mümkün olacaq?

Boşanmış valideynlərin nəzərinə: Tələbələrə aliment ödənilməsi hansı şərtlərlə mümkün olacaq?

Milli Məclisdə nikahın pozulmasından sonra övladların maddi təminatı ilə bağlı yeni təklif irəli sürülüb. Təklifə əsasən, ali təhsil alan övladlara görə aliment ödənişinin müddətinin 18 yaşdan 23 yaşadək uzadılması nəzərdə tutulur.

Məsələ parlamentin bugünkü plenar iclasında deputat Məlahət İbrahimqızı tərəfindən gündəmə gətirilib. Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, ailə başçısını itirmiş uşaqlara 18 yaşınadək, əyani təhsil aldıqları halda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət ödənilir. Lakin valideynlərin nikahı pozulduqda aliment ödənişi 18 yaşda dayandırılır. Onun fikrincə, ali məktəbdə təhsil alan gənclərin əlavə maddi dəstəyə ehtiyacı nəzərə alınaraq alimentin ödənilmə müddətinin artırılması məqsədəuyğundur.

Bəs aliment ödənişinin müddətinin artırılması hüquqi baxımdan necə tənzimlənə bilər? Təklifin reallaşması üçün ailə qanunvericiliyində hansı dəyişikliklərə ehtiyac var və bu, valideynlərin üzərinə hansı öhdəlikləri qoyacaq?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran hüquqşünas Elnur Məmmədov bildirdi ki, ali təhsil alan övladlara görə aliment ödənişinin 18 yaşdan 23 yaşadək uzadılması ilə bağlı Milli Məclisdə səsləndirilən təklif hüquqi və sosial baxımdan aktual məsələdir:

“Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment öhdəliyi, bir qayda olaraq, övladın 18 yaşına çatması ilə başa çatır. Övladın ali təhsil müəssisəsində təhsil alması isə özlüyündə aliment hüququnun davam etməsi üçün hüquqi əsas hesab edilmir. Yalnız qanunvericilikdə nəzərdə tutulan əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkin övladlarla bağlı istisnalar mövcuddur”.

Mütəxəssis qeyd etdi ki, ali təhsil alan övladlar üçün aliment ödənişinin 23 yaşadək uzadılması Ailə Məcəlləsinə dəyişiklik edilməklə mümkün ola bilər:

“Hesab edirəm ki, aliment ödənişinin ali təhsil alan övladlar üçün 23 yaşadək uzadılması qanunvericilik baxımından mümkündür. Bunun üçün Ailə Məcəlləsinə müvafiq dəyişiklik edilməli və yeni hüquqi mexanizm formalaşdırılmalıdır.

Belə bir dəyişiklik qəbul olunarsa, valideynlərin övladları qarşısında maddi məsuliyyəti 18 yaşla məhdudlaşmayacaq. Qanunda müəyyən ediləcək şərtlər daxilində bu öhdəlik 23 yaşadək davam edə biləcək. Bu, xüsusilə valideynləri boşanmış və təhsil müddətində maddi təminata ehtiyacı olan gənclərin sosial müdafiəsi baxımından əhəmiyyətli addım olardı”.

Ekspertin sözlərinə görə, aliment öhdəliyinin uzadılması zamanı valideynlərin maddi vəziyyəti, ailə öhdəlikləri və tələbənin təhsil forması nəzərə alınmalıdır:

“Lakin burada bir mühüm məqam nəzərə alınmalıdır. Aliment öhdəliyinin uzadılması valideynlərin hüquq və mənafelərinin pozulması hesabına həyata keçirilməməlidir. Qanunvericilikdə tələbənin əyani və ya qiyabi təhsil alması, maddi ehtiyacı, valideynlərin gəlirləri, ailə vəziyyəti və digər himayə öhdəlikləri nəzərə alınmalıdır. Eyni zamanda, alimentin məbləği və ödənilmə qaydası da dəqiq müəyyənləşdirilməlidir”.

O, aliment öhdəliyinin uzadılmasının həm gənclərin sosial müdafiəsinə, həm də valideynlərin hüquqlarına uyğun şəkildə tənzimlənməsinin vacibliyini vurğulayıb:

“Mənim hüquqi mövqeyim ondan ibarətdir ki, bu təşəbbüsün reallaşdırılması mümkündür və sosial ədalət baxımından müsbət qiymətləndirilə bilər. Ancaq alimentin 23 yaşadək avtomatik və şərtsiz uzadılması deyil, konkret meyarlar əsasında tətbiqi daha məqsədəuyğun olardı.

Əsas məqsəd valideynlərin üzərinə qeyri-məhdud maliyyə yükü qoymaq deyil, ali təhsil alan gənclərin sosial müdafiəsini təmin etməklə valideynlərin hüquq və vəzifələri arasında ədalətli balans yaratmaqdır”.

Zümrüd Abidqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm